Onlayn ictimai-siyasi qəzet
Azərbaycan mətbuatı 150 illiyini qeyd etməyə hazırlaşır. Hətta bu münasibətlə yubiley medalı təsis edilir. Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatının 150 illik yubileyi əlaqəli təsis edilən medal veriləcək.
Təəssüf ki, belə bir məqamda cəmiyyətdə tanınmayan media qurumları ilə bağlı şikayətlər də daxil olur. Bu cür media subyektləri reketlik edir, müxtəlif şəxsləri məqsədli şəkildə hədəfə alır.
Bununla bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, şikayətlərin əksəriyyəti cəmiyyətdə tanınmayan media qurumlarından gəlir və onların adları media reyestrində yoxdur. Bir çoxlarının rekvizitləri belə olmur.
“Belələrini biz də tapmaqda çətinlik çəkirik, şikayətçilər də. Əvvəllər də bu kimi hallar olub, indi də var. Söhbət tənqid olunan bir şəxsin hədəfə götürülməsindən gedir. Yəni, bir şəxs çoxsaylı tanınmamış, heç bir nüfuzu olmayan media orqanı tərəfindən tənqid olunur, eyni material həmin media orqanlarında yayımlanır.
Əlbəttə, Mətbuat Şurası yazıya qiymət verir. Qərarlarımız da Şuranın saytında yerləşdirilir”, - deyə Mətbuat Şurasının açıqlamasında bildirilir.
Sədrin sözlərinə görə, bu cür yazılar əsasən birtərəfli təqdimatlardan ibarət olur. Tənqid edilənlərin mövqeyinə yer verilmir.
“Şikayət müəllifləri də həmişə özlərinin konkret məsələ ilə bağlı fikirlərinin öyrənilməsini arzulamırlar. Onlar bir qayda olaraq, yazıları böhtan, şəxsi həyata müdaxilə və nüfuzdan salma cəhdi kimi qiymətləndirirlər. Əlbəttə, bütün yazıları da bu baxımdan qiymətləndirmək olmaz. Amma qərəzli yanaşma varsa, şikayətçinin də yazıya qeyd etdiyim prizmadan yanaşması mümkündür. Qərəzli yanaşma isə bir çox hallarda öndə olur. Media qərəzli deyilsə, bunu təqdimatında göstərməlidir. Hesab edirik ki, ən böyük peşəkarlıq budur.
Şikayətçilərin tələblərinə gəldikdə, deməliyəm ki, adətən şikayətlər qəzəbdən qaynaqlanır. Ona görə tələbin adekvat olmaması təbiidir. Bəzən qeyri-adekvatlıq Mətbuat Şurasının missiyasının, səlahiyyətlərinin düzgün dərk edilməməsindən də qaynaqlanır. Bəziləri Şuranı hüquq-mühafizə orqanı kimi görürlər və ondan sərt tədbirlər gözləyirlər. Ancaq bizim qərarımız “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na müvafiq surətdə çıxarılır.
Əlbəttə, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın pozulması hüquqi pozuntu kontekstində də dəyərləndirilə bilər. Yəni, tutalım biz qərarımızda fəaliyyəti şikayətə səbəb olmuş media orqanının qarşı tərəfin mövqeyinin işıqlandırılmasına önəm vermədiyini bildiririksə və cavabdehə bunun yolverilməzliyinə dair tövsiyə ünvanlayırıqsa, tam mümkündür ki, şikayətçi bununla kifayətlənməsin və məhkəməyə üz tutsun.
Onu da deməliyəm ki, Mətbuat Şurasına şikayətlər şifahi şəkildə edilir və eyni qaydada həllini tapır. Belə hallar az deyil. Yəni, bütün hallarda Şura, bir növ, ədalətli orbitr funksiyasını yerinə yetirir. Dəfələrlə olub ki, narazı tərəf və media orqanının təmsilçisi MŞ-yə dəvət olunub və onlar arasında barış mühiti yaradılıb, anlaşılmazlıqlar aradan qaldırılıb”.
Şahanə Rəhimli,
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ