Onlayn ictimai-siyasi qəzet
Pandemiyadan qabaq bir hüzr məclisində 5-6 tanış adam yas mağarının xaricində durub ordan-burdan söhbət edirdik. Həmişə olduğu kimi, söhbət beynəlxalq siyasətə vardı, söz ABŞ prezidenti Trampdan düşdü.
Bu heynədə bir eloğlumuz, siyasət barədə mülahizələri “dünyanı masonlar idarə edir”, “Rusiya əjdahadır, ona heç kim bata bilməz”, “hamısı Amerikanın oyunlarıdır” kimi dəqiq təsbitlərdən ibarət olan biri qayıdıb dedi ki, Tramp qəllac adamdır, nemes kimi şeydir.
(Biz tərəflərdə “qəllac adam” ifadəsi sərt, hökmlü, amansız adamlara deyirlər, əslində isə arxaik sözdür, o kəlməyə 150-200 il əvvəlin şairlərinin şeirlərində rast gəlmək olar).
Kimsə ona dedi ki, Tramp gerçəkdən də milliyyətcə “nemes”dir, almandır. O da müşahidəsinin doğruluğundan məmnun qalaraq dedi, deyirəm dəə, Hitler kimi nervinnidir.
Eloğlunun Trampın davranışlarındakı “nemes”liyi, onun Hitleri andıran sərt, qətiyyətli hərəkətlər etməsini, türkün sözü, sivri dilli, hikkəli olmasını sezməsi təsadüfi deyildi. Özbaşına qoyulsaydı, o, gerçəkdən də ABŞ-da diktatura bərqərar edəcəkdi. Adamın irqçiliyi də var, Meksika ilə araya 5 metrlik hasar çəkdirmirdimi?
Zarafat deyil, ABŞ tarixində ilk eks-prezident Trampdır ki, yenidən hakimiyyətə gəlmək istəyir. Siyasətçi olmaya-olmaya prezident seçilən ilk adam da Trampdır. Hakimiyyəti zorla əlində saxlamaq istəyən, bundan ötrü Konqres binasına hücum təşkil etdirən yeganə ABŞ siyasətçisi o özüdür. Amerikada haqqında bu qədər cinayət işi açılan, bir ayağı türmədə olan tək dövlət başçısı da bu kişidir. Nikahdankənar lotuluqlarına görə məhkəmələrə çəkilən, adı mediada dillər əzbəri olan 1 nömrəli dövlət başçısı yenə odur.
Hərçənd bu məsələdə 2, 3 və 4 nömrəli olanlar da var. Məsələn, 30-cu prezident Kalvin Kulic, 36-cı prezident Con Kennedi və 42-ci prezident Billi Klinton da farağat adamlar olmayıblar, amma heç biri Trampa çatmaz. Tramp çox qəllac adamdır.
O, bir az pis vaxta və qeyri-münasib ölkəyə düşdü, yoxsa bu hirs-hikkə və ambisiya ilə başqa ölkədə nəsə bir pəstəha çıxarar, hakimiyyəti əlindən verməzdi.
Bir çoxları güman edirdi ki, vəzifədən gedəndən sonra Trampın tasa-pasası yatacaq, gedib təqaüdçülərə qoşulacaq. Əksinə oldu. Elə bir gün olmaz ki, o, yenidən hakimiyyətə iddia etdiyini deməsin, ayrıca siyasi xələfi Baydeni itdən alıb, itə verməsin. Artıq Tramp tribunada onun ağzını əyir, hərəkətlərini yamsılayır, ələ salır.
Dünən isə eks-prezident HƏMAS-ın İsrailə hücumunun təqsirini Baydenin belinə şələləyib, deyib ki, HƏMAS Baydenin rüsxəti ilə verilən ABŞ dollarları ilə maliyyələşir.
Bir o deyil. Tramp Çinlə Rusiyanın yaxınlaşmasının günahını da Baydendə görür. Türkiyə və Macarıstanın NATO-ya üzv olmaq istəyən İsveçə maneçilik törətməsinin suçu da, Trampa görə, Baydendədir. Tramp hesab edir ki, Rusiyanın Ukraynaya qalib gələ bilməməsinin səbəbkarı Baydendir, özü prezident olsaydı, müharibəni bir neçə saata bitirərdi. Yəni Rusiyaya imkan verərdi ki, Ukraynanı işğal etsin, mübahisə, münaqişə və müharibə sona çatsın.
Bildiyiniz kimi, 1-2 ay əvvəl Havay adalarında dəhşətli yanğın olmuşdu. Tramp hər şeyi qırağa qoydu, Baydendən yapışdı. Trampa görə, ABŞ-da baş verən tornadoların günahı o mənada Baydendədir ki, preventiv tədbirlər görmür.
Uzun sözün kəsəsi, Trampın iddialarına görə, ABŞ-da və dünyada nə qədər pis iş varsa, hamısının günahkarı Baydendir.
Açığı, onun bu cür açıqlamaları artıq bəşər əhlini bezdirib. Adam səhər tezdən yuxudan durur, axşamacan Bayden-Bayden deyir. Ancaq bir iş var ki, Amerikada xeyli adam onun belə danışmasından ləzzət alır və düşünürlər ki, varsa da, yoxsa da, gerçək müxalifət Trampdır, o birilərin hamısı “avtobus müxalifəti”dir, satılıblar, Ağ Evə işləyirlər.
Belə adamlar başqa ölkələrdə də var, heç nəyə qane olmur, heç nədən məmnun qalmırlar. Düzü belədir ki, 7\24 tənqidçi olmaq da bir şey deyil. Bəzən gərək tormoz edəsən, yaxşı şeyə ağız büzməyəsən, təqdir edə bilmirsənsə, heç olmasa, dinməyəsən.
Bax, ona görə bizim eloğlunun Tramp haqqında fikri lakonik və dəqiqdir: “Qəllac adamdır”.
İndi görək, bu “qəllac adam” yenidən prezident ola biləcəkmi? Tarixi təcrübə deyir ki, ola bilməyəcək. Amma dünyanın işini nə bilmək olar, bir də gördük, oldu.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ