Onlayn ictimai-siyasi qəzet
Bakıda və bölgələrdə mal ətinin qiymətində müşahidə olunan artım son günlər alıcıların da, satıcıların da əsas müzakirə mövzusuna çevrilib. Paytaxtda kiloqramı 2 manat, bölgələrdə isə orta hesabla 1 manatlıq bahalaşma qeydə alınıb. Əvvəllər rayonlarda 15 manata, Bakıda isə 16 manata satılan mal əti indi müvafiq olaraq 16 və 17 manata təklif olunur.
Musavat.com-un əməkdaşı vəziyyəti yerindəcə öyrənmək üçün “Neftçilər”də yerləşən məşhur ət bazarına üz tutub. Buradakı qəssab piştaxtalarında söhbətə qoşulan satıcılar qiymət artımını gizlətmirlər. Onlardan biri deyir: “Bizim günahımız yoxdur, qiyməti biz qaldırmırıq. Malı kənddən baha alırıq, məcbur da baha satırıq. Yemin qiyməti od tutub yanır, su, baxım, dərman hamısı baha başa gəlir. Biz də dolanışığımızı buradan çıxarırıq”.
Satıcılar bildirirlər ki, bahalaşma əsasən mal ətində özünü göstərir. Quzu və qoyun ətinin qiyməti hələlik sabit qalıb. Amma bir qəssab narahatlığını gizlətmir: “Əgər vəziyyət belə davam etsə, yaxın aylarda mal ətinin kilosu 20 manata qədər qalxa bilər. Mal qıtlığı başlayıb, otun qiyməti də hər gün artır”.
Bazarda gəzişərkən 17 manatdan aşağı qiymətə ət təklif edən piştaxtalara da rast gəlirik. Burada mal ətinin kiloqramı 13-14 manata satılır. Ancaq satıcı özü etiraf edir ki, ucuz ət keyfiyyət baxımından fərqlənir: “Bu, dişi dana ətidir. Əzələsi sərt olur, dadı da erkək dana kimi olmur. Erkək dana əti yumşaqdır, ona görə də baha satılır. Alıcı isə həm dadlı, həm də təzə ət istəyir”. Həqiqətən də, piştaxtadakı ucuz ətin rəngi saralmış, köhnəliyi isə gözə çarpacaq dərəcədədir.
Alıcıların əksəriyyəti qiymətlərin sürətlə qalxmasından narazıdır. Qadın alıcı gileylənir: “Əvvəllər həftədə bir dəfə ailəlikcə ət alıb bişirirdiksə, indi ayda bir dəfə gücümüz çatır. Hər şey bahalaşıb, indi ətin üzünə həsrət qalmışıq”.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda ətin qiymətində artım artıq uzun illərdir davam edir və bunun səbəbləri çoxşaxəlidir:
“Örüş yerləri getdikcə azalır, yemin qiyməti qalxır. Ən ciddi problem isə iri və xırdabuynuzlu heyvanların sayının sürətlə azalmasıdır. Son iki ildə iri buynuzlu mal-qaranın sayı 80 minə yaxın, xırdabuynuzlu mal-qaranın sayı isə 1 milyon 300 minə yaxın azalıb. Bu, ciddi rəqəmdir və hökumət buna qarşı mütləq tədbir görməlidir”.
Ekspertin sözlərinə görə, fermerlərin vəziyyəti ağırdır və onları stimullaşdırmaq, subsidiya və güzəştlərlə dəstəkləmək vacibdir. Əks halda qiymətlərin artımının qarşısını almaq mümkün olmayacaq: “Fermer də başqa malların, xidmətlərin alıcısıdır. Görür ki, hər şeyin qiyməti qalxıb, o da qiyməti artırmaq məcburiyyətində qalır. Belə getsə, Azərbaycanda ətin qiyməti Türkiyədəki kimi baha olacaq”.
Cəfərli çıxış yolu kimi işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsini təklif edir: “Şərqi Zəngəzur və Qarabağ kimi torpaqlarımız var. Bu ərazilər geniş otlaq və örüş sahələridir. Onlar fermerlərin istifadəsinə açılmalı, heyvandarlıq üçün ciddi proqram hazırlanmalıdır. Yalnız bu yolla ətin qiymətində sabitlik yaratmaq mümkündür”.
Hazırda isə bazarlarda vəziyyət dəyişməz qalır: qəssabların piştaxtasında mal ətinin kiloqramı 17 manatdan təklif olunur, ucuz ət isə keyfiyyətinə görə çoxlarını qane etmir. Alıcılar qiymətlərin hər gün artmasından narahatdır, satıcılar isə məsuliyyəti kəndlilərin, kəndlilər isə yemin və yemləmə xərclərinin üzərinə atır. Nəticədə isə ən çox ziyanı yenə də adi vətəndaş çəkir.
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ