İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarğışla killer xidməti - keçənilki xəbərlərə istinadla gələcəyə dair proqnozlar

Ölkə mediasının bir xroniki trendi də var: tez-tez öncəgörən Zirəddin Rzayevdən müsahibə almaq... Bu sayt müsahibəni, alır, yayır, o biri başlayır, o bitirir, bu biri girişir.

Bəzən bir saytın müsahibəsi maraqlı olanda ta o biri saytlar zəhmət çəkib ümummili falçımızın qızıldan qiymətli vaxtını almırlar, eləcə, kopi-peyst edir, başlığı dəyişib, tirajlayırlar.

Allah tərəfi, bəy həmişə maraqlı danışır, Ukraynadan girir, ABŞ-dan çıxır, Çindən daxil olur, Hindistana adlayır, oradan Z ziqzaqı eləyib, Rusiyaya keçir, arada Ü (U yox ha) dönüşü edib Türkiyəni silkələyir, lap axırda da bizi “həpi end” səciyyəli təhlükələrədən xəbərdar edir. Bu, şəxsən onun öz icadıdır, hər dəfə deyir ki, Azərbaycanda gərgin, ajiotaj doğuran hadisə olacaq, amma axırı yaxşı qurtaracaq.

Məsələn, Zirəddin müəllim axırıncı dəfə deyib ki, ya hansısa fabrikdə, ya da zavodda dəhşətli yanğın olacaq.

Birincisi, bu yanğın elə şeydir ki, hər gün olur. Elə gün olmur ki, yanğınsöndürənlər qırmızı maşınlarına minib siqnallaya-siqnallaya yanğın söndürməyə getməsinlər. Biz hər gün yazı yazdığımız kimi, onlar da hər gün yanğın söndürürlər. Ən azı ayda bir dəfə o yanğınlar dəhşətli olur, gec söndürülür. Fabrik və zavodlar da elə yerlərdir ki, yanar konstruksiyaları, tez alışan maddələri çox olur.

Yəni burada öncəgörənlik bir məsələ yoxdur, belə proqnozla xal tutmaq özünə hörmət edən ekstrasensə yaraşmaz.

İkincisi, əsl ekstrasens odur ki, o, dəqiq desin, yanğın zavodda olacaq, yoxsa fabrikdə. Daha yaxşı olar ki, o, həmin müəssisənin adını da desin. Bir halda ki, yanğını görür, o zaman zavodun və fabrikin adını, reklam tablosunu da görməlidir.

Öncəgörənlər və digər fırıldaqçılar barədəki əvvəlki yazılarımda bir neçə dəfə yazmışam, yenə də təkrar edirəm, o cür proqnozlara qalsa, təbii fəlakətləri mən də görürəm. Məsələn, bayaq gördüm ki, yaxın aylarda Yaponiyada və Türkiyədə orta ballıq (4-5) zəlzələlər olacaq. Banqladeş, Vyetnam, Tayland tərəflərdə güclü yağışlar görürəm. Türkmənistanda, Liviyada, Mərakeşdə şiddətli külək və qum fırtınaları proqnozlaşdırıram. Yaxın aylarda Hindistanda qatar, Çində mədən qəzası olacaq – təzəlikcə afah olub.

Xarici ölkələr maraqlı deyilsə, öz ölkəmizə gələk. İyul ayında dənizdə batanlar olacaq. Bu, avqustda da davam edəcək. Sentyabrın ortalarından daha dənizdə batanlar olmayacaq. İlin sonuna qədər avtomobil qəzalarına mindən çox adam düşəcək, ölənlər və yaralananların təxmini sayını da deyə bilərəm – 200-300 nəfər.

Ən dəqiq proqnozum isə belədir: iyul ayında Bakının rayonlarında 100-dən çox “barıqa-mal satanlar” tutulacaq,

Bəli, kim şəkk edir, otursun saytları, televiziyaları izləsin: bütün bunlar olmasa, zəng eləsin. Bax, ondan sonra Zirəddinlə yanaşı, bu sətirlərin müəllifinə, hətta istənilən jurnalistə müraciət edə bilərsiniz. Onlar sizə keçən il bu vaxt yazdıqları xəbərləri yenidən verərlər. Çünki bu cür hadisələr hər il olur, gələn il də olacaq, o biri il də. Hətta Zirəddin və ya başqa bir falçı bu hadisələri proqnozlaşdırmasalar da, onlar olacaq.

Bunları bilmək üçün Zirəddin kimi, özü demişkən, “anadangəlmə vergili” olmaq lazım deyil, informasiyalı olmaq, dövri mətbuatı izləmək kifayətdir.

Dünyada aclıq və qıtlıq olacağı barədə proqnoz vermək nə çətin işdir ki? Zatən, dünyanın yarıdan çoxu qıtlıq içindədir və bir neçə milyarddan artıq adam aclıq çəkir. Üstəlik, bu sahədə durum ildən-ilə pisləşir. Çünki əhali artır, qida azalır, demək, aclıq mütləq olacaq.

İnsanların belə falçılara, ümumiyyətlə, fallara və sair öncəgörmələrə inanmaları isə birmənalı olaraq cahillikdir. Başqa adı yoxdur. Bu, maarifçiləy boyun əyməyən cahillik və müalicəsi olmayan xəstəlikdir.

Kimin babat problemi olursa, qaçır belələrinin üstünə, bir ətək pul verir ki, görsün, başına nə gələcək, vəzifəsində qalacaqmı, harasa seçiləcəkmi.

Bu cür “inanclı” adamlar üçün ən dəqiq proqnoz buradadır. Səni vəzifəndən tezliklə çıxaracaqlar, eloğlu, sən də heç hara seçilməyəcəksən, həmvətən.

Ona görə ki, biri özünün gələcək karyerasından şübhələnibsə, demək, o şübhədən artıq onu ora qoyanda da var. Ya da biri hansısa yerə seçiləcəyini falçının proqnozundan öyrənmək istəyirsə, demək, birincisi, seçilməyi haqq etmir, ikincisi, seçki texnologiyası deyilən şeydən bixəbərdir.

Heç demə, Zirəddinin qarğışı çox keçərliymiş. İntəhası, hələ məlum deyil ki, adam sifarişlə qarğış edirmi? Məsələn, kriminal aləmdə belə bir şey var, adamın özü bir az humanist, bir az bacarıqsız, bir az da qorxaq olur, düşmənini özü öldürə bilmir, ona görə də gedib killer tutur. Ola bilər, bir adam da humanistdir, abırlıdır, söyüş və qarğışlar bilmir, o səbəbdən gəlir Zirəddinin yanına ki, mənim bir düşmənim var, ona iki ağız qarğış elə, sırtı yerə gəlsin, istə qardaşından, nə istərsən.

Hər halda bu, ekstrasenslikdə yeni sektor ola bilər: “Qarğışla killer xidməti”. Pah! Çətini bir adamı qarğışla aşırana qədərdir, ondan sonra görəcəksiz ki, ekstrasensimizn qəbul otağındakı növbə kitabı dolub, artıq 2025-ci il üçün yeni kitab açıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR