İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb kəşfiyyatı daha iki il sərhədimizdə - Prezidentdən sərt xəbərdarlıq 

Avropa İttifaqının Ermənistanla sərhəddə yerləşən yarımhərbi missiyası tərkibini genişləndirir, hətta Danimarka polisi də qoşuldu; dövlət başçısının “binokl diplomatiyası” haqda mesajlarlı nəyə hesablanıb?; hərbi və siyasi ekspertlər gizlinləri açdı

Bakı və Moskva rəsmiləri vaxtaşırı Avropa İttifaqının (Aİ) Ermənistandakı sərhəd monitorinq missiyasının “regionda sabitliyə töhfə vermədiyini” və onun geri çəkilməsini tələb edərək “casusluq fəaliyyəti ilə məşğul olduğunu” bildiriblər. Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır.

Avropa İttifaqının mülki missiyası 2022-ci ilin oktyabrında iki aylıq müvəqqəti missiya adı ilə regiona gəldi. Amma bir müddət sonra şərti sərhəddə mandatını və missiya üzvlərinin sayını özbaşına artırmaq yolu tutdu. 2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırmaq barədə razılığa gəlməsi məhz bu siyasətin bir elementi idi. Digər tərəfdən, mülki missiya adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Qərb ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını  yerləşdirdiyi daha şübhə doğurmur.

Son olaraq Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup da  sərhədboyu ərazidə patrul fəaliyyətinə cəlb olunub. Göründüyü kimi, bölgə ilə əlaqəsi olmayan Danimarka belə bu prosesə cəlb olunur və missiyanın tərkibi yenə genişləndirilir.

Prezident İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən də bu barədə danışıb. İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın  razılığı olmadan uzadılmasıdır: “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi". Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə təmaslarda bu məsələ qaldırılacaq.

İrəvanda isə əksinə, bu mandatın uzadılmasının zəruriliyindən danışırlar. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun hərbi qərargahının rəhbəri general Yanuş Adamçakla Bakıda görüşdə Avropa missiyası birliyinin “regiondakı vəziyyəti gərginləşdirdiyini” və “sərhəddən geri çəkilməli olduğunu” bildirib.

Qeyd edək ki, Aİ missiyasının mandatının bitməsinə dörd ay qalıb. Bununla belə, Ermənistanla Avropa İttifaqı arasında müqavilədə qeyd olunur ki, müşahidəçilərin (və ya kəşfiyyatçıların) mandatı daha iki il müddətinə uzadıla bilər.

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Sarkis Xandanyan "AzadlıqRadiosu"na müsahibəsində qeyd edib ki, missiyanın mandatının uzadılması gözlənilir. Xandanyanın sözlərinə görə, “bu missiyanın fəaliyyəti Ermənistanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər çərçivəsində tənzimləndiyindən üçüncü tərəflər bu prosesə müdaxilə edə bilməz”. Bu isə o deməkdir ki, Ermənistan ərazisində Azərbaycana qarşı platsdarm yaradan Aİ missiyası regionun digər ölkələrinə də təhlükə yaradan hərbi və casusluq fəaliyyəti ilə məşğul olmaqda davam etməkdə israrlıdır. Qeyd edək ki, bu missiyanın “kəşfiyyat fəaliyyəti” barədə Rusiya da bəyanatlar verib, İran isə ara-sıra İrəvana bu barədə eyham vurmaqla kifayətlənib. 

“Hələlik bu hərəkətlərə Rusiya bəyanat verməklə məhdudlaşır. İran da vaxtaşırı eyham vurur. Yəni Rusiya və İran bu məsələdə bizimlə eyni fikirdə görünsə də, adekvat reaksiya vermirlər. Ona görə də Ermənistan və Avropa Birliyi təxribatçı qrupun fəaliyyətini genişləndirir”. Bu sözləri “Yeni Müsavat”a professor Qabil Hüseynli deyib.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Aİ-nin yarımhərbi missiyasının tərkibində Kanadanın da olduğunu vurğulayan Q. Hüseynli yada saldı ki, Kanada Avropa İttifaqına daxil deyil: “Bu missiyaya Danimarkanın qoşulması istehza doğurur. Danimarka heç bilmir ki, bizim coğrafiyanın siyasi problemləri nədən ibarətdir. Görünür ki, Fransa Avropa Birliyi ölkələrini idarə edir. Bu missiya Makronun kəşfiyyat xarakteri daşıyan hiyləgər planıdır. Ermənistan sərhədlərin dəqiqləşməsi ilə bağlı real addımlar atmaq əvəzinə sərhədə bu qüvvələri yerləşdirməklə prosesə tünd rəng qatmağa davam edir. Ötən həftə avropalı müşahidəçilərlə erməni hərbçilərin keçmiş Laçın koridorunu birgə izləməsi də anlaşılan deyildi. Əvvəla, özbaşınalıqdır, ikincisi, nə axtarırlar, bəlli deyil...”

Professor hesab edir ki, mülki missiya adı ilə regiona gələn güclərin iki hədəfi var: “Birincisi, Rusiyanın Ermənistanda təsirlərini azaltmaq, ikincisi, kəşfiyyat hərəkətləri. Onlar bölgəni öyrənməyə çalışırlar. Ancaq Rusiyanı Ermənistanda sıxışdırmaq siyasətində yanılırlar. Hətta sayca 2 min nəfər olsalar belə, nəticə dəyişmir. Hazırda Ermənistan sərhədləri rus hərbçiləri tərəfindən mühafizə edilir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli isə bildirdi ki, “binokl diplomatiyası” Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda mövcudluq siyasətidir. Onun sözlərinə görə, bu missiya kəşfiyyat xarakterli fəaliyyət göstərsə belə, nəticəsi uğurlu ola bilməz: “Avropa Birliyi guya patrul xidməti həyata keçirir. Bura Suriya deyil, hər hansı aktiv münaqişə, hərbi əməliyyatlar aparılmır... O halda patrul xidmətinə nə ehtiyac var? Sadəcə, görün Ermənistan nə dərəcədə özünə hörmət qoymayan dövlətdir ki, ərazisində ayrı-ayrı qüvvələr "at oynadır", sərhədləri poliqona çevrilib. Ermənistan sərhədlərində 1992-ci ildən həm rus hərbçiləri var, həm də avropalı “revizor”lar. Paşinyan, faktiki olaraq, ərazilərini poliqon edib. Hazırda bir-birinə Ukrayna böhranına görə düşmən kəsilən tərəflər Ermənistanda üz-üzədir. Bu, təhlükəli siyasətdir və Nikol Rusiya ilə belə çox oynaya bilməyəcək".

Hərbi analitik istisna etmir ki, Aİ hərbi blok olmasa da, bu missiya ilə son məqsəd Ermənistanda Fransa, yaxud ABŞ-ın hərbi bazasını yerləşdirməkdir: “Çünki Paşinyan təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarır. Bugünlərdə Təhlükəsizlik Şurasının katibi Qriqoryan NATO qərargahında görüşlər keçirib. Belə xəbərlər sızdırıldı ki, Qriqoryan Alyansdan təhlükəsizlik zəmanəti istəyib. Hətta bu azmış kimi, daha güclü silahlanma və Azərbaycana yeni hücumlar üçün dəstək xahiş edib. Bu baxımdan Ermənistan başından böyük siyasi oyunların girdabındadır və İrəvanın hərbi-siyasi cəhətdən strateji hərəkətləri əslində rabitəsiz, qeyri-müəyyən, bölgədə eskalasiya risklərini artıran hərəkətlərdir. Düşünürəm ki, sülh sazişinin imzalanmasına  hazır olduğunu deyən tərəf öncə sərhəddən avropalı müşahidəçiləri yığışdırmalıdır. Əgər döyüş yoxdursa, danışıqlar davam edirsə, İrəvan sülh mətninin 13 bəndinin razılaşdırıldığını bildirirsə, o zaman Avropa İttifaqının bu missiyası sərhəddə nəyi müşahidə edir?”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR