İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcması ilk dəfə ATƏT arenasında - Ermənistan təlaşa düşdü

Əziz Ələkbərli: “Ermənistan anlamalıdır ki, zaman keçdikcə təkliflərimiz azalacaq”

İyulun 7-də Vyanada ATƏT-in tədbirində ilk dəfə olaraq Ermənistandan qovulmuş soydaşlarımızı birləşdirən ictimai qurum - Qərbi Azərbaycan İcması təmsil olunub. Belə ki, icmanın idarə heyətinin sədr müavini, deputat Ramil Həsən ATƏT-in Milli azlıqlar üzrə ali  komissarlığı institutunun yaradılmasının 30 illiyi münasibətilə keçirilən yüksək səviyyəli tədbirdə icma adından iştirak edib.

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin, ATƏT-in baş katibi Helqa Şmidin, ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kayrat Abdrahmanovun, habelə ATƏT-ə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə hüquqların müdafiəsi sahəsində vəziyyət ATƏT məkanında milli azlıqların durumu, iştirakçı dövlətlər tərəfindən bu sahədə öz öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti və milli azlıqların hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.

Ramil Həsən çıxışında tədbir iştirakçılarını azərbaycanlıların Ermənistandan kütləvi qovulması haqda ətraflı məlumatlandırıb, Ermənistanın hərəkətlərinin milli azlıqların hüquqları ilə bağlı beynəlxalq normalara, ATƏT-in müvafiq sənədlərinə zidd olduğuna diqqət çəkib.

Bu fakt sözsüz ki, Azərbaycanın diplomatik uğurudur. Əks halda, Ermənistanda bundan dolayı təlaş yaratmazdı.

Əziz Ələkbərli: “Qərbi Azərbaycan yaddaşı” layihəsinin məqsədi insanları  böyük qayıdışa hazırlamaqdır - AZƏRTAC

Əziz Ələkbərli 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Yeni Müsavat”a bildirdi ki, yarandığı gündən icma Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ilk gündən məqsədyönlü iş aparır. İcma sədri xatırlatdı ki,  31 yanvar 2023-cü il tarixdə BMT Katibliyi İcmanın beynəlxalq ictimaiyyətə 12 yanvar tarixli müraciətini, 28 mart 2023-cü il tarixdə QAİ-nin Qayıdış Konsepsiyasını, 20 may 2023-cü il tarixdə isə QAİ-nin UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb: “Bugünlərdə yeni bir şad xəbər aldıq, 20 iyun 2023-cü il tarixdə QAİ-nin Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞ PA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞ PA-nın rəsmi sənədi kimi dərc olunub. Bəyannamədə Avropa Şurasını Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə, Avropa Şurası Parlament Assambleyasının məruzəçilərini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırılıb.

Deputat Ramil Həsəndən açıqlama

Ramil Həsən

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin beynəlxalq məsələlər üzrə sədr müavini, Milli Məclisin deputatı Ramil Həsənin ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun təsis edilməsinin 30 illiyi münasibətilə iyulun 7-də Avstriyanın Vyana şəhərində keçirilmiş yüksək səviyyəli tədbirdə İcmanın adından iştirak və çıxış etməsi, çıxışında Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulaması, Ermənistan rəhbərliyinin Ermənistan ərazisindən azərbaycanlıları qovub, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları ilə spekulyasiya etməsinin ATƏT-in dövlətlərarası münasibətlərdə Milli Azlıqlar üzrə Bolzano/Bozen Tövsiyə Sənədində də qınandığı kimi, ikili standart olduğunu diqqətə çatdırıb. Onu da nəzərə alaq ki, bu, Qərbi Azərbaycan İcmasının xaricdə beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk hal idi.

Təbii ki, bu, tək Qərbi Azərbaycan İcmasının yox, bütövlükdə Azərbaycan diplomatiyasının növbəti uğurudur. Və bu uğurlar davam edəcək və davam etməlidir. Biz öz ata-baba yurdlarımıza qayıtmalıyıq. Bu, bizim beynəlxalq hüquqla təsbit olunmuş tarixi-mənəvi haqqımızdır, tarixi ədalətin bərpasıdır. Bütün bunlardan daha vacibi-əcdadlarımızın ruhu qarşısında övladlıq, millətimiz, dövlətimiz və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi olan Müzəffər Ali Baş Komandanımız qarşısında vəfa və etimad borcumuzdur".

O ki qaldı Bakı və İrəvan arasında sülh danışıqlarının perspektivinə, Ə.Ələkbərli hesab edir ki, bu danışıqlar Azərbaycan tərəfindən Ermənistana verilmiş növbəti bir şansdır, ermənilər bunu anlamalıdırlar: “Əgər ermənilər 44 günlük müharibədə sahədə hər gün yeni səngərlərini itirirdilərsə, postmüharibə dövründə də masada, yəni siyasi müstəvidə də hər gün yeni səngərlər itirməkdə davam edirlər. Ermənistan bu gün Azərbaycanın onlara etdiyi təklifləri böyük şükranlıqla, göz üstə qoyaraq qəbul etməlidirlər. Biz isə bunun əksini görürük. Ermənilər anlamalıdırlar ki, zaman keçdikcə bu təkliflər daha da azalacaq. Artıq meydanda bir Qərbi Azərbaycan İcması var və bu icmanın milyonlarla üzvü öz ata-baba yurdlarına qayıtmaqda qərarlıdırlar və qayıdacaqlar. Biz bu qayıdışı sülh yolu ilə həyata keçirmək istəyirik, ermənilər anlasınlar ki, bu, yenə də bizim onlara növbəti böyük güzəştimizdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR