İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan başlanan Vətənə-Qayıt gəl

Ağdamlıların Əkbər əmisi, bizim fəxrimiz, örnək aldığımız Hacı Əkbər Rüstəmov əfsanəfi döyüşçü, şəhid atasıdır. Aqil əminin dolu romanında “Məllim” obrazına rast gəlmisiniz. Ağdamda idman müəllimi olan Əkbər əmimiz qələmini qılınca dəyişən nadir qəhrmanlardan biridir. Əkbər Rüstəmov 1988-ci ildən milli-azadlıq hərəkatına qoşulub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Yadıma gəlir əmioğlu dediyim Əkbər əminin övladları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Dəfələrlə ölümlə üzə-üzə qalan Əkbər Rüstəmov oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib. Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov şəhid olub. Lakin bunlar ƏMİ-mizi sarsıtmayıb. Bütün əsgərlər oğlumdur deyib ön cəhbədə sona qədər qalıb. Bu gün də Əkbər əmi hazırda pensiyada olmasına baxmayaraq döyüşür. Qələmini qılınca dəyişən Əkbər müəllim qılıncın tarixini qələmi ilə yazır. O gördüklərini, yaşadıqlarını yazır, tarixi bizə xatırladır, o günləri unutmamağa bizi çağrır. Gələcək nəsillərin yaddaşını formalaşdırır.

Əkbər müəllimin iki kitabı hazırda stolüstü kitabımdır. “Vətən kitabı” və “Qayıt gəl”. Bu kitabları vərəqləyəndə Ağdamımıza qayıdıram. Damları ağ olan şəhərimizin hər bir küçəsini, məhəlləsini gəzirəm o kitabı oxuyanda. Uşaqlıq və gənclik illərimdə rast gəldiyim insanların müharibə dövründə qəhrəmanlıqlarını xatırlayıram hər kitabın vərəqində, sətrində. Əkbər əmi bu kitabları birinci Qarabağ müharibəsi dövründə qeydləri və yaddaşı əsasında tərtib edib, hazırlayıb. Təssəvvür edin, raket, top və avtomat atəşələri altında bir müəllim, bir ziyalı bir əlində silah, digər əlində qələmlə savaşır. Hər bir atılan güllə bir tarixin səhifələrinə Əkbər müəllimin əlləri ilə yazılıb və bu gün bizim övladlarımız, gənclərimiz üçün yaddaşa çevrilib. Mən elm adamıyam, ali təhsil ocaqlarında dərs deyirəm. Elmi tədqiqat aparan zaman, dərs üçün mühazirə hazırlayan zaman Əkbər əminin yaşadıqları, yazdıqlarından bir cümlə ora əlavə edirəm. Çünki bizə miras qalan o xatirələrin əks olunduğu bu kitabdan hər bir cümlə gələcəkdə Vətəndaş yetişdirmək üçün idealoji xəttin əsasını təşkil edir. Tək bu iki kitab yox, Əkbər müəllimin “Qalx ayağa vətən oğlu” və “Qapını vətən döyür” kitabları müharibənin dəhşətləri ilə bizi üz üzə qoyur, o günləri gözümüzün önündə canlandırır və gələcəyimiz üçün bir işıqlı yol açır ki, bir daha keçmişdə edilən səhvləri təkrar edib düşmənə dost deməyək. Bu kitablarda tək tarix yox, gələcəyə inam var. Kitablarda yazılan şəxslərin qəhrəmanlıqlarını biz 44 günlük Zəfər müharibəsində gördük. Qədim bir söz var. Bir ölür, min dirilirik. Bəli, bu kitablardakı qəhrəmanlar 44 günlük qələbəmizdə yenidən dirildilər. Qarabağı azad etdilər. Qarabağın Ruhlar şəhərləri dirildilər, oyandılar, ayaq üstə durdular. Əkbər əmimizin və onun döyüş yolunu Ağdama gedəndə hiss edirsən. Ağdama 28 ildən sonra yeni qayıdanda onun məhv edilmiş torpağında Əkbər əmimizin və onun döyüş yoldaşlarının, şəhidlərin səsini eşitmək olur. O qəhrəmanların səsləri daha narahat deyilər. Çünki onlar həm azad Ağdamda, Qarabağda və eyni zamanda Əkbər müəllimin kitablarında yaşayırlar. Əkbər müəllimin “Vətən kitabı”-da bir birindən həyəcanla və sevərək oxuduğumuz yazılar var. Eləcə də “Qayıt gəl” kitabında. Bu iki kitabda mütəmadi oxuduğum bir yazı var. "Ağdama bahar gələndə" başlıqlı yazını oxuyanda 28 illik o Baharı birdə görərdik arzumuzun reallaşmasını görürük. "Mübarizə ruhumuz"  başlıqlı yazıda qeyd edilən aşağıdakı cümlələri demək olar hər bir tələbəm əzbər bilir “O övladlar özlərini qurban verdilər ki, Vətən ləkələnməsin, şərəfimiz ləkələnməsin, namus ləkələnməsin. Azadlıq, müstəqillik uğrunda mübarizə aparanlar, Vətənin həmişə keşiyində duranlar şəhid oldular ki, insanlar azad yaşasın, bir daha körpələr güllə səsi eşitməsinlər, analar ağlar qalmasın, ataların beli bükülməsin. Şəhid oldular ki, Vətən torpaqlarını gələcək nəsillər də sinəsini sipər edərək qorusunlar”.

Əkbər müəllimin “Qayıt gəl” kitabı bir çağrışdır, bir səsdir ki, hər bir Azərbaycanlıya ünvanlanıb. “İrəli, hey irəli, Milli Ordu əsgəri!” yazısında  Əkbər müəllim bütün dünyada yaşayan azərbaycanlılara səslənir: “Eeheyyy, azadlıq uğrunda vuruşan mərd, igid, qəhrəman oğullar, düşməni ana Vətəndən qovun! Sel olun, yel olun, azad edin düşmən tapdağı altında inləyən yurdumuzu... Çəkilməyin geriyə, üçrəngli Azərbaycan bayrağını əlinizdə möhkəm tutun, gələcək bizimdir. Qırın, məhv edin odlu nəfəsinizlə, mətin addımlarınızla, əyilməz qeyrətinizlə. Neçə müddətdir düşmən tapdağı altında inləyən Vətən çağırır bizi, çəkilməyin geri, bayrağımızı uca tutun əlinizdə”

Əkbər müəllimin “Qayıt gəl”-i olduqca maraqlıdır, bir döyüşçünün maraqlı xatirələrinin toplumudur. Burada “Biz qalib gəlmək üçün vuruşurduq”, “Vətəni azad etməliyik”, “Vətən yanğısı”, “Bir nağıl danış mənə”, “Həsrət nəğməsi”, “Yaşamalısan türk anası”, “Fəryad”, “Nə deyim”, “Vətən torpağı”.... hansı birini yazım, seçdirim... Hamısı bir-birindən oxunaqlıdır.

Hesab edirəm Əkbər müəllimin bu kitabları bütün yaş təbəqələri üçün tədqim edilməli, orta və ali məktəblərin kitabxanalarında olmalıdır ki, hər bir kəs onları oxusun, yaşasın və gələcəyə doğru İşıq yolunu tapsın.

Əkbər əmi, bu kitablara görə çox sağ olun. Ağdamı, Qarabağı və Azərbaycanı qələminizlə yaşatdığınız üçün min yaşayın.

Sizə hörmətlə qardaşoğlunuz

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR