İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq

Xəbər verildiyi kimi, Braziliyanın Hərbi Hava Qüvvələri ötən ay Qazaxıstanda qəzaya uğrayan və “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” təyyarəsinin qara qutusundakı uçuş məlumatlarının çıxarılmasını uğurla tamamlayıb. Bu barədə Braziliya rəsmiləri açıqlama yayıb. Musavat.com bildirir ki, təyyarənin qara qutusundan əldə edilən məlumatlar dərhal Qazaxıstanın müvafiq araşdırma qurumlarına təqdim edilib.

Qəza ilə bağlı araşdırmalar davam edərkən, Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin Rusiya hava müdafiə sistemi tərəfindən vurulması ehtimalını irəli sürüb. Prezident, qəzanın beynəlxalq hüquq prinsiplərinin pozulması olduğunu qeyd edərək, bu məsələ ilə bağlı Rusiyadan izahat tələb edib.

İlham Əliyev çıxışında deyib: “Biz bu hadisənin təsadüfi olmadığını düşünürük. Rusiya raket sistemlərinin bu qəzanın səbəbi ola biləcəyi ehtimalı ciddi şəkildə araşdırılmalıdır”.

Braziliyada həyata keçirilən qara qutunun təhlili qəzanın dəqiq səbəblərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qara qutunun Braziliyaya göndərilməsini “obyektivlik və şəffaflıq” üçün vacib addım kimi qiymətləndirib. O, hadisənin bütün detalları ilə araşdırılacağını və beynəlxalq ictimaiyyətə nəticələrin təqdim ediləcəyini bildirib.

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını açıqlayıb. "Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl təyyarənin araşdırılması mərhələsində Türkiyə də dəstək verəcəyini bəyan edib. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu danışıb. O bildirib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.

Modern.az komissiyanın fəaliyyəti və "qara qutu"nun açılması prosesi haqqında məlumat almaq üçün Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Türkiyənin yaratdığı komissiya qəzanın araşdırılmasında iştirakçı kimi çıxış edib. Müvafiq məlumatlar artıq qəza ilə bağlı tərəflərə göndərilib.

"Qəza ilə bağlı müvafiq dövlətlər tərəfindən açıqlama veriləcək. Dost və qardaş Azərbaycanla mülki aviasiya sahəsində əməkdaşlığımızın daha da artırılması barədə razılıq əldə edilib", - açıqlamada qeyd olunur.

İlkin araşdırmaların nəticəsi nə zaman açıqlana bilər? Rəsmi rəydə Rusiyanın günahı təsbit edilərsə, hansı addımlar atılmalıdır? Rusiya kompensasiyanı hansı şəkildə ödəməlidir?

Əsas məsələ, qardaş Türkiyənin araşdırmalarda iştirakı hansısa ört-basdır cəhdlərinin qarşısını ala biləcəkmi?

Bütün arzuları reallaşdırmaq mümkündür:

Arzu Nağıyev

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, bu gün Türkiyə və Azərbaycan arasında hərtərəfli əlaqələr var və Türkiyənin çətin gündə Azərbaycanın yanında olması təqdirəlayiqdir: “Bir-birimizlə elə böyük mübadilə var ki, bu bir çox sahələri əhatə edir. Türk dövlətləri təşkilatında Azərbaycanın və Türkiyənin birgə iştirakı çox böyük əhəmiyyət daşıyır. Şuşa bəyannaməsinin imzalanması ölkələrimiz arasında münasibətləri artıq müttəfiqlik səviyyəsinə qaldırıb. Bir daha dünyaya göstərdik ki, bir millət, iki dövlət olmaqla yanası, siyasi, iqtisadi və bütün sahələrdə də bir-birinə dəstək olan dövlətlərik. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğluna da xüsusi təşəkkür edirik ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciətinə operativ qaydada reaksiya verilib. O məşum qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb. Dost-qardaş dövlət olaraq Türkiyənin bu addımı təqdir olunmaqla yanaşı, təyyarənin qəzaya uğramasının obyektiv səbəblərinin ortaya çıxarılması baxımımndan da vacibdir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR