Onlayn ictimai-siyasi qəzet
“Rusiya iqtisadiyyatı sabitlik illüziyasına baxmayaraq, çökməyə doğru gedir. Ukraynaya qarşı bir günlük müharibə Rusiya büdcəsinə 1 milyard dollara başa gəlir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan həftəlik “Time” jurnalı yazıb.
Nəşr təhlil materialında bildirir ki, Kreml işğalı maliyyələşdirmək üçün xammal ixracından milyardlarla vəsait toplayır, lakin Qərbin sanksiyalarından sonra Rusiya üçün enerji qiymətləri kəskin şəkildə aşağı düşüb və indi o, Asiya bazarına dərin endirimli neft tədarükü sayəsində çətinliklə ayaqda durur: “Bütün bunların fonunda Rusiya hakimiyyəti Ukraynada müharibəni davam etdirmək üçün "böyük" vergilər tətbiq edir və öz xalqını soyur. Bu cür addımlar Putini Rusiya cəmiyyətində qeyri-populyar edir və onun gücünü zəiflədir. Təəccüblü deyil ki, “Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojinin təşkil etdiyi silahlı üsyana cəhd zamanı Rusiyanın nə əhalisi, nə də elitaları ölkə prezidentinin ətrafında birləşmədilər".
ABŞ nəşrinin təhlilindəki məqamlar Rusiya ilə qonşu olan, onunla sıx iqtisadi əməkdaşlıq şəraitində yaşayan bütün ölkələr üçün əhəmiyyətlidir. Bu baxımdan, kənd təsərrüfatı ixracımızın 90 faizə yaxınının reallaşdığı, idxalımızda birinci yerdə olan, milyonlarla vətəndaşımızın əmək miqrantı kimi çalışdığı Rusiyanın iqtisadiyyatında baş verənlər Azərbaycan üçün də önəmlidir.
Bu ilin birinci rübündə Rusiyanın ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Bunun əsas səbəbi Rusiyanın başlıca ixrac məhsulu olan neft-qazın qiymətindəki azalmadır. Məlumdur ki, qaz qiymətləri ötən ilin eyni dövründən 2 dəfə ucuzlaşıb. Neftə gəlincə, ötən ilin dekabrında G7 ölkələri və Avropa İttifaqı Rusiya neftinə embarqo və qiymət tavanı təyin edib. Fevraldan isə eyni addımlar Rusiyanın neft məhsullarına qarşı da atılıb. Nəticədə yanvar-fevral aylarında Rusiyanın başlıca ixrac məhsulu olan Urals neftinin orta qiyməti 48 dollara düşüb.
Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, iyun ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftin bir barelinin qiyməti 55,28 dollara bərabər olur. Bu, mayla müqayisədə 0,28 dollar artım deməkdir. İllik ifadədə isə Urals 1,58 dəfə dəyər itirib - keçən ilin iyununda orta qiymət 87,25 dollar olmuşdu. Altı aylıq aylıq orta qiymət isə 52,7 dollar olmaqla ötənilkindən 31,9 dollar aşağı düşüb.
Moskva ötən ilin dekabrında Qərbin tətbiq etdiyi 60 dollarlıq qiymət tavanından yuxarı satışa nail ola bilməsə də, ixrac həcmlərini artırmaqla azalan gəlirlərini kompensasiya etməyə can atır. Lakin bu, gəlirlərin azalmasını kompensasiya edə bilmir.
Belə ki, bu ilin birinci yarısında Rusiya büdcəsinin neft-qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz azalmaqla 3 trilyon 382 milyard rubl təşkil edib. Büdcə kəsiri isə altı ayda 2,6 trilyon rubla bərabər olub. Gəlirlərin azalması Rusiya hökumətini büdcənin “oksigen yastığı” sayılan Milli Rifah Fondu vəsaitlərini xərcləməyə vadar edir. Maliyyə Nazirliyinin məlumatına görə, iyun ayı ərzində fonddan dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün 3,452 milyard yuan və 5,127 ton qızıl satılıb. Bundan əldə olunan 66 milyard 978,9 milyon rubl büdcəyə köçürülüb. May ayında isə bu məqsədlə fonda məxsus yuan və qızıl satışından 48 milyard 967,8 milyon rubl əldə edilmişdi.
İyunun 1-də MRF-nin 12 trilyon 353 milyard 126 milyon rubl (onda olan məzənnə ilə 153,099 milyard dollar) vəsaiti olub. Ay ərzində vəsaitlər 317,124 milyard rubl artsa da, rublun dəyərsizləşməsi nəticəsində dollar ifadəsində 7,5 milyard dollar azalıb.
Azalan büdcə gəlirlərini kompensasiya etmək üçün Rusiya hakimiyyəti iri şirkətlərdən birdəfəlik haqq almağa çalışır. Artıq 6 aydan çoxdur iri şirkətlərdən 2021-2022-ci illərin mənfəətindən birdəfəlik ödəmə şəklində vergi alınması üçün proses başladılıb. 360 milyard rubl təşkil edəcəyi gözlənilən və daha çox “müharibə haqqı” kimi qiymətləndirilən ödənişin alınması prosesini qanuni hala gətirəcək layihə artıq Dövlət Dumasında qəbul edilib.
Rusiyanın xarici ticarətindəki vəziyyəti Avropa İttifaqı ilə ticarətin timsalında aydın görmək olur. Belə ki, 2022-ci ildə Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsi son 8 ildə ən yüksək həddə çataraq 258,6 milyard avro təşkil edib. Evurostatın məlumatına əsasən Rusiyadan Avropa İttifaqına məhsul ixracı 25 faiz artaraq 203,4 milyard avro olub. Rusiyanın Birlik ölkələrindən idxalı isə 38,1 faiz azalaraq 55,2 milyard avro təşkil edib. Bu, 2005-ci ildən bəri ən aşağı göstəricidir.
Bu ilin yanvar-aprel aylarında isə Rusiyanın Avropa İttifaqı ilə ticarəti keçən ilin eyni dövrü ilə müqayisədə 65,5 faiz azalmaqla 36,8 milyard avroya bərabər olub. Bu zaman Avropa İttifaqının Rusiyaya ixracı 32,4 faiz azalmaqla 14,4 milyard avroya, Rusiyanın, əksinə, ixracı isə 73,7 faiz azalmaqla 22,4 milyard avroya düşüb.
Rusiya hakimiyyəti, prezident Vladimir Putin iqtisadiyyatda vəziyyətin yaxşı olduğu görüntüsü yaratmağa çalışsa da, buna cəmiyyəti inandırmaq getdikcə daha çətin olur. İyunun 23-24-də baş verən “Vaqner” qiyamından sonra Rusiya cəmiyyətində pessimizm sürətlə artır. İyunun 24-dən etibarən Rusiya milli valyutasının bütün valyutalar qarşısında kəskin dəyərsizləşməsi prosesi gedir. Artıq 1 dollar 92 rubla, 1 avro isə 100,5 rubla mübadilə olunur. Qiyam və ondan sonrakı günlərdə ekspertlərin müvəqqəti hal kimi qiymətləndirdikləri proses dayanmır, rubl hər gün dəyər itirir.
"Bloomberg" Agentliyi bildirir ki, rublun dəyərsizləşməsi Rusiya hökumətinin məqsədyönlü siyasətidir. Agentliyin mənbələrinin dediyinə görə, rublun dəyərsizləşməsi büdcə kəsirini azaltmaq üçün hökumətə güclü dəstəkdir. Belə ki, may ayında Rusiyanın xarici bazarlarda satdığı məhsullardan əldə etdiyi xarici valyutanın - dollar və avronun 80 faizdən çoxu daxili bazarda satışa yönəldilib. Bu barədə qanun ötən il qəbul edilib: özəl şirkətlər də əldə etdikləri valyutanın 80 faizini daxili bazarda satışa yönəltməlidilər. Bu isə o deməkdir ki, daxildə artan valyuta tələbini qarşılamaq üçün ehtiyatlar çox azdır. Digər tərəfdən, keçən il minimuma düşən idxal getdikcə artır. Sanksiyalara qədər ölkədə toplanmış məhsul və hissələrin ehtiyatları tükənib. Həm ev təsərrüfatlarının, həm də biznesin idxala ehtiyacı kəskin artıb. İdxal ehtiyacı ilə yanaşı, alınan məhsulların dəyəri də bahalaşıb: Qərb özünün demək olar ki, bütün növ texnoloji məhsullarının Rusiyaya ixracına qadağa qoyub. Hökumət idxal tələbinin qarşılanması üçün malların ikili idxalına rəsmən icazə verib. Lakin ikili idxal həm də malların bahalaşması deməkdir: arada vasitəçilik edən xarici şirkətlər də qazanc götürməlidilər. Digər tərəfdən, həm Avropa İttifaqı, həm də ABŞ Rusiyaya qadağan olunan məhsulların ikili idxalına qarşı mübarizəni sərtləşdirir, bu prosesdə iştirak edək şirkətləri ciddi cəzalandırırlar. Bu da əlavə risklər olaraq idxal edilən məhsulların qiymətinə oturur. Beləliklə, artan idxalın dəyərini ödəmək üçün biznes və ev təsərrüfatlarına getdikcə daha çox valyuta tələb olunur və bu tələbin ilin sonunadək artmağa davam edəcəyi şəksizdir.
Rusiyanın öz neftini bu ilin 6 ayında əsasən Çin, Hindistana satdığını, dəyərinin isə əsasən yuan və rupi ilə ödəndiyini nəzərə alsaq, aydın olar ki, ölkəyə dollar-avro ikilisinin idxal həcmi yaranan tələbin yarısını belə qarşılamaq imkanında deyil. Belə şəraitdə Maliyyə Nazirliyinin iyul ayında büdcə kəsirini bağlamaq üçün xarici valyuta satışını azaltmaq qərarı rublun dəyərsizləşməsi prosesini sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Belə bir şəraitdə Rusiya hökumətinin rublu məqsədyönlü şəkildə dəyərsizləşdirməsi inandırıcı görünmür. Çünki “Vaqner” qiyamının siyasi hakimiyyətə yaratdığı inamsızlıq aradan qaldırılmadan rublun ucuzlaşdırılması iqtisadiyyatda böyük panikanın yaradılması deməkdir. Hansı ki, belə panika iqtisadiyyatın əsaslarını sarsıda, makroiqtisadi sabitliyi pozaraq güclü böhran doğura bilər. Dollar və avroda olan ehtiyatlarının yarıdan çoxu Qərb tərəfindən dondurulan Rusiya hökumətinin əlində rublu kəskin dəyərsizləşmədən qoruyacaq qədər xarici valyuta yoxdur.
Bir sıra ekspertlər rublun dəyərsizləşməsini “Vaqner” qiyamından sonra hakimiyyətə bağlı varlı elitanın kapitalını ölkədən çıxarması ilə izah edirlər. Bildirilir ki, varlı elita getdikcə öz vəsaitlərinin Rusiyada batmasındansa, Qərbdəki hesablarda dondurulmasını daha üstün saymağa başlayır. Onlar Putin hakimiyyətinin qiyam qarşısında aciz qalmasından sonra vəsaitlərinin mümkün qədər çox hissəsini xaricə daşımağa başlayıblar. Bu da ölkədə xarici valyuta tələbini kəskin artırıb.
Rusiya rublunun dəyərsizləşməsi oradan idxalımıza görə Azərbaycana sərf etsə də, aqrar ixracatçıların mənafeyi baxımından zərərli prosesdir. Bundan əlavə, Rusiyada iqtisadi böhranın yaranması bu ölkədə əmək miqrantı kimi çalışan yüz minlərlə həmvətənimiz üçün ciddi problem deməkdir. Onların gəlirlərinin azalması Azərbaycana pul göndərişlərinin azalmasına, yüz minlərlə soydaşımızın geri qayıtmasına gətirib çıxara bilər.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ