İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “şantajı”na ŞOK REAKSİYALAR: “Siyasi alveri işə yaramayacaq və...”

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin dünən Federal Məclisə müraciətində 2010-cu ildə imzalanan Strateji silahların məhdudlaşdırılması haqqında müqaviləni (SSM-3) dayandırdıqlarını bəyan etdi.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ ekspertləri Rusiya liderinin həmin qərarını “şantaj” və “sazişi siyasi alver obyektinə çevirmək” niyyəti olaraq dəyərləndiriblər.

ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kremer “Azadlıq” radiosuna müsahibəsində bu addımın tamamilə Ukrayna ilə bağlı olduğunu deyib.

“START-3-dən (sazişin ABŞ-dakı adı - red.) imtina Putinin əlində qalan yeganə vasitədir. Amerikalılara qarşı şəxsi sanksiyalar gülüncdür, heç birimiz Rusiyaya səfər etməyi xəyal etmirik, orada heç bir aktivimiz yoxdur. Ona görə də görünür, Vladimir Putin START-3 sazişindən çıxmaqla Vaşinqtonun diqqətini cəlb edə biləcəyini düşünür. Putin nüvə silahlarının məhdudlaşdırılmasının ABŞ üçün vacib olduğunu bildiyi üçün Sazişi sövdələşməyə çevirməyə çalışır. Amma əminəm ki, bu taktika işləməyəcək”, - deyə dövlət katibinin keçmiş müavini söyləyib.

Bir çox müşahidəçinin qeyd etdiyi kimi, Putinin açıqlaması Bayden administrasiyası tərəfindən nisbi sakitliklə qarşılanıb. “Kədərli və məsuliyyətsiz qərar” - dövlət katibi Entoni Blinkenin bəyanatında işlətdiyi ən sərt sözlər bu olub.

“Praktiki nöqteyi-nəzərdən Rusiyanın START-3-də iştirak etməməsi yalnız bir şeyi dəyişir: ABŞ və Rusiya hər iki ölkənin ərazisində qitələrarası ballistik raket buraxılış qurğularının qarşılıqlı təftişini həyata keçirə bilməyəcək. Bu, Müqavilənin son dərəcə vacib bəndidir, lakin onun icrası onsuz da koronavirus pandemiyasının başlaması ilə əlaqədar dayandırılmışdı və bərpa olunmamışdı. Görünür, Vaşinqtonda, Rusiya ərazisində yoxlamalar aparmaq imkanının itirilməsi ilə çoxdan barışıblar”, - deyə Devid Kremer bildirib.

Vaşinqtondakı Kennan İnstitutunun baş elmi işçisi Cozef Drezenə görə, Putinin qərarı indiyə qədər mövcud strateji nüvə balansını dəyişməyəcək.

“Bu, Rusiyanın strateji mövqeyini dəyişmir, lakin Qərbin narahatlığına səbəb olur. Putin, məncə, ümid edir ki, onun qərarı Ukraynaya dəstək səviyyəsi ilə bağlı Qərb müttəfiqlərinin düşərgəsində parçalanmaya kömək edə bilər. Kremlin Qərbdəki rəqiblərini qorxutmağa çalışdığı aydındır. Amma onun bu məqsədinə nail ola biləcəyini düşünmürəm”, - deyə Drezen qeyd edib. O hesab edir ki, Rusiya nüvə arsenalını artırmağa başlasa, buna qarşılıqlı cavab veriləcək.

“Putin bilməlidir ki, onun hərbi-sənaye kompleksi Rusiya sərhədində adi müharibə aparmağa belə qadir deyil. O, yeni nüvə silahlanma yarışını davam etdirə bilməz”, - deyə nüvə qarşıdurması ilə bağlı bir neçə kitabın müəllifi Fred Kaplan “Slate” portalında yazıb.

“Amerika Alimləri Federasiyasının ətraflı təhlilinə əsasən, hər iki tərəf START III-ü pozarsa, ABŞ strateji nüvə başlıqları arsenalını indiki 1670-dən 3570-ə, Rusiya isə ancaq (ən yaxşı halda) 2629-a çatdıra bilər”, - deyə F.Kaplan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR