İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi Elçin Əmirbəyov Antalya Forumunda – Türk Dövlətləri Təşkilatı beynəlxalq model kimi - FOTO, VİDEO

Antalyada keçirilən yüksək səviyyəli paneldə Prezidenti Xüsusi tapşırıqlar üzrə köməkçisi Elçin Əmirbəyovun iştirakı ilə Türk Dövlətləri Təşkilatının (TDT) regional gücdən beynəlxalq platformaya keçidi müzakirə olunur

Antalyada davam edən IV Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) həsr olunmuş mühüm panel keçirilir. “Organisation of Turkic States: A Unique Cooperation Model” adlı sessiyada TDT-nin son illərdəki institusional inkişafı və əməkdaşlıq modeli müzakirə edilir.

Musavat.com xəbər verir ki, panelin iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da yer alıb. Onun tədbirdə iştirakı Azərbaycanın Türk Dünyası platformalarındakı yüksək siyasi iradəsinin və proseslərə birbaşa qatılmasının göstəricisi kimi dəyərləndirilib.

Paneldə qeyd olunur ki, TDT bu gün ticarət, enerji, maliyyə, nəqliyyat, turizm, təhsil və mədəniyyət sahələrində Türk Dünyasının əsas əməkdaşlıq platformasına çevrilib. Təşkilat birgə kimlik və regional sahibliyə əsaslanan siyasi iradə ilə “əməkdaşlıq təşəbbüsü”ndən “tam hüquqlu beynəlxalq təşkilata” çevrilib.

Panel iştirakçılarını təqdim edirik:

• Binəli Yıldırım – Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri
• Elçin Əmirbəyov – Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
• Marat Karabayev – Qazaxıstanın nəqliyyat naziri
• Sodyq S. Safoev – Özbəkistan Senatının sədr müavini
• Kubançbek Omuraliyev – TDT-nin baş katibi
• Asein İsayev – Qırğız Respublikasının xarici işlər nazirinin birinci müavini

Panelin moderatoru Kapadokya Universitetinin rektoru Hasan Ali Karasardır. Müzakirələr rus və ingilis dillərində aparılır.

Qeyd edək ki, forumda aparılan müzakirələr TDT-nin yalnız regional deyil, qlobal platforma olaraq qəbul edilməyə başladığını göstərir.

Rauf Arifoğlu,
Antalya Diplomatiya Forumundan Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR