İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb yeni hibrid savaşa başlayır: Rusiya isə daha üç dövləti işğal edəcək

Qərb Moldova, Gürcüstan və Ermənistana yalan vədlər verməklə, bu ölkələri Avropa Birliyi və NATO-ya üzv olacaqlarına inandırıb, Kreml isə həmin dövlətləri Rusiyanın düşmənləri siyahısına daxil edib... Kremlin Ukrayna savaşından dərhal sonrakı işğal planına daxil olunan bu ölkələrə Qərbin dəstək verməyəcəyini isə elə indidən tam əminliklə iddia etmək mümkündür...

ABŞ və Qərbin MDB məkanına müdaxiləsi ən yüksək həddə çatıb. Əslində, keçmiş SSRİ-nin dağılmasından sonra Qərb siyasi dairələri bu məkanda öz təsir dairələrini və mexanizmlərini formalaşdırmaq üçün genişmiqyaslı manevrlər etməyə çalışırdılar. Ancaq həmin dövirdə ABŞ və Qərb maliyyə-iqtisadi böhran yaşayan postsovet dövlətlərinə həm də daşınması çətin olan ağır yük kimi də yanaşdıqlarından kifayət qədər ciddi geopolitik səhvlər də buraxmışdı. Və bu səbəbdən də, Qərb siyasi dairələri daha çox keçmiş sovet sisteminin yetirmələri tərəfindən idarə olunan MDB ölkələri arasında etimad qazana bilməmişdilər.

Bütün bunlara baxçayaraq, sonrakı mərhələdə ABŞ və Qərb hər halda, MDB məkanında müəyyən istinad mexanizmləri qurmağa nail oldu. Əvvəlcə “rəngli inqilablar” kampaniyasına start verildi. Bunun sayəsində Gürcüstanda Saakaşvili hakimiyyəti quruldu. Qərb siyasi dairələri uzun müddət Gürcüstandan Rusiyaya qarşı istifadə etməyə çalışdı. Halbuki, Qərbin riyakar geopolitik davranışları Saakaşvili hakimiyyətinin süqutuna yol açdı. Və bu ölkə yenidən dolayısı ilə Rusiyanın təsir dairəsinə qaytarılmış oldu.

Nəhayət, ABŞ və Qərbin Ukrayna layihəsi MDB məkanında Rusiyaya qarşı mərkəzdənqaçma prosesinin əsas zərbə mexanizminə çevrildi. Qərb siyasi dairələri Ukrayna ilə Rusiya arasında münasibətləri korlamağa və son nəticədə bu iki qonşu ölkəni qatı düşmənə çevirməyə nail oldular. Bu prosesin yekun mərhələsi kimi isə Rusiyanın Ukraynada “savaş bataqlığı”na salınması diqqəti çəkir. Və Qərbin siyasi riyakarlığı bu dəfə də Ukraynanı bir dövlət kimi sıradan çıxmaq təhlükəsi qarşısında buraxıb.

putin1646377325.jpg (86 KB)

ABŞ və Qərbin MDB məkanına yerləşmək cəhdləri indiyə qədər iki dövləti – Ukrayna və Gürcüstanı Rusiyanın işğalına məruz qoyub. Ən önəmli məqamlardan birisi isə ondan ibarətdir ki, ABŞ və Qərb Rusiyanın bu iki dövlətə hərbi müdaxiləsinə yetərincə əks reaksiya verə bilməyib. Yaxud da daha dəqiq desək, ABŞ və Qərb Ukrayna və Gürcüstanı Rusiya işğalından xilas etmək üçün özünü hərbi qarşıdurmanın ortağına çevirməyə qətiyyən həvəs göstərməyib. Və Ukrayna savaşı ətrafında yaranmış vəziyyət, eləcə də, Qərbin rəsmi Kiyevə dəstəyinin getdikcə zəifləməsi bir çox önəmli nəticələr çıxartmaq üçün tamamilə yetərlidir.

Nə qədər qəribə də olsa, ABŞ və Qərb Rusiyadan uzaqlaşmağa həvəsli olan ölkələri aldatmaqda davam edir. Həmin ölkələrə adətən, Avropa Birliyi və NATO üzvlüyü vəd olunur. Ancaq əvəzində Rusiya ilə sərt qarşıdurma tələb olunur. Qərbə inteqrasiya olunmağa can atan MDB dövlətləri Rusiya ilə qarşıdurmaya girsələr də, sonradan onlara verilmiş vədlər müəmmalı şəkildə unudulur. Üstəlik, Kremlə qarşı cəbhə almış postsovet ölkələri Rusiyanın hərbi gücü önündə təkbaşına da buraxılır. Və nəticədə Qərb müxtəlif geopolitik manipulyasiyalarla Rusiyaya qarşı “proxy war” modelində uzunmüddətli savaşın davam etdirilməsini təmin etmiş olur.

Təbii ki, ABŞ və Qərbin bu davranışlarını Rusiyaya qarşı hibrid savaş aparması kimi də dəyərləndirmək mümkündür. Ancaq bu hibrid savaşın əsas qurbanları həmişə Qərbə inanıb və güvənib, Rusiya ilə hərbi-siyasi qarşıdurmaya girən postsovet ölkələri olur. Son vaxtlar ABŞ və Qərb Rusiyaya qarşı hibrid savaşın əhatə dairəsini daha da genişləndirməyə çalışır. Və indi istifadə ediləcək dövlətlərin sayını da artırmağa cəhd göstərir.

Maraqlıdır ki, hazırda daha iki dövlət – Moldova və Ermənistan da Qərb tərəfindən Rusiya ilə hibrid savaşın içərisinə çəkilməkdədir. Belə ki, rəsmi Kişinyova Moldovanın Avropa Birliyi və NATO-ya üzv olacağı barədə ciddi vədlər verilib. Ona görə də, son vaxtlar Qərbə can atan Moldova Rusiya ilə qeyri-bərabər qarşıdurmanı dərinləşdirməyə xüsusi həvəs göstərir. Və belə radikal geopolitik dönüşlərin Moldova kimi kiçik dövlətlər üçün böyük təhlükə olduğu isə qətiyyən şübhə doğurmur.

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Məsələ ondadır ki, Moldova həm də beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində “rus separatizmi”nin mövcud olduğu bir ölkədir. Kreml məhz separatçı Dnestryanı bölgə üzərindən Moldovaya təzyiq və təsir mexanizmini qoruyub, saxlayır. Üstəlik, Rusiya Avropa Birliyi və NATO üzvlüyü ilə bağlı fəaliyyətin genişləndiriləcəyi təqdirdə, Moldovaya hərbi müdaxilə edə biləcəyini də qətiyyən gizlətmir. Kremlin belə niyyətdən çəkinməyəcəyini isə Rusiyanın analoji səbəbləri bəhanə gətirərək, Ukraynaya qarşı işğalçı savaşa başlaması da biruzə verir.

ABŞ və Qərbin Rusiya ilə qarşıdurma vəziyyətinə gətirməyə çalışdığı digər ölkə rolundasa, hazırda Ermənistan çıxış edir. Rəsmi İrəvan ABŞ və Qərbin vədlərindən cəsarətlənərək, böyük həvəslə Rusiya ilə münasibətləri korlamaqda davam edir. Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri Ermənistanın artıq Avropa Birliyi və NATO-ya qatrılmağa hazır olduğunu da bəyan etməyə başlayıblar. Və bu, Kremldə kəskin reaksiya doğurmaqdadır.

Maraqlıdır ki, Qərbdən verilən açıqlamalarda Ermənistanın artıq “Avropa ailəsi”nin üzvü olduğu vurğulanır. Böyük ehtimalla rəsmi İrəvan belə məzmunlu açıqlamalardan məmnundur. Ancaq nəzərə almaq lazımdır ki, bu açıqlamalar əslində, olduqca hiyləgər siyasi məzmun daşıyır. Bir tərəfdən, rəsmi İrəvana Ermənistanı Avropa siyasi məkanında gördüklərinin mesajını verirlər.

pa.kaaa.jpg (279 KB)

Digər tərəfdənsə, dolayısı ilə Ermənistana bundan artığının mümkün olmayacağını izah etmək üçün bəhanə də hazırlayırlar. Yəni, demək istəyirlər ki, Avropa Birliyi və NATO Ermənistanı onsuz da dəstəkləyir, yaxın gələcəkdə rəsmi üzvlüyə ehtiyac yoxdur. Halbuki, rəsmi üzvlük olmadan, Ermənistan Avropa Birliyi və NATO-dan umduğu maliyyə-iqtisadi, eləcə də hərbi dəstək güzəştləri qopara bilməz. Və bu səbəbdən də, rəsmi İrəvanın Qərbin geniş dəstək mexanizmlərindən faydalana bilməsi üçün ilk növbədə həm Avropa Birliyinə, həm də NATO-ya üzv olması əsas şərtdir.

Ancaq Ermənistanın Avropa Birliyi və NATO-ya üzvlüyü yalnız “erməni xəyalları” üçün faydalı ola bilər. Əsl reallıqdasa, rəsmi İrəvanın bu iki nəhəng və nüfuzlu beynəlxalq qurumun qapılarından içəri keçmək şansı yoxdur. Çünki Avropa Birliyi və NATO Ermənistan kimi problemli ölkələri öz sıralarında görmək istəmir. Ermənistan kimi ölkələr Avropa Birliyi və NATO-ya sadəcə, müvəqqəi məqsədlərin reallaşdırılmasında geopolitik alət olaraq, daha çox lazımdır. Və eyni fikirlər Qərbin bu barədə yeni ümidlər verdiyi Gürcüstana da aiddir.

Beləliklə, Qərb Moldova, Gürcüstan və Ermənistana müəyyən vədlər verməklə, bu üç ölkəni yeni fəlakətlərə sürükləyir. Çünki bu ölkələr Avropa Birliyi və NATO-ya heç vaxt üzv olmayacaqları halda, Kreml tərəfindən Rusiyanın düşmənləri sırasına artıq daxil edilib. Hətta bəzi məlumatlara görə, Rusiya Moldova, Gürcüstan və Ermənistana yaxın gələcəkdə - Ukrayna savaşından dərhal sonra hərbi müdaxilə planları üzərində artıq işləməyə başlayıb. Və vədlər verərək, bu üç ölkəni aldadan Qərbin isə onları Rusiyadan müdafiə etmək niyyətlərinin ümumiyyətlə, olmadığını elə indidən əminliklə iddia etmək mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR