İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin şəriksiz hegemonluq dövrü artıq sona çatır: İndi dünyanı “qaranlıq tunel” gözləyir

Dünyanın bundan sonra əvvəlki siyasi-hüquqi normalarla, Qərb dövlətlərinin müəyyən etdiyi qaydalarla idarə edilməsi mümkün olmayacaq... Yeni dünya düzəninin formalaşmasına qədər növbəti mərhələnin “beynəlxalq xaos dövrü” olacağı barədə də kifayət ciddi mülahizələr mövcuddur...

Dünyada böyük dəyişikliklərin yaşandığı müşahidə olunmağa başlayıb. Beynəlxalq siyasi və hüquqi sistemin artıq əvvəlki şərtlər daxilində işləmədiyi inkaredilməz reallıqdır. Hər halda, nüfuzlu beynəlxalq qurumlar dünyanın bundan sonra mövcud siyasi-hüquqi sistem çərçivəsində idarə edilməsinin qeyri-real olduğunu açıq şəkildə etiraf edirlər. Mövcud situasiyanı qəlizləşdirən əsas məqamsa, ondan ibraətdir ki, qüvvədən düşməkdə olan siyasi-hüquqi sistemin yenisi ilə əvəzlənməsi istiqamətində hələlik heç bir real addım atılmayıb. Və ümumiyyətlə, yaxın gələcəkdə bunun mümkün ola biləcəyi hələlik o qədər də inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, hazırda dünyada hələlik ikiqütblü siyasi sistem mövcuddur. Bu sistem qütblərdən biri olan ABŞ və onun Qərb ölkələrini birləşdirən müttəfiqlərindən ibarət düşərgənin beynəlxalq hegemonluğuna münbit şərait yaradır. Bu düşərgə dünya iqtisadiyyatını, maliyyə sistemini və siyasi-hüquqi idarəçiliyi böyük ölçüdə öz nəzarəti altında saxlamağı bacarır. Halbuki son illərdə ikiqütblü dünya sisteminin ədalətsizliyi inkişaf edərək, güclənməyə imkan tapmış bəzi dövlətlərin ciddi narazılığına səbəb olmaqdadır. Və bu narazılıq indi genişlənərək, dünyada yeni mərhələnin başladılmasına da ehtiyac yaradıb.

kollajjj-absh-chin-1234567.jpg (766 KB)

Məsələ ondadır ki, mövcud beynəlxalq siyasi-hüquqi sistemə ilk etirazlar məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması ilə gündəmdə möhkəmlənməyə başlayıb. Belə ki, Türkiyə liderinin “dünya beşdən böyükdür” tezisi hazırda möbvud situasiyanı ən yaxşı ifadə edən yanaşma tərzi hesab olunur. Prezident Rəcəb Tayyib Ərdoğan bu tezisi gündəmə gətirərkən, birmənalı şəkildə BMT Təhlükəsizlik Şurasının veto hüquqlu beş üzvünü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanı nəzərdə tuturdu. Çünki məhz bu beş nəhəng dövlət BMT Təhlükəsiz Şurasının fəaliyyətini öz hərbi-siyasi maraqlarına uyğunlaşdırmağa çalışırlar. Və nəticədə digər dünya dövlətləri beynəlxaql siyasi-hüquqi sistemdə yalnız ədalətsizliklərlə üzləşirlər.

Maraqlıdır ki, son dövrlərdə özlərini bütün dünyadan daha böyük hesab edən beş dövlətin beynəlxalq mövqeləri ciddi şəkildə zəifləməyə başlayıb. Belə ki, ABŞ-ın dövlət borcunun 34 trilyon dollar həddini aşması Ağ Evi daha çox ölkənin bankrot elan edilməsi təhlükəsindən yayındırmağın yollarını axtarmaq məcburiyyətində buraxır. Üstəlik, ABŞ cəmiyyətində tədricən öz təsirini göstərməkdə olan parçalanma meyilləri də Ağ Ev üçün çox ciddi problem hesab olunur. Hər halda, Ağ Evin siyasi iradəsinin ABŞ-ın ştatlarında müqavimətlə qarşılanmağa başladığı barədə də müəyyən məlumatlar mövcuddur. Və hətta Texas da daxil olmaqla, bəzi ştatlarda ABŞ-dan ayrılaraq, müstəqil dövlətə çevrilmək ideyası indi daha tez müzakirə edilir.

Rusiya Ukraynda “savaş bataqlığı”na salınıb. İndi Kreml də əvvəlki kimi beynəlxalq siyasi məkana təsir göstərə bilmir. Üstəlik, Rusiyanın dünyadan təcrid edilməsinə yönəlik cəhdlərin müəyyən nəticələr verdiyi də müşahidə olunur. Bu baxımdan, Kremlin yaxın gələcəkdə beynəlxalq məkanda vaxtilə sahib olduğu nüfuzu və təsir imkanlarını bərpa edə biləcəyi o qədər də inandırıcı görünmür. Və son vaxtlar hətta Rusiyanın keçmiş SSRİ-nin taleyini təkrarlayaraq, süqut edə biləcəyi də qətiyyən istisna olunmur.

719706-829367907.jpg (325 KB)

Fransaya gəldikdəsə, bu ölkə də beynəlxalq mövqelərini böyük sürətlə öz rəqblərinə təhvil verməyə başlayıb. Son vaxtlara qədər Afrikanı müstəmləkə altında saxlayan Fransa indi “qara qitə”dən qovulmaqdadır. Bu ölkədən boşalan Afrika məkanı Türkiyənin bu qitəyə daha çox nüfuz etməsiylə doldurulmaqdadır. Rəsmi Parisin Türkiyənin Afrika qitəsində qazandığı uğurlara isterik yanaşmasının əsas səbəbləri də məhz bununla bağlıdır. Və indiki situasiyada Fransanı dünyanın nəhəng dövlətləri sırasına aid etmək artıq bir qədər çətindir.

Nəhayət, Çin və Böyük Britaniya da son vaxtlar müəyyən hərbi-siyasi problemlərlə üzləşməyə başlayıblar. Xüsusilə də, Çinin əsas güc qaynağı sayılan iqtisadiyyatında durğunluğun yaranmaqda olması rəsmi Pekinin beynəlxalq hədəfləri qarşısında olduqca ciddi problem hesab edilir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının veto hüquqlu beş daimi üzvünün hazırda dünyanı əvvəlki şərtlər daxilində idarə edə bilmədiyi inkaredilməz reallıqdır. Və ona görə də, dünya düzəninin ciddi dəyişikliyə məhkum olduğunu təxmin etmək üçün məyyən əsaslar olmamış deyil.

Artıq sadəcə, diskussiya klubuna çevrilməkdə olan və dünyada cərəyan edən siyasi-hüquqi proseslərə təsir göstərə bilməyən BMT-dən sonra ikinci nəhəng beynəlxalq qurum olan Avropa Birliyi də son vaxtlar ciddi nüfuz və güc itkisinə məruz qalmaqdadır. Belə ki, Böyük Britaniyanın bu qurumu tərk etməsindən və Fransanın Afrikadan qovulmasından sonra Avropa Birliyinin təsir dairəsi böyük ölçüdə məhdudlaşıb. Üstəlik, Avropa Birliyi daxilində də mərkəzdənqaçma prosesinin mövcudluğu yaxın gələcəkdə ola biləcək ciddi parçalanmaların əsas əlaməti hesab edilir. Və Ukrayna savaşının maliyyələşdirilməsində böyük yükün altına girmək məcburiyyətində qalması, Rusiyaya qarşı sanksiyaların bumeranq effekti verməyə başlaması da Avropa Birliyi daxilində üzv dövlətlərin narazılığını artırır.

ec42d25fb070f977962f6b3c5222d442.jpg (313 KB)

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Qərb siyasi dairələri dünya düzəninin dəişməyə məhkum olduğunu açıq şəkildə etiraf etməyə başlayıblar. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Cozep Borrel Qərbin dünya üzərində hegemonluq dövrünün bitdiyini rəsmən bəyan edib. Onun dediyinə görə, Qərb siyasi-hüquqi dəyərləri artıq dünyada ədalətin təmin olunmasında həlledici rol oynamır. Və Qərb dünya hegemonluğu hüquqlarını Şərq dövlətləri ilə paylaşmaq məcburiyyətində qalıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Türkiyə səfəri çərçivəsində bəyan edib ki, ABŞ və Qərbin isterik davranışları hazırda dünya ikiqütblü sistemdən çoxqütblü sistemə keçməkdə olmasından qaynaqlanır. Onun fikrincə, Qərb daha öz narrativlərini dünyanın geri qalan hissəsinə qəbul etdirə bilmir. Bunun əvəzində digər dünya dövlətlərinin haqlı mövqeyi ilə hesablaşmaq məcburiyyətində qalıb. Və bu isə dünyanın məhz Qərbin nəzarətindən çıxaraq, çoxqütblü siyasi sistemə doğru yönəlməsinin ilk mərhələsi anlamına gəlir.

Göründüyü kimi, dünyanın artıq əvvəlki siyasi-hüquqi normalarla, Qərb dövlətlərinin müəyyən etdiyi qaydalarla idarə olunması çətinləşib. Bundan sonrakı mərhələnin beynəlxalq xaos dövrü olacağı barədə də müəyyən mülahizələr mövcuddur. Belə ki, yalnız dərin xaosdan sonra dünyada yeni siyasi idarəçilik qaydalarının formalaşması mümkün ola bilər. Və bu, o deməkdir ki, yeni dünya düzəninin yaranmasından öncə bəşəriyyət “qaranlıq tunel”dən keçməyə məhkumdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR