İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın səmasında yeni qapı: Laçın aeroportunun açılışında 3 dost lider iştirak edəcək

Sabah Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın aeroportunun açılışını edəcək.

“Anadolu” agentliyinin məlumatına görə, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib.

LİMAN SON.jpeg (75 KB)

Laçın Beynəlxalq Hava Limanının ilk rəsmi qonağı isə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdir. O, bu gün Azərbaycan Respublikasına səfərə gəlib. Laçın Beynəlxalq Hava Limanı Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

PAKİS SON.jpeg (139 KB)

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan qısa zamanda işğaldan azad edilən bölgələrdə 3 müasir hava limanı inşa edib.

Deputatın sözlərinə görə, bu hava limanları Azərbaycanın öz torpaqlarına sahib çıxmağının çox güclü arqumentlərindən biridir:

“Aeroport, yol, infrastruktur gələcəyin əsasının qoyulmasıdır. Aeroport iqtisadiyyatımıza güclü töhfə verəcək, turist axınını artıracaq, Azərbaycanla dünyanın əlaqələrini gücləndirəcək.

aydin.jpg (68 KB)

Cənab Prezidentin rəhbərliyi ilə görülən böyük quruculuq işlərində aeroport tikintisi güclü yer tutur. Laçın Beynəlxalq Hava Limanının açılması o bölgənin inkişafına böyük pəncərədir”.

A.Mirzəzadə işğaldan azad edilən ərazilərdə hər aeroportun açılışında dost, qardaş ölkələrin rəhbərlərinin iştirakını da şərh edib:

“Pakistan baş nazirinin Laçın Beynəlxalq Hava Limanının ilk qonağı olması bir daha Azərbaycan-Pakistan münasibətlərinin dərinliyini, qardaşlığını göstərir. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ölkəmizin ilk növbədə mənəvi və siyasi cəhətdən yanında olan ölkələrdən biri olub.

Eyni zamanda Azərbaycan və hər bir Azərbaycan vətəndaşı da bu yaxınlarda baş verən Pakistan-Hindistan münaqişəsində Pakistanın öz gücünü göstərməsinin tərəfdar oldu.

Hesab edirəm ki, bundan sonra da Azərbaycan böyük layihələr həyata keçirəcək və hər bir layihənin açılışında dost ölkələrin rəhbərlərini görəcəyik”.

Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilib və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biridir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR