İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb tərəfsiz vasitəçilikdən imtina edir: Bakı-İrəvan təmaslarısa, xarici müdaxilə “pəncərə”sini qapadır

Beynəlxalq vasitəçilik missiyaları indi yalnız təmsil etdikləri ölkələrin və qurumların Cənubi Qafqazdakı maraqlarını ön plana keçirtməyə üstünlük verirlər, hazırda Vaşinqton, Brüssel və Kremlin arbitrliyi artıq öz effektliyini itirib, hətta sülh prosesinə bloklayıcı təsir göstərir… Belə şəraitdə rəsmi Bakının xarici vasitəçilərlə məsafə saxlayaraq, Ermənistanla birbaşa təmaslara üstünlük verməsi tamamilə realist yanaşmadır, böyük ehtimalla sülh sazişinin imzalanması yalnız xarici müdaxilə “pəncərələr”inin qapadılmasına nail olmaqla, ikitərəfli müzakirələr sayəsində mümkün ola bilər…

Dünya nəhəngləri Cənubi Qafqazı öz geopolitik maraqlarının girovuna çevirməyə çalışırlar. Hazırda ABŞ və Qərb Rusiya ilə bu region uğrunda amansız mübarizə aparır. Bu mübarizənin təsirləri isə regional sülh prosesinin inkişaf istiqamətlərində qabarıq şəkildə hiss olunur. Dünya nəhəngləri məhz regional sülh prosesində şəriksiz arbitr statusunu ələ keçirtmək uğrunda kəskin qarşıdurmanı davam etdirirlər. Və Ermənistan üzərində regiondan kənar güclərin təsirləri həlledici səviyyədə olduğundan, yekun sülh sazişinin imzalanması prosesində də ləngimə qaçılmaz olur.

Onu da qeyd etmək lazımdır ki, dünya nəhənglərinin regional sülh prosesinə nəzarət uğrunda qarşıdurmasında ilk mərhələ sona çatıb. İndi növbəti mərhələ çərçivəsində hədəflərin nisbətən dəyişdiyi müşahidə olunur. Belə ki, ilk mərhələdə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına yalnız Rusiya vasitəçilik edirdi. Kreml Rusiyanın geopolitik maraqlarını bu prosesin çərçivəsi daxilinə yerləşdirməyə çalışdığından münaqişə tərəfləri arasında anlaşma mümkün olmurdu. Və əslində, regionda təsir mexanizmlərinə ehtiyac duyan Rusiyanın da maraqları məhz bunu tələb edirdi.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Ancaq ABŞ və Qərb Rusiyanı bu prosesdən kənarlaşdırmaq üçün daha realist və praqmatik şərtlər daxilində vasitəçilik missiyası sayəsində Brüssel platformasının ön plana çıxmasına nail oldu. Praqa Bəyannaməsinin imzalanmasından sonrasa, ABŞ və Qərb sülh danışıqlarında Rusiyanı sıxışdırıb, təşəbbüsü ələ keçirtməyi bacardı. Və məhz bundan sonra Qərbin mövqeyində, sülh prosesinə yönəlik vasitəçilik prinsiplərində müəyyən dəyişiklər ortaya çıxmağa başladı.

Məsələ ondadır ki, Rusiya əngəlini aşan ABŞ və Qərb bu dəfə Cənubi Qafqaza Ermənistan üzərindən yerləşmək qərarı verdi. Ona görə də, sülh danışıqları prosesində ABŞ və Qərb diplomatiyası erməni narrativlərinə üstünlük verməyə başladı. Xüsusilə də, ABŞ Azərbaycana qarşı təhdidkar mövqe tutaraq, rəsmi Bakını Ermənistana güzəştə məcbur etməyə cəhd göstərdi. Və bundan sonra rəsmi Bakı Qərbin vasitəçilik missiyasına maksimum səviyyədə ehtiyatlı yanaşmağa üstünlük verdi.

Təbii ki, rəsmi Bakı Vaşinqton platformasından məsafə saxlamaqda tamamilə haqlıydı. Çünki Ağ Ev artıq Azərbaycana qarşı təzyiqlərə cəhd göstərməklə yanaşı, həm birbaşa ermənipərəst mövqeyə yerləşmişdi. Eyni zamanda, Brüssel platforması da öz əvvəlki formatından uzaqlaşmaqdaydı. Belə ki, bu platformaya ermənipərəst Fransa və Almaniyanın da əlavə edilməsinə cəhd edilirdi. Bu səbəbdən də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin təşkilatşılığı ilə keçirilən Qranada görüşündən imtina olundu. Və nə qədər qəribə də olsa, həmin görüşdə Azərbaycanın iştirakı olmadan daha çox Ermənistanı qane edən sənəd imzalandı.

d491ec7e79a11cfca5fddec9a09b80d7.jpg (242 KB) 

Son vaxtlar isə Brüssel platforması olduqca dərin böhran keçirtməyə başlayıb. Belə ki, rəsmi Bakı bu platformanın təşkilatçısı olan də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin davranışlarından və açıqlamalarından ciddi şəkildə həm narazı, həm də narahatdır. Çünki ermənipərəst Fransanın təsirinə təslim olduğu müşahidə edilən Şarl Mişel də açıq-açkar Ermənistanın narrativlərini gündəmə gətirməyə çalşır. Və bu, onun son açıqlamalarında qabarıq şəkildə nəzərə çarpır.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında tərəfsiz vasitəçilik etməli olan Ş.Mişel Qarabağı könüllü tərk etmiş ermənilərin məsələsini beynəlxalq hüququn predmeti kimi gündəmə gətirməyə çalışıb. O, bildirib ki, Qarabağ ermənilərinin geri qayıtmaq və təhlükəsiz yaşamaq hüququ olmalıdır. Bu, həm beynəlxalq hüquq normaları, həm də Azərbaycan Konstitusiyası ilə təmin edilməlidir. Və Ş.Mişel ona da eyham vurub ki, Qarabağ ermənilərinin geri dönüş məsələsi yekun sülh sazişində yer almalıdır.

Tərəfsiz vasitəçi olduğunu iddia edən Şarl Mişelin bu açıqlaması birmənalı şəkildə təxribat xarakteri daşıyır. Belə ki, burada Qarabağ ermənilərinin geriyə dönüş məsələsini beynəlxalq hüquqla əlaqələndirməklə, Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq cəhdi nəzərə çarpır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu məsələ Azərbaycanın daxili işidir və yalnız Azərbaycan Konstitusiyanı uyğun həll ediləcək. Azərbaycan Konstitusiyasına görə isə ölkə ərazisində daimi yaşayış hüququna yalnız vətəndaşlıq statusu olan şəxslər malikdir.

Yəni, ermənilər beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa geri dönüb, daimi yaşamaları üçün vətəndaşlıq barədə müraciət etməlidirlər. Halbuki, ermənilər bundan qəti şəkildə imtina edirlər. Heç bir dövlət, o cümlədən də, Azərbaycan öz ərazisində vətəndaşlıq hüququ olmayan şəxslərin daimi yaşamasına imkan verməz. Bu, həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycan Konstitusiyasına ziddir.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Digər tərəfdən, Şarl Mişelin yekun sülh sazişində Qarabağ erməniləri barədə bəndin yer alması barədə “ideya”sı da absurd və məntiqsizdir. Çünki yekun sülh sazişi Azərbaycan və Ermənistan arasında mövcud olan problemlərin tənzimlənməsi məqsədi daşıyır. Qarabağ erməniləri ilə bağlı məsələ isə dövlətlərarası deyil, məhz Azərbaycanın daxili işidir. Və bu mövzunun Ermənistana heç bir hüquqi aidiyyatı yoxdur.

Göründüyü kimi, Brüssel platformasının moderator faktiki olaraq, Azərbaycanın daxili işlərinə qarışmağa çalışır və “erməni faktoru” üzərindən Avropa Birliyi üçün regional təsir mexanizmləri yaratmağa cəhd edir. Halbuki Şarl Mişel bir qədər ədalətli və ya tərəfsiz olmağa çalışsaydı, onda Qarabağ ermənilərinin geriyə dönüş hüquqlarından danışarkən, Ermənistandan zorla qovulmuş Azərbaycanlıları da xatırladardı. Və bir milyona yaxın Azərbaycanlının da öz yurd-yuvalarına qayıtmaq hüququnu etiraf edərdi.

Bütün bunlar onu göstərir ki, xarici vasitəçilik missiyaları hazırda yalnız təmsil etdikləri ölkələrin və qurumların Cənubi Qafqazdakı maraqlarını ön plana keçirtməyə üstünlük verirlər. Ona görə də, hazırda Vaşinqton, Brüssel və Kremlin vasitəçilik missiyaları artıq öz effektliyini itirib, hətta sülh prosesinə bloklayıcı təsir göstərir. Belə şəraitdə rəsmi Bakının xarici vasitəçilərlə məsafə saxlayaraq, Ermənistanla birbaşa təmaslara üstünlük verməsi tamamilə realist yanaşmadır. Və böyük ehtimalla sülh sazişinin imzalanması yalnız xarici müdaxilə “pəncərələr”inin qapadılmasına nail olmaqla, ikitərəfli təmaslar sayəsində mümkün ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR