İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yanından qaçan oliqarxın yeri məlum oldu

Ölkəni tərk edəndən sonra barəsində araşdırılma başlayan Anotoli Çubays İsraildə özünə iş axtarır 

Rusiyada özəlləşdirməsinin “atası” hesab olunan, Ukrayna müharibəsi başlayandan sonra gözlənilmədən prezident Putinin dayanıqlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa  verərək ölkəni tərk edən Anatoli Çubaysın harada olduğu üzə çıxıb. “Rosnano”nun keçmiş rəhbərinin nümayəndəsi onun Avropada, konktret olaraq  İtaliyada olması ilə bağlı xəbərləri təkzib edib. Çubaysın nümayəndəsi RBK-ya açıqlamasında onun əvvəl Türkiyəyə getdiyini, daha sonra isə İsrailə yerləşdiyini təsdiqləyiblər.  

Bildirilir ki, Çubaysın İsrailə getməkdə məqsəd iş tapmaq və elmi fəaliyyətlə məşğul olmaqdır. O, bir sıra universitetlərlə əməkdaşlıq məsələlərini müzakirə edir. Yada salaq ki, Çubays da yəhudidir. Çubaysın sözçüsü onun şəxsi təyyarəsi və ya xaricdə mülkü olması xəbərlərini də təkzib edib. 

israil.jpg (58 KB)

Çubays ölkəni tərk etdikdən sonra onun əmlakları və  “Rosnano”dakı fəaliyyəti ciddi təftiş olunmağa başlayıb. “Rosnano”nun  yeni rəhbəri Sergey Kulikov Baş Prokurorluğa müraciət edərək  qurumun 2010-cu ildən 2020-ci ilə qədər fəaliyyətini yoxlamaq xahişi ilə məktub göndərib. Bu illərdə  isə “Rosnano”ya Çubays rəhbərlik edib. Bundan əlavə, Hesablama Palatası “Rosnano”da 513 milyon rubl zərər aşkar edib - auditorlar bunu "fırıldaqçılıq əlamətləri" hesab edirlər. Bundan əlavə, şirkət qaytarılmayan 10 milyard rubl kredit alıb. 

 Bundan  əvvəl isə Rusiya mediası Çubaysın Peredelkini kəndindəki  villası haqda yazmışdı.  Ekspertlər bu əmlakın dəyərini 2 milyard rubldan (25 milyon dollar) baha  qiymətləndirirlər. Bildirilirdi ki, Çubaysın xaricə getməsinə baxmayaraq, ümumi sahəsi 1,56 hektar olan ərazidəki  villada tamamlama işləri davam edir.  

Çubaysın istefasında Putinin İsveçrədə gizlənmiş düşməni Mixail Xodorkovskinin yaydığı bir video müraciətlə də əlaqələndirirdilər. Xodorkovski qısa videosunda Çubays da daxil bir neçə oliqarxın adını çəkərək onları Ukrayna məsələsində qəti mövqe ortaya qoymağa çağırmışdı. “Əks halda, siz mənim düşmənimsiniz, inciməyin” deyə, Xodorkovski müraciətinin sonunda bildirmişdi.

811129_1kljgsmmps.jpg (17 KB)

Amma başqa bir  iddiada Çubaysın istefası Rusiyanın Ukraynadakı müharibəsi fonunda  Kremlə yaxın oliqarxların arasında illərlə davam edən gizli münaqişənin üzə çıxması kimi də qiymətləndirilirdi.  Məlumdur ki, Putinin hərbi əməliyyatlara başlamaq qərarı təkcə Rusiyanın şou-biznesində deyil, oliqarxlar arasında da ciddi etirazla qarşılanıb. Rusiya hakimiyyəti birmənalı olaraq əvvəlki xidmətlərindən asılı olmayaraq, bu əməliyyatlara qarşı çıxıb Ukraynanın tərəfini tutanları “vətən xaini” elan edib. Hakim “Vahid Rusiya” da ölkəni tərk edən Çubaysı “vətənə xəyanətdə” ittiham edib. 

Qeyd edək ki, Rusiya şou-biznesinin bir sıra tanınmış nümayəndələri də Ukrayna müharibəsinə etiraz olaraq ölkəni tərk ediblər və onlardan bəziləri İsraildə yerləşiblər. Onların sırasında Alla Puqaçova, Maksim Qalkin, Sergey Makareviç və İvan Urqand da var. Onlar da hələ ki, özlərinə iş axtarırlar…

Orxan ƏLİYEV, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR