Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz sülh prosesindən uzaqlaşdırılır. Üstəlik, bu prosesin xüsusi plan çərçivəsində idarə olunaraq, reallaşdırıldığı da açıq-aşkar nəzərə çarpır. Cənubi Qafqaza bu regiona heç bir aidiyyatı olmayan beynəlxalq güclərin kobud və pozucu müdaxiləsinin nə qədər təhlükəli olduğu növbəti dəfə birmənalı şəkildə təsdiqlənməyə başlayıb. Və indi əsas məsələ bu regionu beynəlxalq güclərin qurduğu təhlükəli oyunların mümkün dağıdıcı nəticələrindən yayındırmaqdan ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan nəhəng güclərin əsas münaqişə poliqonuna çevrilmək üzrədir. Belə ki, ABŞ və Qərb Ukrayna savaşından sonra Cənubi Qafqazda da Rusiyaya qarşı ikinci qarşıdurma cəbhəsi açıb. İkinci cəbhənin təmas xətti isə hələlik yalnız Ermənistan ərazisindən keçir. Qərbi təmsil edən hərbi-siyasi düşərgənin avanqard ölkəsi rolundasa, məhz Ermənistanın “mənəvi bacı”sı Fransa çıxış edir. Və bu baxımdan, Fransa-Ermənistan münasibətlərinin mövcud istiqamətləri hazırda Rusiyanın Cənubi Qafqaz maraqlarında əsas “düyün nöqtəsi” də sayıla bilər.
Məsələ ondadır ki, Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb. İndi rəsmi Paris Ermənistanı Hindistanla ortaq şəkildə silahlandırmağa çalışır. Artıq Ermənistana müəyyən hərbi texnika növləri də göndərilib. Üstəlik, rəsmi İrəvandan iki istiqamət üzrə konkret addımların atılması tələb olunur. Birincisi, Paşinyan hakimiyyətindən Azərbaycanla qısamüddətli də olsa, genişmiqyaslı hərbi toqquşmalara nail olması istənilir. Digər tərəfdənsə, Ermənistanın Rusiyaya qarşı daha radikal siyasi addımlar atması ilə bağlı şərt irəli sürülüb.
Əslində, Ermənistanın Fransa ilə hərbi əməkdaşlıq barədə saziş imzalamasının özü də Rusiya əleyhinə radikal siyasi addım hesab oluna bilər. Çünki Ermənistanın Rusiya ilə də hərbi müttəfiqlik barədə qüvvədə olan müqaviləsi mövcuddur. Fransanın Rusiyanın əsas beynəlxalq düşmənlərindən biri olduğunu nəzərə aldıqda, Paşinyan hakimiyyətinin rəsmi Parislə belə sıx yaxınlaşma qərarı Kremlə geopolitik xəyanət anlamı daşıyır. Və bunu təsdiqləyən digər önəmli faktorlar da artıq kifayət qədərdir.
Məsələ ondadır ki, bir-birinə düşmən olan iki ölkə - Rusiya və Fransa ilə eyni vaxtda hərbi müqavilə istənilən halda, kəskin siyasi ziddiyyət qaynağı hesab oluna bilər. Çünki Kremlin Ermənistandan ABŞ və Qərbə, o cümlədən də, Fransaya qarşı Rusiya ilə ortaq fəaliyyət gözləntiləri mövcuddur. Rəsmi İrəvan hazırda Ukrayna savaşı da daxil olmaqla, Rusiyanın gözləntilərini qarşılamaqdan açıq-aşkar imtina edir. Və hətta birmənalı şəkildə Ermənistanın Ukrayna savaşına münasibətdə Rusiya ilə müttəfiq olmadığını da bəyanlayır.
Belə anlaşılır ki, Ermənistan Rusiya ilə hərbi müttəfiqlik öhdəliklərindən artıq tamamilə imtina edib. Bunun əvəzindəsə, Fransa ilə hərbi əməkdaşlıq quraraq Rusiyaya qarşı fəaliyyət göstərmək niyyətindədir. Üstəlik, Fransa ilə hərbi əməkdaşlıq sənədində Rusiya əleyhinə maddələrin olduğu da bildirilir. Belə ki, həmin sazişdə Ermənistan və Fransa arasında kəşfiyyat məlumatlarının mübadiləsi barədə öhdəlik mövcuddur. Və bu öhdəlik rəsmi İrəvanın Rusiya ilə müttəfiqliyi tamamilə hüquqi qüvvədən saldığını göstərir.
Əsas məqam ondan ibarətdir ki, Fransa Azərbaycanla bağlı hərbi peyk müşahidələri ilə əldə olunmuş məlumatların Ermənistana verilməsini öz üzərinə götürüb. Rəsmi İrəvan isə bunun qarşılığında dörd ölkə - Azərbaycan, Türkiyə, Rusiya və İran barədə kəşfiyyat materiallarının Fransaya verilməsi barədə öhdəliyi qəbul edib. İndi Kremldə və Tehranda bu anlaşmanın necə qarşılanacağı böyük maraq doğurur.
Təbii ki, Azərbaycan və Türkiyə bu məsələdən o qədər də böyük narahatlıq keçirmirlər. Çünki Ermənistan və Fransa onsuz da Türk İttifaqının ən qatı düşmənləridir. Ona görə də, bu iki ölkə arasında Türk İttifaqına qarşı kəşfiyyat materiallarının mübadiləsi qətiyyən gözlənilməz proses deyil. Halbuki, bunu Rusiya və İrana aid etmək bir qədər çətindir.
Nəzərə almaq lazımdır ki, İran Ermənistana intensiv şəkildə hərbi-siyasi dəstək verən ölkələrin sırasına daxildir. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına münasibətdə İran birqayda olaraq, rəsmi İrəvanın yanında yer alır. Üstəlik, rəsmi Tehran Ermənistanın sərhədlərinin toxunulmazlığını İranın “qırmızı cizgiləri” sırasına daxil edib. İndi Ermənistan həmin “qırmızı cizgilər” daxilindən İran barədə kəşfiyyat məlumatlarını birbaşa Fransaya, yəni, ABŞ və Qərbə ötürəcək.
Maraqlıdır ki, Rusiya ilə bağlı da təxminən oxşar situasiya hökm sürür. Belə ki, Ermənistan öz hərbi müttəfiqini – Rusiyanı ABŞ və Qərbə satmaq barədə öhdəlik götürüb. Hər halda, Fransaya ötürüləcək kəşfiyyat materiallarının dərhal NATO-ya veriləcəyi qətiyyən şübhə doğurmur. Rəsmi İrəvan Rusiya və İran əleyhinə kəşfiyyat fəaliyyətinə qətiyyən yeni başlamayıb. Çünki Avropa Birliyinin mülki müşahidə missiyası da Qərbin Ermənistandakı kəşfiyyat qrupudur. Əsasən, peşəkar fransız və alman kəşfiyyatçılarından ibarət vu qrupun üzvlərinə Ermənistan ərazisində tam fəaliyyət sərbəstliyi verilib.
Ancaq indi Ermənistan kəşfiyyatı Rusiya və İran barədə əldə etdiyi məlumatları özü birbaşa Fransaya, yəni Qərbə ötürəcək. Rusiyanın hərbi və siyasi hakimiyyət dairələrində çox sayda erməni məmurun təmsil olunduğunu nəzərə aldıqda, Ermənistan kəşfiyyatının Qərbi daha dəqiq məlumatlarla təmin edə biləcəyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, hesab etmək olar ki, Qərb kəşfiyyatı erməni faktoru üzərindən Rusiyanın hakim dairələrinin daxilinə qədər irəliləmək şansı qazanıb.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiyanı bütün sahələr və istiqamətlər üzrə satmaq qərarına gəlib. Ermənistan hazırda Rusiyanın ətrafında müəyyən mənada, “troya atı” rolunu oynamağa başlayıb. Qərb siyasi dairələri indi məhz satqınlığa və xəyanətə vərdişli ermənilərdən Rusiyanın sirlərini öyrənmək üçün maksimum səviyyədə istifadə edəcək. Kremlin Rusiya hakim dairələrində dövlət sirlərini “erməni faktoru”ndan necə qoruyacağı da istər-istəməz maraq doğurur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ