Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda qlobal geoiqtisadi layihənin icrasına başlanılıb. Bu geoiqtisadi layihən regional situasiyanın tamamilə dəyişməsinə yol aça biləcək qədər strateji əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqaz uğrunda mübarizədə əsas qarşıdurma faktorları məhz Zəngəzur dəhlizi üzərində indeksləşdirilib. Və bu baxımdan, yaxın aylarda region uğrunda mübarizənin daha da amansız məzmun ala biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq rəsmən bəyan edib ki, rəsmi İrəvan ABŞ ilə Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirəcək yeni nəqliyyat-kommunikasya layihəsinin — «Tramp marşrutu»nun (Zəngəzur dəhlizi) inşası barədə müzakirələrə başlayıb. Erməni baş nazirin sözlərinə görə, bu layihənin icrası ilə bağlı proses ilkin mərhələdə ikitərəfli formatda irəliləyir. Və sonrakı mərhələdə bu layihəyə daha çox tərəfdaşın cəlb edilə biləcəyi də qətiyyən istisna deyil.
Maraqlıdır ki, Ermənistan baş nazirinin bu açıqlaması regionda maraqları olan böyük güclər arasında ciddi rezonans doğurub. Çünki ondan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də BMT Baş Assambleyasında çıxışı zamanı TRIPP-in «maneəsiz keçidi təmin edəcəyini» vurğulamışdı və Cənubi Qafqazda yeni siyasi kurs yürüdən ABŞ-ın "907-ci düzəlişə" Bayden administrasiyası dövründə olduğundan daha fərqli münasibətini “tarixi addım” kimi qiymətləndirmişdi. Və bu iki yanaşmanın Zəngəzur dəhlizinin açılmasına münasibətdə təxminən oxşar olması Cənubi Qafqazın yeni geopolitik mərhələyə keçid etmək ərəfəsində olduğunu göstərir.
Məsələ ondadır ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı xarakter daşıyacağı qətiyyən şübhə doğurmur. Ona görə də, Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlik fəaliyyətə paralellik təşkil etdiyi inkaredilməz reallıqdır. Və Zəngəzur dəhlizinin açılmasınında maraqlı olmayan xarici güclər indi buna əngəl olmaq üçün ilk növbədə regional sülh prosesini pozmağa cəhd göstərirlər.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Ermənistan baş naziri Nikol Paşinyan da BMT tribunasından iki ölkə arasında sülhün artıq təmin olunduğunu açıqladı və bunu ABŞ lideri Donald Trampın dəstəyi ilə əlaqələndirdi. Onun sözlərinə görə, TRIPP biznes modeli əsasında qurulacaq, Türkiyə ilə sərhədin açılması isə layihənin davamlılığı üçün zəruridir. Və daha sonra erməni baş nazir bu layihə ilə bağlı danışıqların artıq başladığını, ancaq konkret razılaşmaların hələ olmadığını da bildirdi.
Digər tərəfdən, Avropa Şurası Parlament Assambleyasında çıxışında da baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün məhz Ağ Evdə «bir ay iyirmi iki gün əvvəl əldə edildiyini» vurğulayıb. Eyni zamanda, erməni baş nazir həmçinin Ermənistanda konstitusiya dəyişikliklərinin labüdlüyünü də bəyan edib. Və bunun sülh prosesini ləngitmədiyini, əksinə daha da sürətləndirdiyini dilə gətirib.
Təbii ki, bütün bunlar Cənubi Qafqazda ənənəvi mövqelərini bərpa etməyə can atan Rusiyanın potensial reaksiya ehtimalını da nəzərə almaq məcburiyyəti yaradır. Çünki Zəngəzur dəhlizinin geostrateji əhatə dairəsi Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz. Rusiya uzun illərdir ki, Ermənistanın iqtisadi, nəqliyyat və təhlükəsizlik infrastrukturunda mühüm rol oynayır. TRIPP-in məhz ABŞ və Avropa Birliyinin tərəfdaşlığı ilə qurulması isə Rusiyanın yalnız Ermənistanda deyil, ümumiyyətlə, Cənubi Qafqazda geopolitik təsirini ciddi şəkildə zəiflədə bilər.
Ona görə də, Kreml Ermənistanda Rusiyanin iqtisadi təsirini qorumaqda maraqlıdır. Ermənistanın dəmir yolları və gömrük sistemlərində Rusiya operatorlarının iştirakı, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində tənzimləyici mexanizmlər Kreml üçün hazırda əsas strateji təsir alətləridir. Və Kremlin son mesajlarından belə anlaşılır ki, əgər, Zəngəzur dəhlizi Rusiyanın bu təsir alətlərindən yan keçərsə, onda Kreml sərt mövqe tuta bilər.
İkincisi, bu prosesdə hərbi-strateji maraqlar da böyük önəm daşıyır. Belə ki, Cənubi Qafqazda ABŞ-ın təşəbbüsü ilə açılacaq Zəngəzur dəhlizi Rusiyanın regiondakı mövqeyini zəiflədərsə, Kreml buna Ermənistandakı sərhəd qüvvələrinin yerləşdirilməsi, hərbi təlimlərin intensivləşdirilməsi və ya sərt bəyanatlarla reaksiya verə bilər. Üçüncüsü, Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı müxalifətin və erməni kilsəsinin aktivləşməsi Rusiyanın təzyiq rıçaqları üçün geniş imkanlar yaradır. Və bütün bunlara paralel olaraq, Ermənistanın Rusiyadan enerji asılılığı, ticarət kanalları və informasiya müharibəsi də Kremlin ənənəvi alətləri sırasına daxildir.
Göründüyü kimi, "Tramp marşrutu" (Zəngəzur dəhlizi) yalnız Azərbaycan və Ermənistan deyil, ümumiyyətlə, bütün region üçün yeni geopolitik düzən vəd edir. ABŞ bu layihə ilə Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışarkən, Rusiya öz təsir dairəsini qorumaq üçün müxtəlif alətlərə əl atmağa çalışa bilər. Ən real ssenarilərdən biri açıq qarşıdurma yox, Rusiyanın texniki və siyasi təzyiqlərlə layihənin icrasını gecikdirməyə çalışması ola bilər. Bu proses Ermənistan daxilindəki siyasi mübarizə ilə sıx şəkildə əlaqəlidir və Paşinyan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ