Onlayn ictimai-siyasi qəzet
“Valideynlər məhkəmə qarşısında xüsusi ittiham qaydasında məsələ qaldıra bilərlər ki, o uşaqların valideynləri cinayət məsuliyyətinə cəlb olunsun”.
Bunu Musavat.com-a vəkil Əsabəli Mustafayev Bakıda 156 saylı məktəbdə baş verən hadisə ilə bağlı fikir bildirərkən deyib.
“Əgər orada xəsarət yetirmə varsa, o iş ya cinayət, ya da inzibati xəta ilə aparıla bilər. O uşaqlar 14 yaşından yuxarıdırsa, bir çox cinayət əməllərinə görə cavabdehdirlər. Azyaşlılar üçün isə bizdə təlim-tərbiyə mərkəzləri var. Adından da göründüyü kimi, cəza müəssisəsi sayılmır. Yəni cinayət əməli törədiblər, ancaq məsuliyyətə cəlb olunmağa yaşları çatmır. Bu müəssisəyə çətin tərbiyə olunan, hüquq pozuntusuna yol vermiş uşaqlar cəlb olunur. Bu məsələ inzibati xəta ilə də rəsmiləşdirilə bilər. Uşaqların özləri də olmasa, valideynləri məsuliyyət daşıyacaqlar”, - vəkil bildirib.
O əlavə edib ki, adətən təcrübədə valideynlər həbs olunmur, ancaq cərimələr olur:
“Nəzərə alsaq ki, olay KİV-də yayılıb, burada həm mənəvi zərər, həm də cərimə ola bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı uşağın valideynləri məsələ qaldıra bilər. Burada mən daha çox uşağın təhqir olunduğunu görürəm, onun şərəf və ləyaqətinin alçaldılmasından söhbət gedir. Cinayət Məcəlləsində xüsusi ittiham qaydasında baxıla bilər. Valideynlər məhkəmə qarşısında xüsusi ittiham qaydasında məsələ qaldıra bilərlər ki, o uşaqların valideynləri cinayət məsuliyyətinə cəlb olunsun. Orada cərimə də nəzərdə tutulur, yaxud da uşaqların yaşı çatmırsa, onları təlim-tərbiyə mərkəzlərinə göndərə bilərlər”.
Qeyd edək ki, 156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ