İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinə sui-qəsdin müəmmalı məqamları artır: İmitasiya edilibsə, "Vaqner"in rəhbəri yenidən peyda olacaq

Birinci versiyaya görə, ən qısa müddətdə 25 minlik silahlı özəl ordunu səfərbər edə biləcək, Rusiyanın hərbi-siyasi və kəşfiyyat dairələrində güclü dayaqları olan, hakimiyyətə iddialı Yevgeni Priqojin Kremldəki düşmənlərinin təlimatı ilə aradan götürülüb... İkinci versiyaya görəsə, əvvəl-axır sıradan çıxarılacağını tam dəqiqliyi ilə bilən "Vaqner"in rəhbəri özü aradan çəkilmək qərarı verib, bu halda, onun plastik əməliyyat keçirtmə ehtimalı da qətiyyən istisna deyil...

Rusiyada nə baş verir? İndi bu sual həm Rusiya cəmiyyətində, həm də Qərb siyasi dairələrində olduqca aktualdır. Çünki Rusiyada baş verən son hadisələr kifayət qədər müəmmalı xarakter daşıyır. Və hələlik konkret nəticələr çıxartmaq demək olar ki, mümkün deyil.

Məsələ ondadır ki, "Vaqner"in hərbi qiyamından sonra Rusiyada siyasi-ictimai tarazlıq ciddi şəkildə pozulub. Ukrayna savaşının siyasi ağırlıq mərkəzi Rusiya daxilinə sıçrayaraq, qarşıdurma mühiti formalaşdırıb. Və bu, o deməkdir ki, Rusiyada hakimiyyət uğrunda mübarizə dövlətin hətta mövcudluğunu belə, təhdid edəcək səviyyədə təhlükəli istiqamətlər almaq üzrədir.

"Vaqner"in rəhbəri Yevgeni Priqojinin öz təyyarəsində partladılması isə hakimiyyət uğrunda savaşın amansız və qəddar xarakter aldığını göstərir. Hər halda, əsas rəqiblərin fiziki cəhətdən aradan götürülməsinə indeksləşmiş prosesin başlandığı inkaredilməz reallıqdır. Və bu, Rusiyada başqalarının da Yevgeni Priqojinin taleyini yaşaya biləcəyini göstərir.
Halbuki, "Vaqner"in rəhbərinə qarşı sui-qəsdin törədilməsi ətrafında da olduqca ciddi müəmmalar yığılıb. Çox sayda cavabsız suallar bu hadisənin əvvəlcədən planlaşdırıldığı barədə şübhələri artırır. Baş vermiş hadisənin arxasında "dərin siyasət"in gizləndiyi əsas ehtimallar arasında yer alır.

2b9ccdd497948670b85b68df35ec6d3f.jpg (204 KB)

Rusiya siyasi dairələri tərəfindən "Vaqner"in rəhbərinin təyyarəsinin partladılmasının arxasında xarici güclərin olduğunun iddia edilməsi Kremlin çətin vəziyyətə düşdüyünü ehtimal etməyə əsas verir. Hazırda Yevgeni Priqojinə qarşı sui-qəsdin Ukrayna, ABŞ və Avropa Birliyi ölkələrinin xüsusi xidmət servisləri tərəfindən törədildiyi barədə versiyalar dövriyyəyə buraxılıb. Və bu baxımdan, Kremlin baş vermiş hadisənin siyasi məsuliyyətini özündən uzaqlaşdırmağa çalışdığı açıq-aşkar nəzərə çarpır.

Hətta Belarus prezidenti Aleksandr Lukaşenko belə, Rusiyanın ictimai rəyini xarici düşmənlərə yönəltmək istiqamətində Kremlə yardım etməyə can atır. "Batka" iddia edir ki, Yevgeni Priqojinə qarşı sui-qəsdin hazırlandığı barədə məlumat alıb və onu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə bölüşüb. Sonradan isə prezident Vladimir Putin həmin məlumatı Yevgeni Priqojinə çatdırıb və ona ehtiyatlı olmağı məsləhət görüb. Yəni, "Bakta" demək istəyir ki, Yevgeni Priqojinə sui-qəsdin arxasından prezident Vladimir Putinin təlimatını axtarmaq yersizdir.

Təbii ki, "Batka" prezident Vladimir Putinin şübhə altında qalmasında qətiyyən maraqlı deyil. Halbuki, onun dediklərində həqiqət payının nə qədər olduğunu müəyyən etmək mümkün deyil. Ancaq "Batka"nın öz açıqlamasında Nikolay Patruşevin adını çəkməsi məqsədyönlü də ola bilər. Və bu, Rusiya siyasi dairələrində müzakirə olunan versiyalardan birinə eyham xarakteri daşımış kimi görünür.

Məsələ ondadır ki, Patruşev klanının postputin dönıminə hazırlaşdığı iddia olunur. Həmin iddialara görə, Patruşev klanı hazırda prezident Vladimir Putinə güclü təsir imkanlarına malikdir və Rusiyanın idarə edilməsində xüsusi pay sahibidir. Ona görə də, "Vaqner" və onun rəhbərinin yalnız prezident Vladimir Putinə deyil, Patruşev klanına da problem yaratdığı bildirilir.

Eyni zamanda, "Vaqner"in hərbi qiyamının yatırılmasında Nikolay Patruşevin hazırladığı planın xüsusi rolu olduğu barədə məlumatlar var. Həmin planda yalnız müdafiə naziri və baş qərargah rəisi ilə bağlı məqamların reallaşmadığı bildirilir. Çünki Patruşev klanı gələcək hakimiyyət planları qarşısında bu iki şəxsi ciddi problem hesab edir. Ona görə də, "Vaqner" ilə yanaşı, müdafiə naziri və baş qərargah rəisinin də sıradan çıxarılması nəzərdə tutulubmuş. Sadəcə, prezident Vladimir Putinin buna əngəl olduğu, hər iki ordu liderini qoruduğu vurğulanır.

Bütün bunlar onu göstərir ki, Yevgeni Priqojin yalnız prezident Vladimir Putinin hədəfində ola bilməzdi. "Vaqner"in rəhbəri Rusiyada hakimiyyətə can atan əsas qruplaşmalar və siyasi klanlar üçün ciddi problem sayılırdı. Kreml sahibi ilə qiyamdan sonra keçirilən qapalı görüş isə onun barəsində yekun qərarın verilməsini sürətləndirmiş əsas məqamlardan hesab olunur. Çünki Yevgeni Priqojinin, "Vaqner"in hərbi elitasına daxil olan 35 komandirin iştirak etdiyi həmin toplantıda prezident Vladimir Putin ilə ziddiyyət mühiti yaratdığı bildirilir.

107261976-16875527882023-06-21t1.jpg (437 KB)

Digər önəmli məqamlardan biri ondan ibarətdir ki, "Vaqner"in rəhbəri Rusiya siyasi elitasının birbaşa hədəfində olduğunu bilməyəcək qədər sadəlövh ola bilməzdi. Üstəlik, onun Rusiya ordusu və kəşfiyyat qurumları arasında etibarlı himayədarlarının olduğu da inkaredilməz reallıqdır. Yəni, Yevgeni Priqojin sui-qəsdə məruz qalacağını əvvəlcədən bildiyi qətiyyən şübhə doğurmur. Və böyük ehtimalla bu təhlükədən yayınmaq üçün xeyli müddət hazırlaşmış da ola bilərdi.

Məsələ ondadır ki, "Vaqner"in liderinin həqiqətən də partladılmış təyyarədə olduğunu sübut edən heç bir fakt mövcud deyil. Bunu yalnız Kremlə yaxın siyasi dairələr təyyarənin sərnişinləri barədə rəsmi sənədə əsasən iddia edirlər. Əslindəsə, Yevgeni Priqojinin və onun ən yaxın adamı hesab olunan Dmitri Utkinin təyyarəyə mindiyini heç kim görməyib. Rusiya HHM qüvvələri tərəfindən vurulduğu artıq şübhə doğurmayan təyyarənin qalıqları arasından bu iki şəxsin cəsədininin tapıldığı da hələlik sübuta yetirilməyib. Çünki təyyarədə olanların hamısı yanaraq, tanınmaz vəziyyətə düşüblər.

Digər müəmmalı məqamlardan biri də Yevgeni Priqojinin və Dmitri Utkinin bütün qan qohumlarının "yoxa çıxması" ilə bağlıdır. Yəni, Rusiya hüquq-mühafizə orqanları hazırda DNK testi keçirmək imkanına sahib deyillər. Nəhayət, təyyarənin "qara qutu"su da hadisədən təxminən iki gün sonra tapılıb. Bəzi ehtimallara görə, "qara qutu"nun yaddaşına əl gəzdirildikdən sonra onu tapılması üçün ən uyğun yerə atıblar. Və hadisədən bir qədər sonra "Vaqner"in rəhbərinə məxsus digər təyyarənin fərqli istiqamətə yönəlməsi də müəmmalı məqamların sırasına daxildir.

Göründüyü kimi, cavabsız suallar və müəmmalı məqamlar olduqca çoxdur. Ona görə də, Rusiya cəmiyyətində hazırda əsasən iki versiya daha çox ön plana çıxmış kimi görünür. Birinci versiyaya görə, Yevgeni Priqojinin təyyarəsi onun Kremldəki düşmənlərinin təlimatı ilə vurulub. Bununla da ən qısa müddətdə 25 minlik silahlı özəl ordunu səfərbər edə biləcək, Rusiyanın hərbi-siyasi və kəşfiyyat dairələrində güclü dayaqları olan Yevgeni Priqojin aradan götürülüb.

İkinci versiyaya görəsə, əvvəl-axır sıradan çıxarılacağını tam dəqiqliyi ilə bilən "Vaqner"in rəhbəri özü aradan çəkilmək qərarı verib. Yəni, təyyarənin partladılması ilə Yevgeni Priqojinə qarşı sui-qəsdin imitasiya edilmiş ola biləcəyi qətiyyən istisna deyil. Ola bilər ki, böyük sərvətə malik olan Yevgeni Priqojin və Dmitri Utkin həlak olduqları barədə rəy yaradaraq, hərbi-siyasi proseslərdən kənara çəkilmək və zəngin həyatlarına davam etmək qərarına gəliblər. Və bu versiya doğrudursa, onda bu iki şəxsin plastik əməliyyat keçirtmə ehtimalı da istisna deyil.

Ancaq ikinci versiya ilə bağlı daha bir önəmli məqam mövcuddur. Belə ki, əgər, Yevgeni Priqojin və Dmitri Utkinin "sui-qəsd" imitasiyası Kremllə razılaşdırılmayıbsa, deməli, "Vaqner"in rəhbəri özü üzə çıxmasa belə, Rusiya cəmiyyəti onun hərbi-siyasi proseslərə səhnəarxası təsirini nə vaxtsa, hiss edə bilər.

004821fae7991696e809ed2abb664862-2.jpg (84 KB)

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR