İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “İlin Gənc Müəllimi-2022” yarışmasının qalibləri ilə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsi, AzEdu təhsil portalı və “Gənc müəllim" şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən “İlin gənc müəllimi-2022” yarışması qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Musavat.com xəbər verirki, ükafatlandırılma mərasimini Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva giriş sözü ilə açıb, daha sonra müəllimlərlə həmsöhbət olub. Müəllimlər özlərinin və şagirdlərinin təhsildə əldə etdiyi uğurlar haqqında Komitə sədrinə geniş məlumat verib.

Qənirə Paşayeva “İlin gənc müəllimi-2022” yarışmasının təşkilində zəhməti olan hər kəsə, eləcə də, yarışmaya qatılan müəllimlərə öz təşəkkürünü çatdıraraq, belə yarışmaların ictimai fikrdə təhsilə, gənc nəslə diqqətin artmasına, gənc istedadların üzə çıxarılmasına xidmət etdiyini, özəlliklə gənc müəllimlər üçün stimul olduğunu vurğulayıb: “Cəmiyyətimiz müəllimlərimizi tanımalı, onların uğurları barədə məlumatlı olmalıdır. Cəmiyyətdə populyarlıq qazanmış bir çox insan var, lakin mənə elə gəlir, ilk sıralarda məhz müəllimlər tanınmalıdır.
Müəllim sadəcə bilikləri öyrədən yox, həm də həyatı, fəaliyyəti ilə örnək olan insandır.

Yarışmanın qalibləri olan siz dəyərli gənclərimizi ürəkdən təbrik edir, hər birinizlə tanışlıqdan çox məmnun olduğumu bildirir və hər birinizə yeni uğurlar diləyirəm!

Önümüzdəki illərdə Qarabağda məktəblər açılacaq, bununla müəllimlərimizin də həyatında yeni səhifə açılmış olacaq. Günümüzdə təhsilin qarşısında duran ən böyük problem bölgələrdəki məktəblərimizdə savadlı müəllimlər sarıdan müşahidə edilən boşluqdur. Bu sahədə bizim təhsil fədailərinə ehtiyacımız var.

“Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi “Bizim gələcəyimiz gənclərimizə nəyi necə öyrətməyimizdən asılıdır.

Mən özüm iki müəllimin ailəsində böyümüşəm; bu sahə ilə həmişə mənəvi bağlılığım olub.

Müəllim zəngin həyat yaşamır, onun çox pulu olmur, amma aldığı zövq və məmnuniyyəti isə heç bir peşə sahibi əldə edə bilmir. Hazırda kəndlərə gedən müəllimlər oranın ən ziyalı və öncül şəxsiyyətlərindəndir. Bayaq da vurğuladığım kimi, müəllimlərə ictimai fikirdə də yüksək diqqət göstərilməli və mediada onların qabaqcıl fikirlərinə geniş yer ayrılmalıdır.

Məktəb yalnız bilik və savad vermək üçün deyil, o, həm də layiqli vətəndaş, faydalı şəxsiyyət yetişdirməlidir. Burada müəllimin üzərinə ailə qədər böyük yük düşür. Onlar gənclərin fərqli istiqamətdə istedadlarını üzə çıxarmalıdır.

“İlin gənc müəllimi” layihəsinin qaliblərini bir daha səmimi qəlbdən təbrik edirəm”!

Qeyd edək ki, İsmayıllı rayonundakı Talıstan kənd tam orta məktəbində Tarix fənnini tədris edən Orxan Əhmədov ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2022” yarışmasında I yerə, Ucar rayonundakı Alpı kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi olan Səidə Quliyeva II yerə, Lənkəran rayonundakı Jidi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi olan Leyla Qarayeva III yerə layiq görülüb.

Yüksək bal toplayaraq, ilk onluğa çıxmış digər müəllimlər isə Vasif Şıxıyev (Şamaxı şəhər 10 nömrəli tam orta məktəb),

Ülviyyə Abdulova (Abşeron rayon Məmmədli kənd tam orta məktəb),

Səltənət Qurbanova (Göygöl rayon Çaylı kənd tam orta məktəb),

Səbinə Əsədova (İmişli rayon 6 saylı orta məktəb),

Samirə Əmrahova (Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəb),

Leyla Camalzadə (Gəncə şəhəri 4 nömrəli tam orta məktəb),

Kamil Kazımov (Lerik rayon Vistən kənd tam orta məktəb) olub.

Qalib müəllimlərlə Komitədə keçirilən görüşdə “İlin gənc müəllimi-2022” yarışmasının təşkilatçılarından AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı iştirak edib.

Tədbirin yekununda müəllimlərə Mədəniyyət komitəsi adından Təbrik Məktubu və qiymətli hədiyyələr təqdim olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR