Onlayn ictimai-siyasi qəzet
“Paşinyan Tavuş vilayətinin Sofulu kəndini Azərbaycana vermək üçün Əliyevlə razılığa gəlməyə çalışır və bu, Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra baş verəcək”.
Tribunainfo.az xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Mihran Maxsudyan deyib.
Onun sözlərinə görə, artıq ərazidə minatəmizləmə işləri həyata keçirilir. “Əgər Sofulu təhvil verilsə, o zaman Kayan Avan, Azatamut, Ayqehovit birbaşa Azərbaycanın hədəfində olacaq. Azərbaycanlılar orada məskunlaşsa, məlum olacaq ki, biz onların arasında yaşayırıq”.
Qazax rayonunun işğal altındakı anklav kəndləri Sofulu, Barxudarlı və Yuxarı Əskiparadır. Anklav kəndlərin məsələsi hazırda dondurulub.
Bəs problem necə və nə vaxt həllini tapacaq?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu kəndlərdən üçü Qazax rayonunun inzibati ərazisinə daxil olan İcevan istiqamətində yerləşən kəndlərdir və bu kəndlər anklav kəndlərdir. Bu kəndlərin məsələsinin həll olunması istiqamətində danışıqlar gedirdi: “Azərbaycan Prezidenti bəyan edib ki, anklav kəndlər də azad ediləcək. Sofulu kəndinin ətrafında 4 erməni kəndi var. Düzdür, əsas magistral yoldan bir az aralı da olsa erməni kəndlərinə çox yaxınlıqdadır. Erməni polkovnikin verdiyi açıqlama rəsmi açıqlama deyil. Biz o açıqlamada deyilənin doğru olub-olmadığı barədə bu gün dəqiq bir fikir söyləyə bilmirik. Görünən odur ki, bu kəndlərlə bağlı ciddi bir proses getmir. Əgər həqiqətən də erməni polkovnikin dediyi kimi, kəndlərin təhvil verilməsi üçün mina təmizləmə işləri aparılırsa, deməli, ermənilər başa düşür ki, axır-əvvəl bu kəndlər xoşluqla Azərbaycana qaytarılmalıdır, qaytarılacaq. Qazax istiqamətində delimitasiya, demarkasiya işləri həyata keçirilib başa çatdırılmalıdır. Necə ki, indiyə qədər Qazaxın 4 kəndi Azərbaycana təhvil verilib və o istiqamətdə delimitasiya, demarkasiya işləri başa çatıb, eləcə də digər üç kəndlə də bağlı bu proses mütləq həyata keçirilməlidir. Təəssüf ki, bu üç kənd və Naxçıvanın erməni işğalındakı Kərki kəndinin məsələsi sanki hələ də dondurulmuş vəziyyətdədir. Bu kəndlərlə bağlı hökumət komissiyası yaradılıb. Azərbaycan tərəfdən komissiyasının sədri baş nazirin müavini Şahin Mustafayevdir. Şahin Mustafayev danışıqlar aparıb. Bu kəndlərin qaytarılması istqamətində Azərbaycan ciddi tələblər qoyub. Sadəcə, erməni tərəf məsələnin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Ermənistan necə ki, sülh müqaviləsinin imazalanmasını uzadır, eləcə də həmin anklav kəndlərimizi azad etməyi qəsdən yubadır. Ermənilər nə qədər məsələni yubadırlar yubatsınlar, o kəndləri geri qayrtarmalı olacaqlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ