Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı tədricən Rusiya üçün çıxış qapısı olmayan "qlobal labirintə" çevrilməyə başlayıb. Kreml öz neoimperialist mövqeyindən və işğalçı planlarından imtina etmək istəmir. Üstəlik, indiyə qədər Rusiya cəmiyyətinə Ukrayna savaşı ilə bağlı yanlış təbliğatın nəticələri də Kremlə geri çəkilmək imkanı vermir. Və bu, hazırda Rusiyanın ən ciddi problemi olaraq, diqqəti çəkir.
Onu da qeyd etmək lazımdır ki, Kreml geri çəkilmək istəməsə də, əslində, heç irəli hərəkət etməyi də bacarmır. Halbuki, yerində saymaq anlamı daşıyan bu situasiya Rusiya üçün təhlükəlidir. Çünki mövcud situasiya davam etdikcə, Rusiya "savaş bataqlığı"nın daha dərin qatlarına enir. Və bu baxımdan, Kreml seçim etmək şansını böyük sürətlə itirməyə başlayıb.
Məsələ ondadır ki, Kremldə sülh və yaxud heç olmasa, atəşkəs rejimi barədə saziş Rusiya üçün taleyüklü səviyyədə böyük əhəmiyyət daşıyır. Ancaq Kreml belə anlaşmaları yalnız Rusiyanın diqtə etdiyi şərtlər daxilində imzalamağa üstünlük verir. Halbuki, həmin şərtlər elə məzmun daşıyır ki, həm Ukrayna, həm də ABŞ və Qərb üçün qəbuledilməz xarakter daşıyır. Və nəticədə sülhə ehtiyac duyan Rusiya "savaş bataqlığı"nda çabalamaq məcburiyyətində qalır.
Maraqlıdır ki, Kremlin neoimperialist planları ucbatından sülh prosesinin iflasa uğramasından sonra yaranmış "nə hərb, nə sülh" vəziyyəti uzun müddət davam edə bilməz. Çünki Rusiyanın bu iki prosesi paralel davam etdirmək şansı yoxdur. Çünki Kremlin sülh şərtləri Ukrayna və Qərb üçün qəbuledilməzdir. Eyni zamanda, Rusiyanın savaş potensialı artıq tüklənməyə başlayıb. Və əgər, Kreml ən yaxın vaxtlarda öz maraqlarına maksimum uyğun olan şərtlərlə sülh sazişi imzalaya bilməzsə, Qərbin yenidən hərbi dəstəklə gücləndirməyə başladığı Ukrayna qarşısında duruş gətirməkdə çətinlik çəkə bilər.
Ona görə də, Kreml təmsilçiləri yenidən Rusiya prezidenti Vladimir Putinin sülh sazişinə imza atmağa hazır olduğunu bəyan edirlər. Ancaq yenə də elə tələblər irəli sürürlər ki, sülh danışıqları dərhal bloklanmış olur. Hər halda, danışıqlar prosesi ilə bağlı məlumatlı olan və Kremlə yaxın üç mənbə bildirib ki, prezident Vladimir Putinin israr etdiyi sülh şərtləri Qərb siyasi dairələri tərəfindən geri çevrilib. Və bu, Kremldə yaxın gələcəklə bağlı ciddi təlaş yaradır.
Maraqlıdır ki, prezident Vladimir Putinin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi, eləcə də Ukrayna, Gürcüstan və Moldovanın bu hərbi-siyasi alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik tələb etdiyi bildirilir. Kremlin tələbləri arasında Ukrayna üçün neytrallıq statusu, Rusiyaya qarşı Qərbin sanksiyalarının ləğvi, dondurulmuş aktivlərin geri qaytarılması, Ukraynanın rusdilli sakinlərinin hüquqlarının müdafiəsi və s. kimi şərtlər yer alır.
Kreml həmçinin ərazi məsələsində də israrlı mövqe tutur. İndi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki, bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil. Ona görə də, hesab etmək olar ki, Rusiya əslində, sülh prosesini bloklayan belə tələblər ilə həm də böyük riskə gedir. Və hətta Kremlin bu mövqeyini "odla oynamaq" kimi də qiymətləndirmək olar.
Təbii ki, Kremldə bu "atəş"in tezliklə Rusiyanı yandıra biləcəyini də anlamamış deyil. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynaya iyunun 2-də İstanbulda yeni görüş təklif etməsi Kremldəki narahatlığı biruzə verir. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır. Və o, Kremlin ABŞ başda olmaqla, Qərb ölkələrinin iyunun 2-də İstanbulda Rusiya-Ukrayna ikitərəfli danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid etdiyini də vurğulayıb.
Nə qədər qəribə də olsa, Sergey Lavrov sonda Rusiyanın Ukrayna böhranının əsas yaranma səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırladığını iddia edib. Halbuki, Kremlin şərtləri sırasında yalnız Ukrayna və Qərbə yönəlik tələblər yer alır. Yəni, Kreml bununla Rusiyanın öz üzərinə hər hansı sülh öhdəlikləri götürmədiyini qabartmağa çalışır. Kreml elə təsəvvürlər yaratmağa çalışır ki, guya Ukrayna savaşının günahkarı Rusiya deyil, məhz qarşı tərəfdir. Və üstəlik, Kremlin şərtləri qarşı məğlub olmuş kimi göstərmək məqsədi də güdür.
Göründüyü kimi, Kreml Ukrayna savaşını başladan tərəf olsa da, hərbi-siyasi məsuliyyəti məhz ABŞ və Qərbin üzərinə yükləməyə çalışır. Halbuki, Ukrayna böhranını doğuran səbəblərin aradan qaldırılması üçün sadəcə, Rusiyanın işğal etdiyi əraziləri tərk edərək, rəsmi Kiyevə geri qaytarması tamamilə yetərlidir. Bu halda, Ukrayna böhranını dərhal həll edilmiş olacaq. Buna baxmayaraq, Kreml irəli sürdüyü sülh şərtləri ilə həm Ukraynaya, həm də ABŞ və Qərbə ümumi kapitulyasiya aktı imzalatmağa cəhd göstərir. Və bu, yaxın gələcəkdə Rusiya üçün olduqca ağır nəticələr də verə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ