İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin 3 gün susmasının sirri - Heç olmamaqdansa...

Dövlət rəhbərinin, liderin müdrikliyi ilk növbədə onun uzağı görmək, olacaqları hesablaya bilmək bacarığı və siyasi fəhmi ilə ölçülür. Bu, taleyini sənə etibar eləmiş xalqı xəta-bəlalardan maksimum qorumaq üçün olduqca vacib keyfiyyət sayılır. Keçək mətləbə.

Bir çoxlarının neqativ gözləntisinə rəğmən, Rusiya prezidenti Vladimir Putin Aktauda faciəvi şəkildə qəzaya uğrayan sərnişin təyyarəmizə görə bu gün nəhayət ki, öz həmkarı İlham Əliyevdən, onun simasında isə bütün Azərbaycan xalqından üzr istədi. Əlbəttə, daha yaxşı olardı ki, üzrxahlıq elə həmin gün - dekabrın 25-də Putinin Əliyevə ilk telefon zəngi zamanı dilə gətiriləydi. Amma rusların öz təbirincə desək, pozitiv bir şeyin “gec olması heç olmamasıdan daha yaxşıdır” (“luçşe pozdno, çem nikoqda”)...

Nəzərə alsaq ki, Rusiya öz səhvini etiraf eləməyi, yumşaq desək, sevmir, ümumiyyətlə, Putinin analoji vəziyyətdə hansısa dövlət başçısından üzr istəməsi faktı yada gəlmir, o zaman onun son addımını ilk növbədə Azərbaycan tərəfi və onun rəhbərinin prinsipiallığının adına yazmaq lazım gəlir. Bu, eyni zamanda ölkəmizin Rusiya üçün nə dərəcədə önəm daşıdığının əyani təzahürü və təsdiqidir. Paralel surətdə Azərbaycanın bölgədəki, dünyadakı yeri və çəkisi ilə hesablaşmaq anlamındadır.

Putinin üzrxahlığı həm də o deməkdir ki, AZAL-a məxsus sərnişin təyyarəsini Rusiyanın vurduğunu Kreml başçısı şəxsən təsdiq və etiraf edir. Zatən bunu o, faciə yaşanan günü də bilirdi. Rəsmən etiraf eləmək üçün isə Rusiya rəhbərliyi ötən üç gündə yüz dəfə ölçüb-biçib, bütün “daşları” tərəziyə qoyub, aradakı xoşagəlməz durumun hara apardığını dönə-dönə, incəliklərinədək hesablayıb...

Sərt reallıq bu ki, Azərbaycan regionda Moskva üçün heç vaxt olmayacaq qədər vazkeçilməz ölkə statusundadır. NATO üzvü Türkiyə ilə Rusiya arasında çox mühüm körpü, bağdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən əvəzolunmaz tranzit ölkədir. Güney Qafqazda rus dili və mədəniyyətinə, pravoslav dəyərlərə ən çox sayğı və qayğı göstərilən yeganə məmləkətdir.

Azərbaycan həmçinin Rusiyanın “yumşaq qarınaltısı” sayılan bir bölgədə öz ərazisində rus əsgəri olmayan tək ölkədir. Yəni Moskvadan bütün mənalarda ən az asılı olan Azərbaycanı incitməyin adı yox idi. Ayrı sözlə, mənasız dirəniş və gərginlikdən bizim itirəcəyimiz qat-qat az olacaqdı, nəinki Rusiyanın. Aradakı gərginlik, çəkişmə təbii ki, heç bir tərəfə gərək deyil(di). Kimə, hansı dairələrə sərfəli idi, o da bəlli.

Hər şey qırağa, neçə gündür qızğın ictimai müzakirə predmeti olan mövzu həm də Rusiya rəhbərliyinin elementar insani davranışı, siyasi mədəniyyəti, humanizmi, insaniyyəti ilə ilgili idi. Kəsəsi, Rusiya üçün itiriləsi çox şey var idi.

Dəyərdimi? Üstəgəl, indiki “fors-major” vəziyyətdə, yaşanan faciədə Azərbaycanın zərrəcə günahı, yanlışı yoxdur. Təyyarəmizə atılan raket, - bilərəkdən ya bilməyərəkdən, fərq eləməz, - bütövlükdə dost-tərəfdaş Azərbaycana atılmış mərmi idi və bunun gərəkən cavabı, məsuliyyət, bədəli olmalı...

Bəli, Rusiya böyük dövlətdir. Əli çox yerə çatır. Amma hər yerə yox. Bəli, hər dövlətin öz milli maraqları var. Böyük dövlətlərin maraqları, böyük iddiaları olur - o da məlum. Ancaq böyüklük gerçəyi görməzdən gəlməyə, haqqı, həqiqəti danmağa əsas vermir. Böyüklük özəlliklə adillik, ədalətlilik, qərəzsizlik deməkdir. Biz daş dövründə yaşamırıq.

Təəssüf ki, günümüzdə belə böyüklük, siyasi alicənablıq jestləri faktiki qəhətə çəkilib. Dünyanın dəngəsinin pozulmasının bir səbəbi də bu.

Ümid edək ki, Putiinin üzrxahlığının məntiqi davamı ləngimədən gələcək. Əlahəzrət faktlar, sağ qalan şahidlər ortada. O sırada sərnişinlərin ölümündə günahkar olanlar, mülki uçaqımızı ən yaxın hava limanına deyil, qəsdən Xəzərin o tayındakı Aktauya yönəldənlər öz layiqli cəzalarını alacaqlar. Müvafiq təzminatlar da öz yerində...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR