İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Laçın yolu müzakirələri - Kremlin təklifi nə...

Qarabağda əsas söz sahibi Azərbaycandır və şübhə yoxdur ki, İlham Əliyev Rusiya liderinə  narahatlıq doğuran bütün məsələlərlə bağlı birmənalı mövqeyini çatdırıb

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 12-də Azərbaycan dövlət başçısı İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsi barədə detallar ətraflı açıqlanmasa da, qısa məlumat verilib.

Rəsmi məlumata görə, İ.Əliyevlə telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il razılaşmalarının reallaşdırılmasının praktiki aspektləri, Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib. Ermənistan baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda isə deyilir ki, tərəflər Laçın dəhlizində vəziyyətin nizamlanması məsələlərini müzakirə ediblər. “Baş nazir Paşinyan Ermənistanla Dağlıq Qarabağ arasında fasiləsiz əlaqənin təmin edilməsinin, eləcə də Rusiya sülhməramlı missiyasının bu istiqamətdə ardıcıl addımlar atmasının vacibliyini vurğulayıb”, - deyə xəbərdə bildirilir. Paşinyanla üçtərəfli 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasına da toxunulub. İndiyədək üçtərəfli razılaşmanın bəndlərini icra etməyən Ermənistan və Qarabağdakı qondarma rejim vay-şüvən qoparıblar. Separatçı qurumun “xin”i Laçın yolunun bağlanmasını “soyqırım cəhdi adlandırıb”, Bakını Rusiya sülhməramlı missiyasının fəaliyyətinə mane olmaqda ittiham edib. Separatçılar utanmaz-utanmaz “üçtərəfli bəyanatdakı öhdəlikləri” də yada salıblar. Qondarma “parlament” isə “Rusiya sülhməramlılarını üçtərəfli razılaşma çərçivəsində ən sərt tədbirləri görməyə çağırıb”. Yayılan sərsəm “bəyanatlardan” aydın olur ki, ermənilər verilən vədləri və öhdəlikləri yerinə yetirmək deyil, Rusiya sülhməramlılarını Azərbaycana qarşı qızışdırmaq, münaqişəni böyütmək məqsədi güdürlər. Birinci Qarabağ müharibəsində işğal etdikləri ərazilərdən dinc əhalinin çıxmasını əngəlləyənlər, onların yollarında pusqu qurub qətliam törədənlər, Xocalıda da eyni ssenarini daha qəddarcasına təkrarlayan ermənilər indi Laçın yolunun bağlı qalmasını “genosid” hesab edirlər. Paşinyanın Putinlə telefon danışığında nə deməsi maraqlı deyil. Qarabağda əsas söz sahibi Azərbaycandır və şübhə yoxdur ki, İlham Əliyev Rusiya Prezidentinə narahatlıq doğuran bütün məsələlərlə bağlı birmənalı mövqeyini çatdırıb. Bəs Kremlin təklifi nədir? Aydındır ki, indiki məqamda Rusiyaya Qarabağda gərginlik lazım deyil. O halda Rusiya Qarabağdakı bir ovuc ermənini ağıllandırmalıdır. Amma rəsmi Moskvanın sərgilədiyi mövqe də birmənalı şəkildə Azərbaycanın maraqlarına cavab vermir. Belə görünür ki, Kreml ənənəvi siyasətinə uyğun olaraq ikili davranış sərgiləyir.

İlham İsmayıl: "Yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur" - Milli  Tribuna

İlham İsmayıl

Təhlükəsizlik xidməti polkovniki İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, 10 gün ərzində Azərbaycanın üç dəfə keçirdiyi “mülki əməliyyat” bu torpaqların sahiblərinin kim olduğunu həm sülhməramlı adı altında fəaliyyət göstərənlərə, həm də separatçılara başa saldı: “Vətəndaş cəmiyyətinin keçirdiyi bu əməliyyatın psixoloji, siyasi effekti hələ bir müddətdən sonra daha aydın hiss olunacaq. Bu mülki etiraz paralel olaraq Vardanyan missiyasına ümid edənlərə ağır zərbə vurdu. Rusiya Prezidentinin telefon danışığından sonra da etirazın davam etməsi göstərir ki, milli maraqlarımız hər bir təsirdən üstündür və qırmızı xəttimizi heç bir zəng keçə bilməz”. İ.İsmayıl əvvəlki illərlə paralellik aparanların arqumentlərini də cavablandırdı: “İndi 2016-cı ilin apreli deyil ki, Şoyqu zəng vurub desin ki, "prekratite eto delo". Həm sülhməramlıların, həm də separatçı rejimin məkrli və təxribata meylli olduğunu bilirik. Gecə saatlarında Araik Arutyunyan müşavirə çağırıb və “daxili və xarici ” imkanlardan maksimum istifadə etmək tapşırığını verib. Xarici imkanlar dedikdə ermənilər yalançı “məzlum, əzabkeş” roluna girərək mülki aksiyanı “soyqırım” kimi dünyaya çatdırmağı düşünürlər və separatçılar hətta BMT Təhlükəsizlik Şurasının təcili iclasını belə çağırmaq tələbi ilə çıxış ediblər".

Bu arada İrəvanın “Baqramyan 26" teleqram kanalı da xəbər yaydı ki, guya etirazçılara günün ikinci yarısınadək aksiyanı dayandırmaq və yolu açmaq tələbi çatdırılıb. Əks halda, güc tətbiq edərək yolu açacaqları barədə xəbərdarlıq edilib. Bu halda nə ola bilər və Rusiya hərbiçilərinin komandanı A.Volkovdan hansı addım gözləmək olar? İ.İsmayıl: "Rusiya sülhməramlıları Azərbaycanın ekoloji nümayəndə heyətini mədənlərə aparıb monitorinq keçirilməsinə razılıq verir. Bu, birinci və Rusiyanı xilas edən variantdır. İkinci variant odur ki, razılıq vermir və güc tətbiq etməklə etiraz aksiyasını dağıtmağa cəhd edir. Bu ən uğursuz variantdır və bizim etirazçıların arxasında onların təhlükəsizliyini təmin edən qüvvələrimizin olduğunu yaxşı bilirlər. Ruslar erməni separatçılarını deyil, özlərini ağıllandırmalıdırlar. Separatçılar Rusiyanın əlinə baxır, Kremldən gələn göstərişi gözləyirlər. Normal məntiqlə Rusiya Ukrayna cəbhəsindəki ağır vəziyyətini nəzərə alaraq Cənubi Qafqazda əlavə gərginlik ocağının yaranmasına şərait yaratmamalıdır. Görünür, Rusiyanı Cənubi Qafqazda məhz Azərbaycan ağıllandırmalıdır. Bunu bir neçə variantda etmək mümkündür. Azərbaycan mülki əməliyyatını davam etdirməli, Qarabağ İqtisadi Zonasında vaxtilə yaşamış qaçqın azərbaycanlıların 50-dən çox yaşayış məntəqəsinə qayıtması üçün etirazlara başlamalıdır. Bu etirazlar bir neçə istiqamətdə aparıla bilər. Mülki etirazlar “yumşaq hücum” deməkdir. Biz hücumumuzu davam etdirməliyik".

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli də dövlətimizin qüdrətinə arxayındır: “Azərbaycan dövlətinin və vətəndaşlarının hansı addım atmasından asılı olmayaraq, uzun illərdən bəri ölkəmizin təbii resurslarını talan edən, müharibə cinayətləri törədən, narkotik qaçaqmalçılığı, insan orqan və toxumalarının transplantasiyası, insan alveri və digər cinayət əməlləri ilə məşğul olan şəxslər cəzadan yayınmaq üçün separatçı meylləri və qarşıdurma atmosferini qoruyub saxlamağa, dialoqa və birgəyaşayışa mane olmağa, bunun üçün ağlasığmaz yalan və böhtanlara əl atacaqlar. Erməni separatizmi və terrorizmi bu gün regionun "Qordi düyünü"nə çevrilib və bu düyünü kəsmək, Azərbaycan torpaqlarında sülhə, təhlükəsizliyə təhdid yarada biləcək bütün faktorları aradan qaldırmaq lazımdır. Rusiya sülhməramlıları unutmalı deyillər ki, onlar öz düşüncələrinə və maraqlarına görə “sülməramlı missiya” həyata keçirə bilməzlər. Sülhməramlı fəaliyyətin əsasını BMT Nizamnaməsinin VI, VII və VIII fəsilləri, BMT Təhlükəsizlik Şurasının 1325 (2000-ci il), 1612 (2005-ci il) və 1674 (2006-cı il) saylı qətnamələri, həmçinin BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər və bu sənədlər əsasında formalaşdırılan prinsip və istiqamətlər - “Ümumi doktrina” təşkil edir. Andrey Volkov və dəstəsi özündən “sülhməramlı fəaliyyət növü” icad edə bilməzlər. Sülhməramlı missiyaların əsas vəzifələrindən biri səlahiyyət zonalarında ərazilərində yerləşdirildikləri ölkələrin qanunvericiliyinin tətbiq olunması, qanunsuz fəaliyyətin qarşısının alınmasıdır".

E.Mirzəbəyli digər mühüm amilə də diqqət çəkdi: “Eyni zamanda nəzərə almaz lazımdır ki, Rusiya sülhməramlıları artıq 10 noyabr 2020-ci il tarixli bəyanatın prinsiplərini Azərbaycan ərazilərinə daxil olduqları gündən pozublar və sözügedən sənədin 2-ci bəndinin icrasını iki ildir ki, yerinə yetirmirlər. Bu baxımdan, missiyanın vaxtından əvvəl evə göndərilməsi üçün kifayət qədər əsaslar var. Rusiya isə Nikol Paşinyanın və onun "sorosçu" tör-töküntülərinin manevr imkanlarının tamamilə məhdudlaşdırılması, sülh müqaviləsinin tez bir zamanda imzalanması, sərhədlərin delimitasiyası və 10 noyabr bəyanatının müddəalarının, o cümlədən rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməsi üçün bütün mümkün imkanlardan istifadə etməli, Ermənistana real təsir göstərməlidir".

Şuşa Azərbaycanın paytaxtı olmalıdır – Akif Nağı | Hafta.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, belə görünür ki , Rusiya rəhbərliyi regiondakı son gərginliklə bağlı narahatdır, hadisələrin məcrasından çıxacağından ehtiyat edir: “Rusiya Prezidenti Putinin dərhal hər iki tərəfin liderinə zəng etməsi bu narahatlıqdan xəbər verir. Bu söhbətlərdə Putinin hansı mövqe sərgilədiyini demək çətindir. Hər halda, güman etmək olar ki, Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir. Bu ərəfədə baş vermiş hadisələr, mütəxəssislərin əraziyə buraxılmaması sülhməramlıların özfəaliyyətinin nəticəsi deyildi, onlar Kremlin tapşırıqlarını yerinə yetirirdilər”. A.Nağı qeyd etdi ki, Putin bu yolla ərazidə Azərbaycanın mövqelərini zəiflətmək, hərəkət imkanlarını məhdudlaşdırmaq, bölgədə kimin hakim olduğunu göstərmək istəyirdi: “Azərbaycan tərəfindən əks-həmlə aldıqdan sonra geri çəkilməli oldu. Böyük ehtimalla bu telefon söhbətində Putinin haraya qədər geri çəkiləcəyi ilə bağlı müzakirələr aparıldığını demək olar. Azərbaycan bu situasiyadan mövqeyini xeyli möhkəmləndirmək, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə daha geniş hərəkət sərbəstliyi qazanmaqla çıxacaq. Putin rəsmi Bakının bu yöndə tələblərini artıq yerinə yetirmək zorundadır”.

E.Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR