Onlayn ictimai-siyasi qəzet
Bir məşhur zərbül-məsəl var, deyirlər: “Dostunu göstər, deyim, kimsən”. Belə baxanda, bu, oxumuş adamlar demişkən, yaxşı indikatordur, birinin dostluq etdiyi adama baxıb özünə də qiymət vermək olar. Beyin beyinə yaxın olur axı.
Hərçənd istisnalar həmişə var. Məsələn, bir normal, pozitiv, səmimi həmkarımız var, ölkənin ən əclaf adamları ilə dostdur. Bir dəfə ona dedik ki, niyə belədir, ölkənin birmənalı əclafı sayılan adamlar niyə məhz sənin dostundur, cavab verdi ki, lələ, vallah, onlar o qədər də əclaf deyillər. Düz demirdi, həqiqətən ən əclaf adamlarla dost idi, özünü isə əclaf saymaq mümkün deyil.
Amma bir adamın pərəstiş etdiyi siyasi xadimə nəzərən özünün nə tip biri olduğunu daha asan müəyyən etmək olar.
Tutaq ki, biri Hitlerə rəğbət bəsləyir, hər yerdə onu öyür. Ta heç zad. Ondan adam olmaz. O, el üzünə qoyulası, bəşər içinə buraxılası adam deyil. O deməkdir ki, bu adamın əlində imkan olsa, Hitlerin etdiyi cinayətləri birbəbir təkrar edər. Bu saat Almaniyanın özündə belə heç bir normal adam Hitlerə rəğbət bəsləmir. Yox, kimsə şəhadət gətirə bilər ki, elə deyil, Almaniyada Hitlerə rəğbət bəsləyənlər var və çoxdur. Ola bilər. Amma burası dəqiqdir ki, onlar normal adam deyillər.
Stalinə münasibətdə də eyni meyar keçərlidir. Düzdür, onun müəyyən xidmətləri və haqqına cəzalandırdığı adamlar da olub, amma o qədər günahsız, məsum insanların həyatını məhv edib ki, Stalini öymək, tərifləyib göyə qaldırmaq həmin o məsum insanların qanının baiskarlığına şərik olmaq deməkdir.
Budur, 4 iyun qiyamının 30-cu ildönümü ilə bağlı gedən ənənəvi mübahisələr zamanı ortaya çıxır ki, hələ də Surətə haqq qazandıranlar var. 30 il əvvəl aydın idi, ortada bölünəsi hakimiyyət, tort, şampan vardı, adamların gözünü kalori-komfort ehtirası tutmuşdu. Bəs indi nə olub, adamın mahiyyəti, bəd əməlləri tam ortada olandan sonra bu nə qahmarlıqdır?
Kəlbəcərdən başlayaraq yeddi rayonun düşmən əlinə keçməsinin əsas baiskarı olan, minlərlə əsgərimizin şəhid olmasına, əsir düşməsinə rəvac verən, konkret olaraq 18 şücaətli hərbçimizin qətlini təşkil edən, Rusiyanın hərbi isteblişmenitinin maşasına çevrilən adama necə haqq qazandırmaq olar? Ağıla, dərrakəyə sığan iş deyil.
Heç olmasa, onun rəhbərlik etdiyi qiyamçı hərbçilər əsl hərbçi olsaydılar, adam deyərdi ki, zabit şərəfləri təhqir olunub, dözməyib ayağa qalxıblar. Onlar isə əksəriyyəti ordan-burdan yığılmış qeyri-peşəkar adamlar idi. Müasir dövrün İŞİD-i nəydisə, Surətin rəhbərlik etdiyi hərbçilər də eyniydi. Aralarında kriminal ünsürlər, yatıb-çıxmış adamlar da vardı, 1994-cü ildən sonra təzədən yatdılar, amma bəziləri ta çıxmadı.
İndi gəl onu öyənlərə başa sal ki, hərbi qiyam qaldırmaq ağır dövləti cinayətdir, bir çox ölkələrdə cəzası ölümdür, ömürlük həbsdir, azı 15 il işdir. Kimə deyirsən? Deyəcəklər, yox, məcbur idi, düz elədi. Nəyi düz elədi? Adam öldürməyimi? Seçilmədiyi halda dövlət idarəçiliyini qəsb etməyimi? Ağıllı cavab olmayacaq. Eyzən hərzə-hədyan, faktların təhrifi, uydurma səbəblər, qərəzli yozmalar və s.
O dövrdə yaşayanlar, siyasətlə maraqlananlar yaxşı xatırlayar, Surət baş nazir təyin olunan gün prezidentin səlahiyyətlərini icra edən parlament sədri Heydər Əliyev brifinq keçirirdi, o da yanında durmuşdu. Xarici və yerli jurnalistlər sual verirdilər, 40 ilin siyasət adamı Əliyev sualları lazım bildiyi kimi cavablandırırdı. Arada jurnalistlər Surətdən də nə fikirləşdiyini soruşurdular. 32 yaşı olan və ömründə brifinq keçirməyən bu şəxs ağzını mikrofona tutub deyirdi: “Maa elə gəlir ki, Heydər Əliyev düz deyir”; “Man Heydər Əliyevin dedikləri ilə razıyam”. Başqa heç nə.
Bax, o zaman xalqda belə bir qənaət hasil olmuşdu ki, bu, iki eşşəyin arpasını bölə biləcək dərrakədə deyil. Sonradan tam təsdiq olundu ki, məhz elədir. Onun siyasətdən bildiyi bir şey olsaydı, o günlərə qalmazdı, Moskvadan qolu bağlı qara qul kimi gətirilməzdi.
İndi bəziləri çıxıb haqq qazandırır: “Nə edəydi, üstünə silahla gəlmişdilər”. Tabe olaydı. Ali baş komandan əmr imzalayıb ki, bu hərbi hissə buraxılsın, yenidən təşkil olunsun. Vəssalam. Hər bir əsgər və ya general əmr quludur, baş komandanın əmrinə tabe olmalıdır. Olmursa, bu, qiyam deməkdir və bunun ağır cəzası var. Yox, durub əyalətdən paytaxta hücum edirsə, artıq heç bir bəraət yoxdur.
İki və daha çox adam öldürənləri sovet vaxtı mütləq edam edirdilər – gözünün yaşına baxmırdılar. Müstəqillik qazanandan sonra iki və daha çox adam öldürənlərə, öldürdənlərə ömürlük həbs cəzası verirlər. Surət isə 18 adam (həm də hamısı düşmən çəpəri olan döyüşçü) öldürtdürüb, öz adamlarının da ölümünə bais olub, beləsinin haqqında necə “düz eləyib” demək olar?
Bunu deyə bilən adamlar qorxulu adamlardır, vicdandan, ədalətdən, mərhəmətdən xəbərləri yoxdur. Onların əlində vəzifə, səlahiyyət olsa, Surətin atası Davud kişiyə necə rəhmət oxudarlar...
P.S. Bir adamın tipini müəyyən etmək üçün təkcə öydüyünə yox, söydüyünə də baxmaq lazımdır. O ki millətinin ən dürüst, ən mərhəmətli, ən uzaqgörən insanının ünvanına təhqiramiz söz deyir, demək, əclafın yekəsidir. Axtarsaq, məlum olacaq ki, bizim “əclaflarla dost olan həmkar”ımızın dost siyahısında o da var.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ