İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi azərbaycanlıların hüquqları Britaniya parlamentində müzakirə oluna bilər

Məlum olduğu kimi, Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması” mövzusunda II beynəlxalq konfrans yekunlaşıb.

51 ölkədən 100-dən çox nümayəndə qərbi azərbaycanlıların hüquqları ilə bağlı müzakirə aparmaq üçün bir araya toplaşmışdı. Onların arasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da var.

Britaniya Azərbaycanlıları İcmasının rəhbəri, Qərbi Azərbaycan İcmasının Böyük Britaniyadakı təmsilçisi Fəridə Pənahova da Bakıya qonaq gələnlərdəndir və səfər çərçivəsində Musavat.com-a açıqlama verib.

QERB YENİ.jpeg (73 KB)

Müsahibimizin anası İrəvan azərbaycanlısı olub.

Fəridə Pənahova qərbi azərbaycanlıların hüquqları ilə bağlı beynəlxalq konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib:

“Təşkilatçılara məni bura dəvət etdikəri üçün ürəkdən təşəkkür edirəm. Belə yüksək səviyyəli konfransın təşkil edilməsi münasibətilə bütün təşkilatçıları təbrik edirəm. Bu konfransda mövzu ilə əlaqədar müxtəlif ölkələrdən ekspertlər, elm adamları dəvət olunub. Bu o deməkdir ki, biz həm də onların təcrübəsini öyrənirik. Eyni ssenarini yaşamış ölkələrin təcrübəsini eşitmək həqiqətən önəmli idi. Xüsusilə, yaxın dövrdə yaşananlara istinad edən Serbiya və Xorvatiyadan gələn nümayəndələrin çıxışları diqqətimi çəkdi. Yuqoslaviyadakı müharibə sülh ilə başa çatdı. Hər iki ölkədən olan insanlar öz torpaqlarına qayıdıb və sülh şəraitində yaşayırlar. Düşünürəm ki, erməni və Azərbaycan xalqı da sülh şəraitində yaşaya bilər. Lakin bunun üçün Azərbaycanın şərtləri yerinə yetirilməli, azərbaycanlıların ləyaqətli qayıdış hüququ təmin olunmalıdır.

Maltalı nümayəndə Qarabağdan didərgin düşmüş azərbaycanlılardan, “Böyük Qayıdış” proqramından danışdı, eyni zamanda qeyd etdi ki, minalanmış ərazilərə yüz minlərlə insanın qayıdışı o qədər də təhlükəsiz deyil. Maltalı qonaqdan bu həqiqətləri eşitmək həqiqətən təsirli idi.

İordaniyalı nümayəndə də azərbaycanlıların dədə-baba yurdlarına sülh şəraitində təhlükəsiz, ləyaqətli qayıdışını təmin etmək, eyni zamanda qayıdışın daimi olması, bir daha müharibə, xalqlar arasında münaqişə olmaması, irsimizin mühafizə olunması üçün təkliflər irəli sürdü”.

F.Pənahova bildirib ki, qərbi azərbaycanlıların hüquqları ilə bağlı Böyük Britaniyada müzakirələr keçirilə bilər:

“Konfransda iştirak edən Böyük Britaniyadan olan nümayəndələr qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələnin Britaniya parlamentinin nümayəndələrinə, Britaniya hökumətinə, eyni zamanda bu işlərlə məşğul olan təşkilatlara çatdırılmasını təklif ediblər. Bu təklifə dəstək olmaq üçün buradakı məruzələri ümumiləşdirib dövlətə, parlamentə, Lordlar Palatasına, müvafiq təşkilatlara çatdırmağı düşünürəm. Qarabağlı azərbaycanlılar öz yurdlarına dönməyə başlayıblar, bu da qərbi azərbaycanlılara yaxın zamanda doğma yurda qayıtmaq üçün ümid verir. Cənab Prezidentin xalqımızın birliyinə, əhval-ruhiyyəsinə, daha da önəmlisi, tarixi ədalətin bərpasına yönəlmiş çağırışını dəstəkləyirik. Bu prosesin hər addımında dəstəyə hazırıq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR