İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağda yaşamaq istəyən ermənilərin sayı çox olmayacaq, çünki...” - SENSASİON DETALLAR

“Biz İkinci Qarabağ müharibəsindən sonra ermənilərə iki seçim verdik. Birinci seçimə görə, Qarabağ erməniləri Azərbaycan qanunları əsasında yaşayacaqlarını bildirməli, Azərbaycan pasportlarını əldə etməli və bundan irəli gələn hüquqlara malik olmalıdırlar. İkinci seçimə görə, Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamaqdan imtina edərlərsə, Azərbaycan ərazisini tərk etməli olacaqlar”.

Bu fikirləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Musavat.com-un ən müxtəlif qaynaqlardan, eləcə də erməni mediasından əldə etdiyi məlumatlar onu göstərir ki, Qarabağda yaşayan ermənilər oranı tərk etməyə hazırlaşır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün verdiyi açıqlamalar da təsdiqləyir.

Azərbaycan dövləti də bildirir ki, Qarabağı tərk etmək istəyən ermənilərə heç bir maneə törədilməyəcək. Bu iddiaları InfoPort.am-ın yeni yaydığı məlumatlar da təsdiq edir. Sayt yazır ki, qanunsuz rejimin yeni rəhbəri Samvel Şahramanyan Xocalı hava limanında olub və oraya (Rusiya sülhməramlılarına - red.) sığınan vətəndaşlara onların tezliklə Gorusa (Ermənistan) aparıla biləcəyi barədə məlumat verib.

Mənbənin sözlərinə görə, bu gün dövlət vəsaiti hesabına birinci qrup vətəndaşlar Gorusda yerləşdiriləcək. Sabah isə Xankəndini öz avtomobili ilə tərk edə biləcək vətəndaşlar üçün yol açıq olacaq. Şahramanyan, həmçinin bildirib ki, bazar ertəsi banklar açılacaq və vətəndaşlar girov qoyduğu qızılları geri ala biləcəklər.

Bu gün canlı yayımda xalqa müraciət edən Paşinyan da bu barədə açıq danışıb: "Bir daha təkrar edirəm ki, əgər "Dağlıq Qarabağ"da aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq".

O bildirib ki, qondarma "artsax" sakinlərinin təhlükəsiz yaşaması üçün beynəlxalq mexanizmlər tapılmasa, o zaman Ermənistan Respublikası onları ölkədə qəbul etməyə hazırdır.

Artıq Azərbaycanın rəsmi qurumları da məsələyə reaksiya verib.

20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərk-silah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.

Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, bu, beynəlxalq aləmdə bir qism ermənipərəst mərkəzin iddia etdiyi kimi "etnik təmizləmə" deyil:

"Fransada hansısa erməni desə ki, "mən Fransa qanunları ilə yaşamayacam və Fransa pasportu daşımayacam", beləsinin bu ölkədə yaşamasına icazə verərlərmi? Dərhal deport edərlər, bu, istənilən dövlətə aiddir. Eynilə Azərbaycan qanunları ilə yaşamaq istəməyən şəxs və etnik qrup da ölkə ərazisini tərk etməlidir".

Politoloqun sözlərinə görə, Qarabağda yaşamaq istəyən ermənilərin sayı çox olmayacaq: "Bunun obyektiv səbəbi odur ki, ermənilər 35 il əvvəl kütləvi şəkildə separatçılığa başladılar, azərbaycanlılara qarşı qətliamlar törətdilər. Xocalı qətliamı baş verərkən Ermənistanda və Qarabağda hansısa erməninin "cinayəti törətdik, bu, doğru deyildi" dediyini xatırlamıram, müharibələr oldu, hər iki tərəfdən itkilər var, bunlar unudulmayacaq. Ona görə də Qarabağda ermənilərin əksər hissəsinin Azərbaycana inteqrasiyadan imtina edəcəyini düşünürəm. Bu, bizə problem yaratmayacaq, tam əksinə, separatçı kimi düşünənlərə ərazimizdə yer olmamalıdır. Bu, bizim üçün həm də ona görə vacibdir ki, bir daha torpaqlarımızda erməni separatizmi baş qaldırmasın. Qarabağda azərbaycanlıların sayı ermənilərdən on, iyirmi dəfə çox olmalıdır. Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəyən erməni qalacaqsa, ətrafında azərbaycanlılar olmalıdır".

Bəzi qərəzli paytaxtların və beynəlxalq qurumların indidən erməni köçü ilə bağlı Azərbaycana qarşı kampaniyaya başlamasına gəldikdə, Elxan Şahinoğlu bunları bildirib:

"Beynəlxalq təşkilatların Azərbaycan əleyhinə açıqlamaları bir müddət davam edəcək. Onların hər birinə qarşı Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı olmalıdır. Azərbaycan XİN əleyhimizə olan açıqlamaları cavabsız qoymur. Bu, doğru strategiyadır. Azərbaycan əleyhinə açıqlamalar bizi yolumuzdan döndərə bilməz. İkinci Qarabağ müharibəsi günlərində də bizə qarşı bəyanatlar var idi, işimizə davam etdik. İndi də işimizə davam edirik. Qərb ölkələri və beynəlxalq təşkilatlar növbəti açıqlamalarla kifayətlənəcəklər, Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmayacaq. Onların Azərbaycanla əməkdaşlığa ehtiyacları var. Bizə qarşı olan açıqlama və bəyanatlar bir müddətdən sonra unudulacaq və Macarıstanın baş naziri Viktor Orban demişkən, Avropa liderləri Azərbaycan Prezidentinin əlini sıxmaq üçün növbəyə dayanacaqlar".

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR