Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev təkcə işğaldan azad edilmiş ərazilərimizi yenidən qurmaqla, şəhər və kəndlərimizi bərpa etməklə kifayətlənmir, həm də Qarabağı, Şərqi Zəngəzuru bir qərinə boyunca darmadağın edənlərə islah olunmaq şansı verərək, onları bundan sonra sülh və rifah içərisində yaşamağa dəvət edir. Konkretləşdirsək, Qarabağı və Şərqi Zəngəzuru tikən lider həm də “Qafqaz Evi”nin təməlini qoymaqda israrlıdır, bu istəyi biz dövlət başçımızın Gürcüstan paytaxtında sonuncu, sayca 11-ci səfərində də müşahidə etdik.
Bu yerdə xatırlatma edək: Prezident bir günlük antiterror tədbirindən sonra, 20 sentyabrda Azərbaycan xalqına müraciətində də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zəmin yaradıldığını bildirməklə yanaşı, bölgədə yaranmış yeni reallıqlar fonunda “Qafqaz Evi” ideyasının gerçəkləşməsi zərurətindən bəhs etmişdi. Yəni münasibətləri yenidən “0”dan başlamaq çağırışı etmişdi qarşı tərəfə, baxmayaraq ki, Ermənistan bu qədər cinayətlərə imza atıb, müharibə cinayətləri törədib, Azərbaycan lideri növbəti dəfə humanizm nümayiş etdirmişdi. Özü də bu, ilk deyildi. Prezident Əliyev “Qafqaz evi” ideyasını 44 günlük müharibədən sonra bir neçə dəfə dilə gətirmişdi. Post-müharibə dövrünün ilk ilində “CNN-Türk” telekanalına müsahibəsində Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmasına hazır olduğunu söyləmişdi. Azərbaycanın dövlət başçısı növbəti dəfə bu xoşməramlı və bölgəni bəlalardan xilas edə biləcək təşəbbüslə Tiflis səfəri zamanı çıxış etdi.
Dövlət başçısı 8 oktyabrda Tiflisdə mətbuata ünvanlı bəyanatında bildirdi ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunublar.
Sitat: “Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”.
Kifayət qədər açıq mətnlə əbədiyaşar sülhə çağırış edib ölkə rəhbəri. Prezident bildirib ki, Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar mümkündür. Cənab İlham Əliyev xatırladıb ki, sadəcə olaraq biz bundan məhrum idik: “Ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.
Bəli, Qafqaz ölkələri üçün şans yaranıb. Ötən əsrin əvvəllərində Ermənistan və dəstəkçiləri “Qafqaz Evi” ideyasının gerçəkləşməsinə mane oldu. Nəticəsi bəlli, Azərbaycanın tarixi ərazilərində yaradılmış Ermənistan özü də müstəqilliyini itirdi, digər iki respublika da təcavüzə məruz qaldı. 21-ci ərsə növbəti şans yaranıb, bu dəfə də Ermənistan şansını dəyərləndirə bilməsə, fəlakətlər qaçılmaz olacaq.
Azərbaycan və Gürcüstanın bu ideyaya münasibəti bəllidir, arada heç bir problem yoxdur, hər iki liderin Tiflisdə bəyan etdiyi kimi, Azərbaycan və gürcü xalqlarının əsrlər boyunca sınaqdan çıxmış dostluq əlaqələri iki müstəqil dövlətin yüksələn münasibətləri ilə davam edir, ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Liderlərin qeyd etdiyi kimi, ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu iki xalqın mehriban qonşuluq və dostluq şəraitində yaşaması həm ölkələrimiz, həm də bütün bölgə üçün yeni imkanlar açır.
Heç şübhəsiz ki, çağdaş dövrümüzdə bu münasibətlərin inkişafında hər iki ölkənin keçmiş prezidentləri Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu mühüm töhfə verib. Prezident İlham Əliyev də xatırlatma etdi: sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstəriblər. Həqiqətən də “Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır”. Təsadüfi deyil ki, Azərbaycanda və bir çox digər ölkələrdə olduğu kimi, dost Gürcüstanda da Heydər Əliyevin 100 illiyi yüksək səviyyədə qeyd edilir. Təməli yüksək səviyyədə qoyulmuş, bünövrəsi məhkəmləndirilmiş dostluq və qardaşlıq evinin “iki otağı” demək olar ki, hazırdır – Gürcüstan və Azərbaycanın timsalında. Hansısa çatışmazlıqlar olacaqsa, dərhal aradan qaldırılacaq, zəruri tədbirlər görüləcək, bu iki qonşu ölkənin liderləri buna qadirdirlər. Əgər Ermənistan özünü bu EV-in bir otağı kimi görmək istəyirsə, Cənubi Qafqazdan təcrid olunmaq niyyətindən daşınıbsa, onda o da üzərinə düşəni etməlidir.
Ermənistanın da daxil olduğu 3+3 formatını təklif edən, Zəngəzur dəhlizinin açılmasına imkan yaratmaqla kommunikasiyaların bərpasını zəruri sayan Azərbaycan rəsmi Tiflisin Bakı-İrəvan arasındakı sülh prosesində evsahibliyini etməyə hazırdır. Və Azərbaycanın mövqeyi açıq-aydındır. Sitat: “Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”. Yəni qonşular danışmaq üçün niyə Qranadayadək məsafə qət etməlidir?..
Ermənistan unutmasın ki, onun qət etməli məsafə çox uzundur, geciksə, Bakı-Tiflis-Ceyhanın, Bakı-Tiflis-Qarsın arxasında baxdığı kimi, baxa-baxa qalacaq... Hələ “0”dan başlamalıdır. Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlər isə 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Cənab Qaribaşvili də məmnunluqla bəyan etdi ki, iki dost ölkənin münasibtləri strateji müttəfiqlik səviyyəsinədək yüksəlib. İqtisadi əlaqələr öz yerində, Gürcüstan üzərindən Azərbaycanın Türkiyəyə və Avropaya açılan qapıları, reallaşan nəhəng layihələri hər iki ölkənin inkişafında, rifahında əvəzsiz rol oynayıb. Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var. Eyni zamanda dövlət başçısının söylədiyi kimi, Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Ən kritik məqamlarda belə, Azərbaycan xalqı və dövləti qonşu ölkəyə əl uzadıb. Gürcü rəsmiləri 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi və ondan sonrakı dönəmlərdə Azərbaycanın Gürcüstanda etdiyi yardımı, əhalini qışda donmaqdan xilas etdiyini hər zaman etiraf edirlər. Azərbaycan dövlətinin çətin günün dostu olduğunu təkcə Gürcüstan, yaxud Ukrayna demir...
Belə bir durumda daha böyük ideyaların gerçəkləşməsi istiqamətində inamlı addımlar atmaq olduqca zəruridir.
Təbii ki, görüləsi çox işlər var... Necə ki deyildi: Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və sülhün bərqərar olmasının vaxtı çatıb. Gürcüstanın ərazi bütövlüyünə qəsd olunması da ümumi atmosferi korlayır. Hər iki mehriban qonşu illər ərzində işğal və separatizmdən əziyyət çəkiblər. Şükürlər olsun, Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etdi, terrorun kökünü kəsdi, separatçıların liderlərinin bir çoxunu qandalladı və həm də nümunə yaratdı. Ötən illərdə Bakı və Tiflisin münasibətləri hər cür sınaqlardan keçdi. Necə ki, dövlətimizin başçısı da xüsusilə vurğuladı. “Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”.
Çox arzuolunandır ki, Gürcüstan da özünün ərazi bütövlüyünü təmin etsin və rifahını təmin eləsin. Çünki işğalın, təcavüzün nə olduğunu biz Azərbaycan olaraq çox yaxşı bilirik. Gürcüstan dövləti 2020-ci ildə Ermənistana gizli yollarla silah daşınmasının qarşısını aldığı üçün də etibarlı müttəfiq kimi yaddaşımıza yazılıb və onun maksimum tez öz ərazi bütövlüyünü təmin etməsini arzulayırıq. Bu məqamda qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur.
İllər öncəki andiçmə mərasimində hər bir azərbaycanlının prezidenti olacağına and içən Prezident Əliyevin 300 minə yaxın soydaşımızın yaşadığı Gürcüstana səfəri, səsləndirdiyi tarixi mesajlar həm də bir gözü Azərbaycanda olan qan qardaşlarımızın taleyi ilə bağlı mühüm hadisədir.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ