İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Xankəndi YANLIŞI - Könüllü köçüb getmiş ermənilərdən BELƏ istifadə edilir

Bəzi dairələr guya dünyanın əsas mövzusunun Qarabağdan burunları belə qanamadan könüllü gedən ermənilər olduğunu gözə soxmağa çalışırlar 

Son günlər Qərbdən Qarabağdan könüllü köçüb getmiş ermənilər mövzusunda yenidən saxta gündəm yaratmaq cəhdləri müşahidə edilməkdədir. Bəzi dairələr Yaxın Şərqdə müharibə təhlükəsinin böyüdüyü bir vaxtda sanki dünyanın əsas mövzusunun Qarabağdan burunları belə qanamadan və könüllü gedən ermənilərin “problemi” olduğunu gözə soxmağa çalışırlar. 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə bugünlərdə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-ın rolu” adlı tədbirdə Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında gen-bol məruzə edib. 

Öz missiyasını başa vuran Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da  erməni canıyananlığı ilə seçilib. Toivo Klaar da açıqlamasında bildirib ki, rəsmi Bakı Qarabağ ermənilərinin “öz ata-baba yurdlarına” qayıtmasına kömək etməlidir, hətta guya bu, Azərbaycanın öhdəliyidir. 

Klaar diplomatik sayıqlığını itirərək qeyd edib ki, Bakı Qərbi Azərbaycan məsələsini dilə gətirir, lakin avropalı diplomatın fikrincə, bu mövzuları eyni müstəvidə nəzərdən keçirmək olmaz: “AB bu məsələdə fikrini çox aydın bildirib. Mən də gözləyirəm ki, Qarabağ erməniləri normallaşma prosesinin bir hissəsi olacaq və onların öz bölgələrinə təhlükəsiz və ləyaqətlə qayıtmaları ilə bağlı Bakı ilə onlar arasında birbaşa danışıqlar aparılacaq. Azərbaycanın bununla bağlı öhdəlikləri var, mənə elə gəlir ki, bunu inkar etmir. Bəzən bu kontekstdə başqa məsələlər də gündəmə gətirilir, məsələn, "Qərbi Azərbaycan" deyilən məsələ. Mənim üçün bunlar tamamilə fərqli suallardır, onları qarışdırmaq olmaz. Birincisi, Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradılmalıdır ki, bu da Azərbaycanın öhdəliyidir. İkincisi isə əvvəllər Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda yaşayan ermənilər və ya Ermənistanda yaşayan azərbaycanlılar məsələsidir".

Göründüyü kimi, Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq ermənilərə şamil edib. Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu isə inkar etməyə çalışıb. 

Xatırladaq ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-ın dövlət katibi Antoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb. 

Qərbin Qarabağdan könüllü köçüb getmiş ermənilər mövzusundan yenidən saxta gündəm yaratmaq cəhdlərinə səbəb nədir? “Ermənilərin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradılmalıdır ki, bu da Azərbaycanın öhdəliyidir” iddiasının arxasında nə dayanır?

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın ona qarşı qərəzli yanaşanlara layiqli cavab vermək iqtidarında olduğunu söylədi: “Qərb Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranmasını heç cürə qəbul edə bilmir. Ona görə də birtərəfli şəkildə Ermənistanı silahlandırır, maliyyə təminatı verilir və bütün vasitələrdən istifadə etməklə yenidən vəziyyətin gərginləşməsinə çalışır. Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışdığı mövzulardan biri də Qarabağdan könüllü getmiş ermənilərin qaytarılması ilə bağlıdır. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar missiyasını başa vuranda da ermənilərin canıyananlığını nümayiş etdirərək deyib ki,  rəsmi Bakı Qarabağ ermənilərinin "öz ata-baba yurdlarına" qayıtmasına kömək etməlidir, hətta guya bu, Azərbaycanın öhdəliyidir. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Klaar özünə aid olmayan məsələlərə burnunu soxmamalıdır. Çünki onun Cənubi Qafqazda səlahiyyəti başa çatıb. İkincisi isə Ermənistanın özü ermənilərin Qarabağdan könüllü çıxmaları ilə razılaşıb və bu mövzunu dilə gətirmir. Üçüncüsü isə Azərbaycan Qarabağdan ermənilərə çıxmamalarını tövsiyə edib və vətəndaşlığımızı alaraq yaşamaqda davam edə biləcəklərinə çağırış etmişdi. Amma Ermənistan vəziyyəti normal qəbul etsə də, təəssüf ki, Qərb bunu qəbul edə bilmir və zaman-zaman ermənilərin Qarabağa qaytarılmasını gündəmə gətirir. Əslində Azərbaycan yenə də ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil. Bunun üçün prosedur qaydalar var və qanuna uyğun şəkildə müraciət olunaraq vətəndaşlığımızı alaraq qayıda bilərlər. Amma Ermənistan da qərbi azərbaycanlıları üçün eyni hüququ tanımalı və qayıtmaq üçün şərait yaratmalıdır. Bu baxımdan, Ermənistan konstruktivlik nümayiş etdirərək bu məsələni həll etsə, qərbi azərbaycanlılar öz ata yurdlarına, ermənilər də Qarabağa qayıda bilərlər. Klaarın və ümumiyyətlə, Qərbin ermənilərin Qarabağa qayıdışı məsələsini gündəmə gətirməsi ədalətsizlik və rəzillikdir. Çünki Qərb 80-ci illərin sonunda Qərbi Azərbaycandan zorla qovulmuş 300 minə yaxın soydaşımız və 90-cı illərin əvvəlində öz suveren ərazilərindən məcburi köçkün salınmış 750 min azərbaycanlı haqqında belə ifadələr heç vaxt işlətmədi. Onlar elə bilirlər ki, ermənini müdafiə etmək öhdəlikdir, azərbaycanlıları qaçqın və köçkün salmaq, əzmək və  ərazilərini işğal etmək olar. Amma onlar bir şeyi yaddan çıxartmasınlar ki, Azərbaycan heç də 90-cı illərdə olduğu kimi deyil. Bu gün Azərbaycan özünə qarşı ədalətsiz yanaşan hər kəsin cavabını vermək iqtidarındadır və verir də".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə qeyd etdi ki, Toivo Klaarın son açıqlamaları “keşişdən daha çox katolik olmağa” bənzəyir və heç bir hüquqi əsasları yoxdur: “Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın son açıqlamaları həyasızlığın və siyasi savadsızlığın pik nöqtəsidir. Birincisi, Qarabağdakı ermənilər könüllü şəkildə bu əraziləri tərk ediblər. İkincisi, həmin şəxslərin bir çoxu işğal edilmiş ərazilərə zorla köçürülmüşdülər. Bəziləri isə işğaldan sonrakı proseslərdə Livandan, Suriyadan gətirilən ermənilər idi ki, onları Ermənistanda qəbul etməmişdilər. Ona görə də Serj Sərkisyanın və Köçəryanın göstərişləri ilə Qarabağa yönləndirilmişdilər. Livandan və Suriyadan gələn ermənilərin sayı yüzlərlə idi. 1992-93-cü ildən sonra Ermənistanın müxtəlif nöqtələrindən Laçına, Qubadlıya və başqa yerlərə yerləşdirilən Ermənistan vətəndaşlarının sayı isə daha çox idi. Yəni Qarabağdan gedənlərin böyük hissəsi Azərbaycan vətəndaşı olan ermənilər deyillər. Bir sözlə, bizim onları qəbul etmək fikrimiz yoxdur. Azərbaycan heç bir təşkilat qarşısında miqrant qəbul etməklə bağlı öhdəlik götürməyib. Başqa bir nüansı da vurğulamaq istərdik ki, Azərbaycan hər zaman bəyan edib ki, bizim vətəndaşlığımızı qəbul etmək istəyən, vaxtilə erməni hərbi xuntasının buxovunda yaşayan və SSRİ dövründə burada qeydiyyatda olan erməni kökənli vətəndaşlarımıza hər zaman qucaq açmağa hazırıq. Hazırda işğaldan azad olunan ərazilərdə dövlətimizin şərtlərini qəbul edən ermənilər də yaşayır. Bu, Azərbaycan humanizminin əyani göstəricisidir. Əgər yenə də hansısa erməni Azərbaycana gəlib yaşamaq istəyirsə, müraciət etsin, əgər həmin şəxs Azərbaycan ərazisində, eləcə də azərbaycanlılara qarşı hər hansı cinayət əməlində iştirak etməyibsə, üstəlik, 1989-cu ilə qədər Azərbaycan vətəndaşı olubsa, dövlətimiz həmin insanların müraciətlərini nəzərdən keçirə bilər. Üstəlik, dövlətimiz bunun üçün onlayn qeydiyyat portalı da yaratmışdı. Amma ermənilər bu imkanlardan yararlanmaq istəmədilər”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR