İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara üzüm yeyib yatan deputat

Bu yaxında rəhbərliyin iclasında hansısa vəzifəli yoldaşlar yuxuya gedibmiş. (İndi ağlıma gəldi ki, bu əhvalatın Türkiyə ləhcəsindəki təsviri daha : romantikdiruykuya dalmaq. İfadənin içində insana həyatda lazım olan və lazım ola biləcək hər şey vardır). Zəhmətkeşlərimiz onları kəskin tənqid atəşinə tutmuşlar. Biri deyir niyə yatırsınız, o biri deyir aldığınız maaş burnunuzdan gəlsin, üçüncü lap dərinə gedib Mirzə Ələkbər Sabirdən misal çəkir.

Yəqin bilirsiniz, Sabir bu tip məsələlərdə özünü işə salıb. Orta statistik azərbaycanlı üçün istənilən sosial vəziyyət üçün Sabirdən sitat hazırdır. Beynimizə əziyyət vermərik. Artıq hamımıza əyandır ki, əcnəbilər seyrə balonlarla çıxır, fəhlə özünü insan saymalı deyil, millət tarac olmalıdır, oxutmuram, əl çəkin və sairə. Yatmışları oyatmağa razı deyilik - bu da klassik formullardan biridir. Guya hamı Sabirsevərdir. Lakin o sitatları çəkənlərin 99 faizi elə Sabirin əsərlərindəki personajlardır.

Qayıdaq iclasda yatanların yanına. Uca millətimiz başa düşmür ki, əslində o yatan adamlar onun ən yaxın dostlarıdır, ən xeyirxah insanlardır. Nəyə görə?

Birincisi, sizə oyaq məmur, deputat, vəzifəli şəxs çox lazımdırmı? Oyaq olsa, cibinizə, dövlət büdcəsinə girəcək axı. Vəzifəli şəxs nə qədər çox və dərin yatsa, xalqa o qədər xeyirlidir. Hətta biz imkan tapıb onlara yuxu dərmanı verməliyik. Layla çalmalıyıq. Beşiklərini, kreslolarını yırğalamalıyıq.

İkincisi, bəlkə heç onlar yatmır, sadəcə, dünyada baş verən qanunsuzluqları, ədalətsizlikləri görmək istəmir, bu məqsədlə gözlərini yumurlar? Hamısı, namxuda, humanist insanlardır. “Mərhəmət” sözünün kökü bizim “məmur” sözündəndir.

Elə jurnalistlər həmin yuxulayan vəzifəli yoldaşlardan birini danışdırıblar, deyib ki, əslində mən aşağı baxırdım, yatmamışdım.

Buyur. Bir nəfər aşağılara (oxu: xalqa) baxan vəzifəli yoldaş tapmısınız, qədrini bilmək yerinə hoydu-hoyduya götürürsünüz. Ta sonra hansı məmur aşağılara baxar? Mən onların yerinə olsam ancaq yuxarılara baxaram. Nə varsa yuxarıda var.

Üstəlik, deyir bütün günü xalq üçün əziyyət çəkirik, yoruluruq. Əlbəttə. Bunun özünü təzəlikcə işdən çıxarıblar, idarədə təkcə qahımlarının adına 14 maşın şütüyürmüş. Arvadını da işə götürübmüş, təzə müdir çıxardıb. Deməli ailəlikcə yatmırlar. Gecə-gündüz, bütün nəsil xalq üçün çalışırmış. Arada gözünün acısını almaq, çimir etmək istəyəndə də hansısa namərd jurnalistlər böyürdən foto şaqqıldadır.

Yeri gəlmişkən, məncə burda qanun pozuntusu da vardır, çünki bizim media qayda-qanunlarına son illər əlavə edilmiş mütərəqqi dəyişikliklərə görə yatmış vəzifəli şəxsin şəklini icazəsiz çəkməyə iş düşür. 5 ildən 10 iləcən gedib yatırsan. Adam oğurlamaqdan ağır cinayət sayılır. Haqlı olaraq. Yuxarıda yazdığım kimi: niyə səs salıb lazım olmayan şəxsləri oyadırsan? Xalqın düşmənisən? Ayıb deyilmi? Utanmıxdan ölün, Çingiz Abdullayev demişkən.

Yuxu çox əsrarəngiz vəziyyətdir, bunun sirrini alimlər hələ tam çözə bilməmişdir. Bəzi versiyaya görə adam yatarkən ölümlə həyat arasında sərhədyanı bir bölgədə gəzişir. Yaxşı, sən yatmış vəzifəli şəxsin şəklini çəkəndə diksinib ölsə necə olacaq? Məsuliyyət kimin üzərindədir? Addım atarkən nəticəsini düşünün. Hüquq-mühafizə orqanlarımız da gərək yatmasın.

Vəzifəli şəxslər iclasda yatarkən yuxuda nə görürlər? Hələlik bu haqda dəqiq məlumatımız yoxdur, mətbuat xidmətindən cavab gözləyirik. Amma yuxuda görülən şeylərin detalları olduqca önəmlidir. Məsələn, mən bu yaxında qəzetdə bir yazı oxudum, sən demə yuxuda üzüm görmək xoşbəxtliyə işarədir. Lakin üzümü necə görmək vəziyyətə rəng qatırmış. Üzüm yığmaq və yemək pullanmağa işarədirsə, sarı üzüm xəstəlik, bənövşəyi üzüm yeni iş yeri, qara üzüm pis xəbər, yaşıl üzüm firavanlıq deməkmiş. Bəs adam yuxuda rəngbərəng üzümləri basıb yesə necə olacaq?

Məni bu, çox düşündürdü və yorulub yatdım.    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR