Onlayn ictimai-siyasi qəzet
Tramp Medvedevi sərt ifadələrlə tənqid edərək onu “Putinə işləyən axmaq adam” adlandırıb. Bu tənqid, əsasən, Medvedevin ABŞ-a qarşı nüvə hədələrinə dair açıqlamalarına cavab olaraq səsləndirilib. Trampın fikrincə, ABŞ-ın nüvə ilə hədələnməsi qəbuledilməzdir və belə davranış beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Tramp çıxışı zamanı generallar və admiral qarşısında ABŞ-ın Rusiya sahillərinə “bir və ya iki atom sualtı qayığı” göndərdiyini açıqlayıb. Prezident bu hərbi addımı “ehtiyat tədbiri” adlandıraraq, ABŞ-ın strateji mövqeyini qorumaq məqsədi daşıdığını vurğulayıb.
Rusiya tərəfindən cavab gecikməyib. Dmitri Medvedev sosial şəbəkədə Trampın açıqlamasına reaksiya verərək bildirib:
“Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də orada pişik yoxdursa.”
Bu metaforik ifadə ilə Medvedev Trampın narahatlığını əsassız hesab edib və ABŞ liderinin reaksiyasını “həddən artıq əsəbi” adlandırıb. Eyni zamanda o, Rusiyanın öz milli maraqlarını qoruyaraq öz yolu ilə hərəkət etməyə davam edəcəyini vurğulayıb.
Bəs bu açıqlamalar fonunda bölgədə gərginlik daha da artacaqmı? Sülh proseslərinə bunun təsiri necə olacaq?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:
“Rusiya–Ukrayna müharibəsi şiddətləndikcə, Rusiyanın diplomatik danışıqlar masasına əyləşməsi və Putinin Trampı manipulyasiya etməsi həm Rusiya-ABŞ münasibətlərində ciddi siyasi böhran yaradır, həm də qarşılıqlı ittihamların səslənməsinə səbəb olur. Bir növ, Putin dediklərini Medvedev vasitəsilə çatdırır, amma Tramp birbaşa Putinin əleyhinə sərt ifadələr işlədir.
Təbii ki, gərginlik davam edir. ABŞ isə Ukraynaya çox ciddi silahlar göndərməyə hazırlaşır. Amerika Rusiyanı danışıqlar masasına oturtmağa çalışır, çünki bütün diplomatik cəhdlər fiaskoya uğrayıb.
Əsas nəticə bundan ibarətdir ki, Rusiya yalnız hərbi təzyiq yolu ilə güzəştə getməyə məcbur edilə bilər. Prosesin mahiyyəti də budur. Bir tərəfdən, Amerika Rusiya sahillərinə atom sualtı qayıqları göndərir, digər tərəfdən, Rusiya NATO-nun hava məkanında kəşfiyyat uçuşları həyata keçirir və bu, NATO-nun hərbi səmasının pozulması deməkdir. Yəni proseslər məhz bu müstəvidə davam edir – ABŞ və Rusiya arasında.
Tərəflər, təbii ki, Ukraynada toqquşurlar. Rusiyanın Ukrayna müharibəsində Qərbin, xüsusilə də Amerikanın silahları ilə üz-üzə gəlməsi artıq açıq şəkildə müşahidə olunur. İndi bu müharibədə kimin güclü olacağı daha aydın şəkildə ortaya çıxacaq.”
Xalidə Gəray
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ