Onlayn ictimai-siyasi qəzet
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) növbəti sammitinin yekun bəyannaməsi qəbul edilib.
Musavat.com xəbər verir ki, bəyannamədə Forum üzvlərinin uzunmüddətli qaz müqavilələrinin fundamental rolunu dəstəkləmək, eləcə də qaz ehtiyatlarının işlənməsinə sabit sərmayə qoyuluşunu təmin etmək məqsədilə qaz qiymətlərinin neftin və neft məhsullarının qiymətinə əsaslanması sisteminin saxlanmasında maraqlı olduqları vurğulanır.
Bundan əlavə, iştirakçı ölkələr kritik qaz infrastrukturunun, o cümlədən transsərhəd infrastrukturun mühafizəsini, onun etibarlılığını və dayanıqlığını təmin etmək, eləcə də riskləri azaltmaq, təbii fəlakətlərin, və texnoloji pozuntuların qarşısını almaq və onlardan qorunmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin kritik əhəmiyyətini vurğulayıblar.
Bəyannamədə iştirakçılar “geosiyasi və iqtisadi vəziyyətdən, xüsusən fiziki təchizat, bazarın işləməsi, müqavilə razılaşmaları, davamlı investisiya axını və kritik təbii qaz infrastrukturunun bütövlüyü ilə bağlı qaz bazarı üçün risklər və çətinlikləri” diqqətə çatdırıb, “təbii qaz istehlak edən və tranzit edən ölkələrdə tələb təhlükəsizliyinin, şəffaf, ayrı-seçkiliyə yol verməyən tənzimləyici çərçivənin və proqnozlaşdırıla bilən enerji, ticarət, fiskal və ekoloji siyasətin mühüm əhəmiyyətini” qeyd ediblər.
GECF “təbii qaz layihələrinə investisiya qoyuluşuna mane olan və beynəlxalq ticarət qaydalarını bilavasitə pozan hər hansı özbaşına ayrı-seçkilik və ya gizli məhdudiyyətlər alətləri yaradan tədbirlərin həyata keçirilməsi üçün əsas kimi iqlim dəyişikliyi məsələlərindən hər hansı istifadə qəbul etmədiyini” bəyan edir.
Qaz istehsalçıları təbii qazdan daxili və beynəlxalq bazarlarda, xüsusilə enerji yoxsulluğunun aradan qaldırılması və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün strateji tədbir kimi istifadəsinin artırılmasını müdafiə etmək niyyətindədirlər. Alyans dövlətləri təbii qazın ekoloji cəhətdən davamlı təbii resurs kimi iqlim dəyişikliyinə, investisiya və vergi tənzimlənməsinə, beynəlxalq bank işinə və qlobal ticarətə daxil edilməsini təşviq edəcəklər.
Onlar həmçinin dəniz və quru nəqliyyatında təbii qazdan daha geniş istifadəni təşviq etmək və bütün istehlakçıların səmərəli və sərfəli qaz təchizatı üçün zəruri infrastrukturu inkişaf etdirmək niyyətindədirlər.
Qeyd edək ki, sammitin gedişində Mozambik, Mavritaniya və Seneqal da Foruma qoşulublar. Forumun yekun bəyanatındakı bir çox məqamlar Rusiyanın təklifi əsasında qəbul edilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ