İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” üçün ən ağır döyüş: “alman maşını”, fransız hakimlər...

Azərbaycan futbolu üçün daha bir vacib gecə olacaq. İlk dəfə olaraq, bir ölkə klubu-“Qarabağ”ımız UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununa çıxır. Rəqibi isə hər kəs tanıyır. Tarixinin ən uğurlu mövsümlərindən birini keçirən, bu il ümumiyyətlə, daxili və xarici oyunlarda məğlubiyyətin nə olduğunu bilməyən Almaniyanın “Bayer Leverkusen”ni “Köhlən atlar” Bakıda qarşılayacaq.

Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və 7 mart saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü martın 14-də Leverkusendə olacaq. Oyunun təmsilçimiz üçün necə çətin keçəcəyini qeyd etməyə gərək yoxdur. Proqnozlar da bizim üçün çox üzücüdür. Amma “Qarabağ”ın belə proqnozları necə alt-üst etdiyini, sözün həqiqi mənasında dünyanı şahmat taxtasındakı kimi mat etdiyini çox da uzaq tarixə getməyərək, iki həftə öncə “Braqa” səddini aşmaqla görmüşük. Bu dəfə də hər kəs inamlıdır.

"Bizim üçün məsuliyyətli oyundur".

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında deyib.

qurban-qurbanov-1.jpg (111 KB)

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Çox vacib oyundur. Hiss edirik, görürük, oxuyuruq, bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. "Bayer" tanış rəqibdir. Amma bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. Çox bacarıqlı, keyfiyyətli iş quran klubdur. Struktur baxımından belə klubdan böyük təcrübə toplayırıq. Pis hazırlaşmamışıq. Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, meydanda futbolçular özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik".

- Azərbaycan və Almaniya futbolu arasında fərq çox böyükdür. Bunu nəzərə alsaq, "Qarabağ" daha çox hansı məqama diqqət edərək rəqibin qarşısını ala bilər?

- Fərqi həmişə nəzərə almışıq. Amma bunu çox dərindən düşünməmişik. Biz sadəcə rəqibimizə qarşı necə oyun qurmaq lazımdır, onu düşünürük. Bunu bacarırıq deyə, inamla hazırlaşırıq. Bəli, bu komandanın nə qədər üstünlüyü olsa da, böyümək üçün çəkinmədən "Bayer"ə qarşı mübarizə aparmalıyıq. Bəzi detalları futbolçulara çatdırırıq. Amma futbolçulara tapşırığımız olacaq: meydanda 90 dəqiqə dözməyi bacarmalıyıq. İstənilən oyun tərzinə, sürətə dözməliyik. Bu, hazırkı futbolun əsas amillərindəndir. Çəkinmədən oynamaq və dözməyi bacarmaq çox vacibdir. Bu bir hissə olacaq, iki hissə olacaq, 60 dəqiqə olacaq, görəcəyik. Bunu bacarsaq, illərlə artıra bilərik.

- Favoritin adı məlumdur. Baxımlı futbol istəyirsiniz, yoxsa sırf nəticə?

- Baxımlı futbolu oynamağı düşünməsək, nəticələrimiz çox az olar. Sadəcə, bəzən tam düşündüyümüz kimi niyə alınmır? Rəqib imkan vermir. Amma tələblərimizdən, oyunumuzdan əl çəkmirik. Mənim üçün ev-səfər düşüncəsi yoxdur. Çünki dəfələrlə bildirmişəm ki, biz çəkinərək, sırf bu oyunda nəticəyə oynamaq lazımdır deyə, belə fikir formalaşdırsaq, az nəticələr qazanarıq. Biz baxımlı futbol oynamalıyıq. Azarkeşlərin komandanın yanında olması üçün də bu, vacibdir. Azarkeşlər rəqibin üzərində gərginlik yaradacaqsa, bu bizim üstünlüyümüzdür. İndi də istədiyimiz hücumları qurmağa, oyunumuzu oynamağa çalışacağıq. Ola bilər ki, hardasa rəqib ustalıqda bizi üstələyər. Amma inanmıram ki, bu matçda öz oyunumuzu göstərə bilməyək. Belə fikrim yoxdur. Aktiv, aqressiv şəkildə, rəqibə dəyər verərək oynayaq. Böyüməyimiz üçün bunlar çox vacibdir. Nəticə verib, böyümək istəyiriksə, böyük komandalara qarşı istədiyimizi meydanda göstərməyə çalışmalıyıq. Ola bilər ki, bu 60 dəqiqə olsun... Amma bunu bacarırıqsa, demək ki, gələcəkdə daha yaxşı olacağıq.

- Bu yaxınlarda “Bayer”in baş məşqçisi Xabi Alonso ilə Almaniyada görüşmüşdünüz. Sizcə, Xabi Alonso sizin fikirlərinizdən istifadə edib fərqli plan cıza bilər? Ya da, əksinə?

- Deməzdim ki, hansısa plan qurmuşuq, ya da Alonso bu barədə düşünəcək. Böyük komandalar ilk olaraq öz oyununu nümayiş etdirməyə çalışır. Bu gün də "Bayer" bunun hesabına digər rəqiblərdən üstündür. Xabi Alonsonun tələblərinə uyğun futbolçular yığılıb. Oyunun gedişində rotasiyalar yerinə yetirir. Tanışlığımız oldu. Həm biz öz işimizdən danışdıq, məlumat verdik. Həm də onlar bizə. Amma inanmıram ki, bu hansısa detal, element bizə qalib gəlməyə kömək edər, ya da uduzmağa səbəb olar. İlk oyunumuza qədər də çox oyunlarına baxmışdıq. Amma sonra meydanda canlı gördük. İnanmıram ki, görüşümüzün hansısa detalı fərq göstərsin. Futbolun dili birdir. Tələbləri vaxtında, yaxşı yerinə yetirən qalib gəlir. Bu aksiomadır. Klub olaraq münasibətimiz daha yaxın oldu. Mənim üçün maraqlı olan, Alonsonun keçmiş karyerası idi. Zəngin futbolçu karyerası var. Mənə motivasiya verən onun peşəkar davranışlarıdır. Bu qədər titullar əldə etməyi hər futbolçu bacarmır. Böyük məşqçilərlə işləyib, onlarla danışıqlarından bəhs etdi. Bu oyunda hansısa faydası olacağını düşünmürəm, gələcəkdə köməyi ola bilər.

- Qrupdakı "Bayer"lə indiki "Bayer"in fərqi var?

- Daha ciddi yanaşacaqlar, daha aktiv olacaqlar. Çünki Bakıdakı matçda onlara qarşı tam fərqli mübarizə aparmışdıq. Evdəki görüşdəki onlar birinci yeri həll etmişdilər. Amma bu iki oyundan ibarət matçdır. Məğlub olan turniri tərk edir. Xabi Alonso elə məşqçidir ki, mən onda hansısa oyuna sıradan yanaşdığını görməmişəm. "Bayer" çox ciddi yanaşacaqlar. Fikirləşəcəklər ki, cütün taleyini burada həll etsinlər.

- "Bayer"lə üçüncü dəfə oynayacaqsınız... Atalar üçdən deyib...

- Ataların sözündən heç vaxt çıxmamışıq. Nə deyiblər, düz deyiblər. Necə olacaq, görəcəyik. Üçlə bitmir, hələ dörd gəlir qarşıdan.

“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür".

QOL.az-ın məlumatına görə, bu fikirləri Xabi Alonso oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib: “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar oynadılar”.

46719398-ed9b-37b6-bfac-eb719eb7d272_850.jpg (94 KB)

Azərbaycanlı jurnalist tədbirdə X.Alonsoya belə bir sual ünvanlayıb:

"Yanvarın sonunda Qurban Qurbanov sizin klubun qonağı oldu. Əgər bilsəydiniz ki, "Qarabağ" sizinlə yenidən düşəcək, Qurbanovu qəbul edərdinizmi?" sualı ispaniyalı mütəxəssisdə təbəssüm yaradıb. 

X.Alonso cavabında deyib: "O, yaxşı məşqçidir. İstənilən halda onu böyük məmnuniyyətlə qəbul edərdik. Yaxşı söhbətlərimiz oldu. Aramızda heç bir sirr yox idi. Bizim bir-birimizdən gizlədəcəyimiz heç nə yoxdur".

"Qarabağ"la səfər matçımız mütləq gərgin olacaq. Biz artıq bunu bir dəfə görmüşük. Ona görə də bilirik ki, Bakıdakı oyun asan keçməyəcək".

QOL.az "Kicker"ə istinadən xəbər verir ki, bu sözləri "Bayer"in vitse-kapitanı Conatan Ta deyib.

Almaniya millisinin də üzvü olan müdafiəçi Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Qarabağ" çox məşhur komanda olmaya bilər, amma elə komandadır ki, onları qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, bizim onlara qarşı oyun təcrübəmiz var".

“Matçın çətin olacağını düşünürəm. "Qarabağ"la qrup oyunlarımız da asan keçməmişdi. Rəqibimiz yaxşı komandadır".

Bu sözləri “Bayer”in futbolçusu Robert Andrix  mətbuat konfransında deyib.

Almaniyalı yarımmüdafiəçi ilk oyunun Bakıda keçirilməsinin ürəyincə olduğunu bildirib: "Birinci səfərdə oynamağı üstün tuturam. Düzdür, səfər qolları qaydası artıq mövcud deyil, amma mən istərdim ki, növbəti mərhələyə vəsiqəni evdə qazanaq”.

R.Andrix qrup mərhələsində də "Qarabağ"la qarşılaşdıqlarını xatırladıb və Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Qrup mərhələsində Bakıda bizi nəyin gözləyə biləcəyini gördük. Orada 1:0 hesabı ilə qalib gəldik, lakin bu, asan oyun olmadı. Onlar hücumda güclüdürlər. Ona görə də bu oyun insanların düşündüyü qədər asan olmayacaq. Rəqib topla yaxşı oynamağı bacarır, ağıllı futbol oynayırlar".

“Səbayel”in baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın bu dəfə də sürprizlər etmək gücündə olduğunu düşünür:

180471_2liar6ez0b.jpg (35 KB)

“Bəli, bu oyunda favorit “Bayer”dir. Amma “Qarabağ” hər zaman bizim xoş mənada təəccübləndirib. Sürprizlərlə dolu bir “Qarabağ”dır. Bu klub futbol oynamağı bacarır. Bəxt də biz tərəfdə olmalıdır. Ümumiyyətlə, oyunun gedişindən çox şey asılı olacaq. 30-dan çox oyundur ki, “Bayer” uduzmur. Avropada sayılıb-seçilən klublardan biridir. Hazırda ən yüksək formada olan komandadır. İstənilən halda pessimist baxmaq olmaz. “Braqa” başda olmaqla, Avropa klubları ilə oyunlarında “Qarabağ” yaxşı mənada hər zaman bizləri təəccübləndirib. Düşünürəm ki, “Qarabağ” ən yaxşı oyunlarından birini də “Bayer” qarşısında keçirəcək. Bu klub ən yüksək formada layiqli alqışları haqq edir. Proqnoz vermək çox çətindir. Bayaq dediyim kimi, “Bayer”in şansları çox yüksək görünür, ancaq “Qarabağ” da sürprizlər edə bilər”.

İdman yazarı Natiq Muxtarlı bu oyunda hər bir nəticəni mümkün sayır:

natiq-muxtarli.jpg (30 KB)

“Bayer”lə oyun “Qarabağ” üçün ən asan qarşılaşmalardan biri olacaq. Niyə asan? Çünki “Qarabağ” Azərbaycan futbolunda heç kimin gözləmədiyi tarixi nəticəni əldə edib. Belə futbolu olan bir ölkədə bunu reallaşdırmaq möcüzədir. Ona görə də, “Bayer”lə oyunda “Qarabağ”ın üzərində heç bir təzyiq, stress yoxdur. Heç azarkeşlər də hər hansı bir təzyiq göstərmirlər. 

Rəqibin kim olduğu bəllidir. Bu mövsüm “Bayer”i Almaniya nəhəngi “Bavariya” da məğlub edə bilməyib. Bu məqamı nəzərə alan azarkeşlər bədgüman ola bilərlər. Amma bu bədgümanlıq onları stadiona getməkdən çəkindirmir. Təsadüfü deyil ki, oyunun biletləri cəmisi 4 saatın içində satılıb qurtardı. Bu, azarkeşlərin “Qarabağ”a vəfa borcu, təşəkkürü idi. Hətta qələbəyə inanmasalar belə, yenə də stadiona gələcəklər. Deməli, nəticədən asılı olmayaraq, oyundan sonra “Qarabağ” alqışlanacaq.

Bu, məsələnin mənəvi tərəfidir. Amma idman tərəfi də var. Biz belə düşünürük. Ancaq Qurban Qurbanov, komandası belə düşünmür. Buna əmin olun. Onlar bu oyuna olduqca ciddi yanaşırlar. Böyük ehtimalla, futbolçular daha bir tarix yazmaq niyyətindədirlər, buna kökləniblər. Alınıb-alınmayacaq, bu başqa məsələdir. Amma meydana çıxıb öz oyunlarını oynayacaqlar, mübarizə aparacaqlar, vuruşacaqlar. “Qarabağ” qrup mərhələsində Bakıda keçirilən oyunda sübut etdi ki, “Bayer”lə də başabaş mübarizə apara bilər. Bu oyunu da detallar həll edəcək. Səhvlər olmasa, yersiz qırmızı vərəqə alınmasa, ələ düşən imkanlardan maksimum istifadə edilsə, “Bayer”i ən azı Bakıda məğlub etmək mümkündür. Dünyanın  da diqqəti bu oyunda olacaq. “Bayer”i nə Almaniyada, nə də Avropada məğlub edən tapılmır. Bakıda məğlub olsalar, Avropa “Qarabağ”dan daha çox danışmağa, yazmağa başlayacaq.

Yəqin ki, Qurban Qurbanovun da futbolçularına motivasiya yönlü tövsiyələri bu istiqamətdə olacaq: “Məğlubiyyətə görə bizi heç kim qınamayacaq. Amma qələbəyə görə dünya bizdən danışacaq, sadəcə öz oyununuzu oynayın, vəssalam”.

Azarkeşlərin də borcu odur ki, onlara avrokubok  mövsümü ərzində belə böyük xoşbəxtlik yaşadan komandanı dəstəkləsinlər və nəticədən asılı olmayaraq oyundan sonra alqışlasınlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR