Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 1-də Milli Məclisə paralel olaraq, Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri Vasif Talıbovun xələfini də müəyyənləşdirəcəyi baxımından ciddi maraq doğururdu.
Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisin hər bir deputatı sədr seçilə bilər.
O da bildirilirdi ki, deputatlığa namizədlər siyahısında Talıbovu əvəz edəcək parlaq fiqurlar yoxdur. Yalnız bir neçə namizədin üzərində ehtimallar qurulurdu. Onlar YAP üzvü, Badamlı seçki dairəsindən namizədliyini irəli sürmüş Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov, YAP üzvü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəhla Əhmədova, YAP-çı namizəd, “Naxçıvan Abadlıq” MMC-nin direktoru Emin Qasımov idi.
Sentyabrın 26-da Ali Məclisin yeni tərkibdə keçirilən ilk iclası bu məsələyə aydınlıq gətirməli idi.
Ali Məclisin ilk iclasını ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb. İclasda Ali Məclisin Hesablayıcı komissiyasının tərkibi səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ - Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb. “Azpolitika.info”-ya daxil olan məlumata görə, Ali Məclisin sessiyasında məqsədli şəkildə formal səsvermə keçirilib. Belə ki, sədr vəzifəsinə 27 saylı Naxçıvan şəhər seçki dairəsini təmsil edən Vüsal Məmmədzadənin namizədliyi səsə qoyulsa da, o, tələb olunan 23 səsi almadığından sədrin seçilməsi məsələsi təxirə salınıb.
V.Məmmədzadə deputat seçilənədək Babək Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib. MR-də heç kimin tanımadığı Məmmədzadənin namizədliyi təbii ki, formal xarakter daşıyıb. Onun namizədliyinin irəli sürülməsi, deputatlara da ona səs verməməklə bağlı təlimatın verilməsi bu məqsədə xidmət edib ki, muxtar respublikanın konstitusiyasının pozulması hesabına olsa da, sədr seçkisi baş tutmasın, onun səlahiyyətləri birinci müavin seçiləcək Bəxtiyar Məmmədovda saxlanılsın. Çünki muxtar respublikanın konstitusiyasında sədrin seçilməsilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, B.Məmmədov bu tələbə cavab vermirdi. Ona görə də faktiki olaraq sədr vəzifəsini ləğv ediblər ki, səlahiyyətləri B.Məmmədova vermək mümkün olsun.
Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
İclasa sədrlik edən deputat Ramiz Məmmədov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclis sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Nizamnaməyə uyğun olaraq Ali Məclis sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər. Ali Məclisin sədri seçilmədiyindən deputatlar müavin vəzifələrinə namizədləri təklif ediblər. Bəxtiyar Məmmədovun birinci müavin olması təklifi dəstəklənib. O, Ali Məclisi sədrinin birinci müavini seçilib.
Bəxtiyar Məmmədov çıxışında səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
Arzu Abdullayev
Ali Məclis sədrinin müavininin seçilməsi də çətinlik yaratmayıb. Arzu Abdullayevin namizədliyi dəstəklənib və səsvermə nəticəsində o, Ali Məclis sədrinin müavini seçilib.
Göründüyü kimi, Talıbovun 2022-ci ilin dekabrından bəri boş qalan “tilsimlənmiş” kreslosuna sahib çıxan tapılmayıb.
Yada salaq ki, müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
Qeyd edək ki, V.Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.
Aydın Quliyev
Siyasi şərhçi, “Bakı-xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Ali Məclis sədrinin seçilməməsinin əsl səbəblərini dəqiq şəkildə demək çox çətindir: “Mənim üçün demək çox çətindir. Ona görə ki, Ali Məclisin iclasında özüm iştirak etməmişəm və həmin prosesi, şəraiti bilavasitə yaşamamışam. Buna görə də sədrin seçilməsi ilə bağlı prosesin sessiyada necə getdiyi ilə bağlı nə dəqiq məlumatım, nə də birbaşa təəssüratım var. Amma bəzi versiyaları eşidirəm. Həmin versiyaların nə qədər dəqiq olub-olmadığına münasibət bildirmək mümkündür. Məsələn, bunu bəzən Ali Məclisin keçmiş sədri Vasif Talıbova bağlı qüvvələrin müqaviməti ilə bağlayanlar var. Mən qəti şəkildə əminəm ki, belə bir qüvvələrin mövcudluğu bəlli olmasa da, varsalar belə onların müqavimət göstərmək üçün heç bir potensialı yoxdur. Nəinki Ali Məclisin sessiyasına, kimin seçilməsinə təsir və müqavimət göstərmək, sədr seçdirmək və ya kiminsə sədr olması şanslarını bloklamaq imkanları yoxdur. Hətta həmin qüvvələr təkrar edirəm ki, əgər doğrudan da varsa, bu qüvvələrin bir qəzet məqaləsi yazıb onu çap etdirməyi təşkil etməyə belə gücləri yetməz. Ən azı iradələri yetməz. Ona görə ki, onlar 30 il ərzində muxtar respublikada rəhbərlik prosesinin necə aparıldığını bütün Azərbaycan xalqına və Naxçıvan əhalisinə göstərdilər. Buna görə də onların müqavimət göstərən qüvvə kimi formalaşması və Ali Məclisdə proseslərə maneçilik törətməsini ehtimal etmirəm. Yaxud da ki, Ali Məclis sədrinin seçilməməsinin orada müəyyən qrupların bir-biriləri ilə razılaşa bilməməsinin nəticəsi olduğu izahı verilməsi də bir o qədər ağlabatan deyil. Çünki cəmiyyətdə müxtəlif fikirlər Naxçıvan üçün də xarakterik olsa da, amma yerli hakimiyyətə təsir göstərmək baxımından müxtəlif siyasi, regional qrupların bu dərəcədə sərbəstləşə biləcəyini də açığı gözləmirəm”.
A.Quliyev qeyd etdi ki, Ali Məclisin sədrinin olmaması əlbəttə müəyyən neqativ təsəvvürlərin yaranmasına gətirib çıxarır: “Ancaq Ali Məclisin sədrinin olmadığı şəraiti belə, mənim fikrimcə, Ali Məclisin funksional fəaliyyətinin səmərəliliyinə o qədər də mənfi təsir göstərməz. Ən pis onda olardı ki, Ali Məclisin sədrinin səlahiyyətlərinin konkret şəxsə, müavinə həvalə olunması proseduru olmayaydı. Ancaq indiki vəziyyətdə sədr olmasa da, onun bütün səlahiyyətlərinin rəsmi qaydada həvalə edildiyi şəxs var. Vacib olan odur ki, Ali Məclisin sədrinin muxtar respublikanın konstitusiya ilə müəyyən olunmuş səlahiyyətlərinin kim tərəfindən həyata keçirilməsi məlumdur. Ancaq burada incə bir nüans da var. Bu da ondan ibarətdir ki, Ali Məclisin sədrinin nə üçün seçilə bilmədiyi ilə bağlı muxtar respublikanın indiki rəhbərliyi inandırıcı izahat verməliydi. Cəmiyyət arasında müxtəlif fikirlərin, şayiələrin yayılmasının qarşısını almağın ən etibarlı mexanizmi budur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ