İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qəbul imtahanlarında çətin suallar olacaq” iddiası

"Suallar çətin olanda da, asan olanda da savadlı abituriyentlər daha çox bal toplayır" - ekspert

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 - 19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

14 aprel 2024-cü il tarixində də növbəti imtahan keçiriləcək. Bu il ilk buraxılış imtahanından maksimal balı toplayanların sayı çox olub.

Maraq doğuran odur ki, bu nəticə cari ildə imtahan suallarının asanlaşması, yoxsa şagirdlərin bilik səviyyəsinin artmasından irəli gəlir? Eləcə də bu nəticələr qəbul imtahanlarında müsabiqə vəziyyətini cətinləşdirəcəkmi?

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“ Yeni  Sabah

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, son 3 ildə Elm və Təhsil Nazirliyi təhsil sistemində xeyli islahatlar aparıb ki, bu da imtahanların nəticəsinə müsbət təsir göstərib: “İlk növbədə qeyd edim ki, həm 3 mart, həm də 10 martda keçirilən imtahanlarda ümumilikdə 110 min nəfərə yaxın şagird iştirak etdi və pandemiyadan sonra biz artıq təhsilin göstəricilərinin artmasını müşahidə etdik. Sevindirici haldır ki, məhz uzun illərdən sonra ilk dəfə imtahanda 14 şagird onlara verilən test tapşırıqlarının hamısına düzgün cavab verərək, 300, yəni  maksimum bal toplayıblar. Digər sevindirici xəbər odur ki, yüksək imtahan nəticələri göstərən şagirdlərin hamısı dövlət məktəblərinin payına düşür. Yəni təhsil haqqı 10-15 min manat olan özəl liseylərin belə nəticəsi demək olar ki, yoxdur. Bu onu göstərir ki, dövlət orta ümumtəhsil məktəblərində artıq tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində son 3 ildə ciddi işlər görülür. Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan təhsil sistemində pandemiya səbəbindən çox ciddi çətinliklər yaşanmışdı və orta ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı problemlər var idi. Amma son 3 il ərzində Elm və Təhsil Nazirliyi məktəblərdə tədrisin keyfiyyətin yüksəldilməsi ilə bağlı təqdirəlayiq işlər görür. Məsələn, orta ümumtəhsil məktəblərində mütəmadi olaraq monitorinq imtahanlarının keçirilməsi, şagirdlərin dərsə davamiyyətinə nəzarət, həmçinin müxtəlif qiymətləndirmə imtahanlarının keçirilməsi buraxılış imtahanlarının nəticələrinə öz müsbət təsirini göstərdi. Bundan başqa, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiya imtahanları müəllimlərin bilik və bacarıqlarının yüksəlməsində mühüm rol oynadı. Beləliklə, təhsil sistemində göstəricilərin yüksəlməsinin şahidi oluruq. Bu, çox yaxşı tendensiyadır. Qarşıdan artıq qəbul imtahanları gəlir, hesab edirəm ki, bu imtahanlarda da şagirdlərimizin nəticələri yaxşı olacaq. Onu da xatırladım ki, 14 şagirdin maksimum nəticə göstərməsi yalnız martın 3-də keçirilən imtahana aiddir. Bir qədər sonra martın 10-da keçirilən, daha sonra isə aprelin 14-də keçiriləcək imtahanın nəticələrini görəcəyik. Güman edirəm ki, son 3 il ərzində təhsil sistemində aparılan islahatların müsbət nəticələrini görə biləcəyik”.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov isə mövzuya bu cür şərh verib: “Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri təhsilin keyfiyyətinin artması və ya azalması kimi qəbul edilə bilməz. Çünki sualların çətinlik dərəcəsi eyni qalsaydı, bunu meyar kimi qəbul etmək olardı, lakin illər üzrə çətinlik dərəcəsi müxtəlif olur. Bunun əksini düşünənlər ötən ilin buraxılış imtahanının sual kitabçasını və bu ilin buraxılış imtahanının sual kitabçasını yanaşı qoyub, fərqi asanlıqla görə bilər. Məhz bunun məntiqi nəticəsidir ki, ötən il bir şagird belə olsa, 300 bal toplaya bilməmişdi.

Bu il 14 nəfər 300 bal toplayıb. Nə baş verdi? Bir il ərzində Azərbaycan orta təhsilin keyfiyyət göstəricisi 1300 faizdən çox yüksəldi? Düzdür, sualların çətin və ya asan olması imtahan verənlərin qəbul olmasına əlavə fürsət yaratmır. Bütün hallarda ən yüksək bal toplayanlar seçilir. Çünki suallar çətin olanda da, asan olanda da savadlı abituriyentlər daha çox bal toplayır və  qəbul yerlərini onlar doldurur. Yəni suallar çətin olanda 500 balla kəsilən adam, sual asan olanda 550 balla da kəsilir. Amma sualların asan-çətin faktoru sonda abituriyentə ciddi təsir edir.  Çünki təhsilin müxtəlif pillələrində və dövlət proqramlarında iştirak edən zaman qəbul balı vacib rol oynayır. Məsələn, Xaricdə Təhsil Proqramına (DP) müraciət etmək üçün qəbul balı 500-dən yüksək olmalıdır. Ötən il nisbətən çətin suallarla 490 bal toplayan tələbə, 4 il sonra DP-yə müraciət etmək şansını itirib. Amma onunla eyni savadda olan başqa abituriyent bu il asan suallar olduğu üçün rahatlıqla 500-dən yüksək bal toplayacaq və vaxtı çatanda DP-yə müraciət edəcək. Bu, insanlar üçün qeyri-bərabər şəraitin yaradılması deməkdir".

Ekspert əlavə edib ki, oxşar mövzu Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanların da baş verib: “Sualların çətinlik dərəcəsi bəzi illərdə kəskin fərqli olduğundan müəllimlər növbəti illərdə yerdəyişmə üçün müraciət etdiyi zaman ədalətli rəqabət mühiti yaradılması mümkün olmur. Məsələn, biri nisbətən çətin suallarla 56 bal toplayaraq müəllim kimi qəbul olub, digər sonrakı ildə asan suallarla 59 bal toplayıb qəbul olur.  3 il sonra onlar yerdəyişmə üçün müraciət edən zaman asan suallarla qəbul olan müəllim qeyri-bərabər şəraitdə qalib gəlir, digəri uduzur. Bu qeyd etdiklərim saysız-hesabsız hallardan sadəcə ikisidir. Buna görə də imtahan suallarının çətinlik dərəcələrinin nisbi bərabərliyinə ciddi önəm verilməlidir. Yeniliklər mütləqdir. Biz də bunun tərəfdarıyıq. Amma yenilik adı ilə bu, hər il sual kitablarını "tədqiqat laboratoriyası"na çevirməməlidir. Buraxılış imtahanlarında olan bu yanaşma qrup imtahanlarında da tətbiq edilsə, qəbul balları ötən illə müqayisədə 30-50 bal yüksələcək. Valideynlər yer seçimləri zamanı bu faktoru mütləq nəzərə alsınlar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR