Onlayn ictimai-siyasi qəzet
Qarabağın nəzarətimizdən müvəqqəti kənarda qalan kəsimində srağagün 46 yaşlı bir erməni saxlanılıb. Oyuncaq dövlətin qondarma “milli təhlükəsizlik xidməti”ndən bildirilib ki, səbəb onun Xankəndində Azərbaycan istehsalı olan malların satışı haqda sosial şəbəkədəki paylaşımı olub. Guya bununla “artsax dövləti” əleyhinə dəhşətli təxribat törədib, “ölkənin milli təhlükəsizliyi”nə ağır zərbə vurub, “artsaxda panika” yaratmağa çalışıb.
Artıq həmin erməniyə qarşı “cinayət işi” də açılıb. Halbuki ən qatı cinayətkarlar elə özləridir - ərazimizdə uydurma “milli təhlükəsizlik xidməti”, “parlament”, “xin”, “prezident aparatı” yaradıb Azərbaycan dövləti ilə dövlətçilik edən, rusun arxasında gizlənib özlərini hələ də “göyün yeddinci qatında” hiss edən separatçı ünsürlər. Onların axırına bir şey qalmayıb...
Qarabağdakı sıravi, mülki ermənilər bax, on illərdir bu qəddar, xunta rejimin basqısı altındadır. Bişəkk, terrorçu və oyuncaq qurumun strukturları dağıdılmayınca, onun başında duranlar neytrallaşdırılmayınca, bu itlərin maliyyə mənbələri, özəlliklə Ermənistandan gələn pul-para kanalları həmişəlik bağlanmayınca heç bir inteqrasiyadan söhbət gedə bilməz.
Buna da şəkk-şübhə yox ki, faşist Njde davamçıları olan banditlər öz xəstə ideyaları naminə soydaşlarını gerçək blokadada saxlayıb acından öldürməyə, güdaza verməyə belə hazırdırlar. Yoxsa ki, Azərbaycan məhsullarının reklamı, onlardan istifadə niyə cinayət əməli sayılsın ki?..
Odur ki, bir az tələsməliyik. Çünki artıq “bıçaq sümüyü kəsir”, əndazə tanımayan kriminal elementlər qalmayan həyasızlıqlara gedirlər. Əgər hazırda Qarabağda aranı qarışdıranların ən yekəsi “Rusiya desantı”, erməni oliqarx Ruben Vardanyandırsa (bu günlərdə dünyaca məşhur “Forbes” jurnalı yazmışdı ki, sülhə ən böyük əngəl məhz odur və o, həbs edilməlidir), digəri əlbəttə ki, ondan geri qalmayan separatçı-başı Araik Arutunyandır.
Dünən Arutunyan yenə faktiki Bakıya meydan oxuyub, hansısa “özünümüdafiədən və müqavimətdən” dəm vurub. Bu barədə o, Xankəndində çoxdan ləğv edilməli olan qondarma “parlamentinin deputatları” ilə görüşdə bildirib. “Bakı bizimlə yalnız bir mövzunu - inteqrasiyanı müzakirə edir, başqa mövzunu müzakirə etmir” deyə utanmazcasına gileylənib.
Azərbaycan Konstitusiyasını və qanunlarını heçə sayan, 44 günlük savaşdan sonra da ərazimizdə dövlət içində dövlət qurmaq xülyası ilə yaşayan qanunsuz dəstələrlə görəsən Bakının başqa nə müzakirə mövzusu ola bilər? Hərgah, boş başları ilə deyəsən bəzi gerçəkləri də anlamaqdadırlar.
“Ardıcıllığı təqdim edəcəyəm: gedirik, ordunun buraxıldığını bəyan edirik, sonra dövlət idarəetmə sistemini ləğv edirik. İcma seçkiləri mexanizmini güclə yaradırlar, ondan sonra bizə qaz, işıq veriləcək, yolda getməyə icazə veriləcək. Lakin necə hərəkət edəcəyimiz də bəllidir - Azərbaycan vətəndaşı kimi” - bunu da Araik Bakı ilə dialoqun mümkünlüyündən danışarkən söyləyib.
Ardınca isə təzədən sayıqlayıb: “Mən danışıqların, görüşlərin əleyhinə deyiləm. Başa düşməliyik ki, problemlərimiz olacaq, lakin bütün bunları aşmaq olar. Biz iki şey etməliyik - özünümüdafiə və müqavimət”...
Çox maraqlıdır, oyuncaq qurumun oyuncaq prezidenti həmin o “problemləri” necə aşacaq? “Özünümüdafiə və müqavimət” deyərkən o, nəyi nəzərdə tutur? “Siçan deşiyi”ndən Azərbaycana qarşı savaşımı? Nə ilə, hansı resurslarla? Axı gərək ki, bu günlərdə müdafiə naziri Zakir Həsənov demişdi ki, sonuncu separatçının başını əzmək üçün ordumuzun bir natamam korpusu da yetərlidir. Araik Arutunyan bundan bixəbərmi? Canı özünə heçmi əziz deyıl?
Əzizdir. Sadəcə, Qarabağdakı xunta rejiminin son çırpıntısıdır. Gəl ki, bu rejimi Rusiyanın “süni tənəffüs aparatı” da xilas edə bilmir. Bilməyəcək...
Moskva isə əfsus ki, Putinin imzaları duran 10 noyabr 2020 və 22 fevral 2022-ci il sənədlərinə çoxdan tüpürərək, var gücü ilə Azərbaycana “artxas” kartı ilə pislik eləməyə, “Böyük Qayıdış”ı əngəlləməyə çalışır.
Bu da növbəti “isti” dəlil: dünən sosial şəbəkələrdə “sülhməramlılar”ın müşayiəti ilə qanunsuz erməni silahlı birləşmə üzvlərinin Xankəndi-Kərkicahan yolu ilə silah daşıdığını əks etdirən daha bir video yayılıb.
Amma çifayda? “Miatsum” qatarı gedib - içində Moskvanın sevimli “erməni kartı” ilə birgə...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ