İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya-Azərbaycan münasibətləri çıxılmaz nöqtədə – AZAL təyyarəsinin qisası alınmadan barış mümkün deyil”  

Məlum olduğu kimi Rusiya-Azərbaycan münasibətlərində gərginlik davam etməkdədir. Son illər regionda baş verən geosiyasi proseslər, xüsusilə də Ukrayna müharibəsi fonunda Moskvanın Cənubi Qafqaz siyasəti, Bakı ilə münasibətlərdə ciddi problemlər yaradıb. Xüsusilə AZAL təyyarəsinin vurulması hadisəsi ikitərəfli əlaqələrdə dərin etimadsızlıq mühiti formalaşdırıb. O da məlumdur ki, Azərbaycan Rusiya ilə qonşuluq münasibətlərini, iqtisadi əməkdaşlığı qorumaqda maraqlıdır, lakin Kreml Bakının müstəqil xarici siyasət kursunu qəbul etməkdə çətinlik çəkir. Çində İlham Əliyevlə Vladimir Putinin ayaqüstü salamlaşması fonunda bəzilərinin gözləntiləri yaransa da, siyasi şərhçilər qeyd edir ki, bu, iki ölkə arasında münasibətlərin normallaşması üçün yetərli siqnal sayıla bilməz.

Musavat.com bildirir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə bu cür şərh verib:

"Rusiya -Azərbaycan əlaqələrinin normallaşması gözlənilmir. Əlaqələrin normallaşması istiqamətində ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir".

Siyasi şərhçi qeyd edir ki, Çində prezident İlham Əliyevlə Putinin ayaqüstü salamlaşması təsadüfi idi:

"Bu təsadüfi və ayaqüstü əl sıxışmaqdan böyük nəticələr gözləməyə dəyməz. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla Rusiya qonşu ölkələrdir və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə olub. Amma Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır.

Rusiyanın AZAL təyyarəsinin vurulmasının üstündən keçərək, əvəzində bir neçə rusun həbsdən azad olunmasını tələb etməsi isə, siyasi etika qaydalarına ziddir.

Rusiya özü Azərbaycanla fundamental problemlər yaradıb. Bunu aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. V. Putin mətbuat konfransında siyasi böhranı etiraf etsə də, konkret addımlar atmır".

Siyasi şərhçinin fikrincə, ümumiyyətlə, Rusiya yaxın perspektivdə AZAL təyyarəsi ilə bağlı Azərbaycandan rəsmi üzr istəməsi və təzminat ödəməsi gözlənilmir:

"Rusiya Ukraynada ağır nəticələrlə üzləşdiyi fonunda Azərbaycanla siyasi böhranın aradan qaldırılması üçün addımlar atması mümkündür. Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Azərbaycan Cənubi Qafqazda geri dönüşü olmayan yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan Orta Dəhlizin səmərəliliyinin artırılması və nəqliyyat qovşağı kimi Avropa İttifaqının, ABŞ və Çinin dəstəyini alıb. Belə olan təqdirdə Rusiyanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR