İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən Azərbaycanı ittiham etmək istəyənlərə sərt reaksiya

Fikrət Yusifov: “Dünyada 200 civarında dövlət olduğu halda 20-30 ölkə hansı haqla bu qədər dövlətin adından danışmaq hüququnu mənimsəyir?”

Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı çox mühüm anonslar, mesajlar verib. Diqqətçəkən açıqlamalardan biri də Prezidentin “Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı!” bəyanatıdır.

Sitat: “Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”.

Dövlət başçısı həmçinin bəyan edib: “Heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik, haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq”.

Bu, Prezident Əliyevin Azərbaycanı qərəzli şəkildə ittiham etmək istəyənlərə elə Qarabağdan sərt reaksiyası kimi başa düşülməlidir.

Kimlər, hansı üzlə və hansı bəhanə ilə bizi ittiham etməyə çalışa bilər? Prezidentin də bildirdiyi kimi, bu cəhdlər olacaq. Buna Azərbaycan indidən hansı metodlarla cavab verməlidir və daha effektiv taktikamız hansı ola bilər? Baş qoşmamaqmı, yoxsa həqiqətləri bütün imkanlardan istifadə edərək dünyaya çatdırmaqmı faydalı olar?

Fikrət Yusifov: “2015-ci ilin sonlarında hökumətin start verdiyi iqtisadi  islahatlar artıq öz nəticələrini verməyə başlayır” | Kaspi.az

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti 50 milyonluq azərbaycanlının 30 illik Qarabağ həsrətinə 44+1 gündə son verdi: “44 günlük İkinci Qarabağ savaşına qədər Qarabağ torpaqlarımızda son üç ilin hadisələrinin bu şəkildə və bu sürətlə baş verəcəyinə heç kim inana bilməzdi. Lakin bu baş verdi. Azərbaycan bayrağı artıq Xankəndi başda olmaqla, Qarabağımızın bütün guşələrində dalğalanır. Şübhə etmirəm ki, hələ çoxumuz bunun həqiqət yaxud yuxu olduğunu tam sezə bilmirik. Bu fikirləri deməyə yetərincə əsaslarım var. Çünki Qarabağımız ətrafında 1980-ci illərin sonlarında erməni separatizmi baş qaldıranda, biz meydanlarda bir milyon olub erməni separatizminə yox deyirdik. Bəs o, biz deyildikmi, 1988-ci ildə ermənilərin Şuşa meşələrində bir neçə ağacı kəsməsinə etiraz əlaməti olaraq, bir milyon meydana çıxan və Qarabağ bizimdir deyib hayqıran? Qarabağ 30 illik işğaldan, qandaldan azad olduqdan sonra nədən küçələrə çıxıb bütöv Qarabağın azadlığını təmtəraqla qeyd etmirik? Yoxsa kimsə buna imkan vermir? Xeyr, belə deyil. Əslində hadisələr o qədər böyük sürətlə baş verdi ki, biz hələ onun istisini dərk edə bilmirik. Lakin gerçək olan budur ki, artıq bütün erməni oyunları bitdi! Özləri rədd olub getdilər. Biz onlara təkidlə qalın desək də, bu 30 ildə Azərbaycana qarşı etdikləri haqsızlıqların və cinayətlərin fonunda qala bilmədilər. İnsan cildində olan bu həyasız və yırtıcı məxluqlar özgüvənlərini itirdilər. Özləri də demişkən, özgə torpaqlarında yaşamaq istəmədilər”.

Sabiq nazir dövlət başçısının Qarabağdan verdiyi mesajların önəmini xüsusi vurğuladı: “İlham Əliyev illər idi ki, Ermənistan hökumətinə, onun başında dayananlara çağırışlar edirdi ki, gəlin bu münaqişəni sülh yolu ilə qan tökmədən həll edək. Bu, münaqişənin həlli üçün bizim bir millət olaraq sülhsevər, tolerant olmağımızdan, multikultural dəyərləri çiyinlərimiz üzərində gəzdirməyimizdən süzülüb gələn bir münasibət idi. Siz nə etdiniz? Yalanla yoğurulmuş erməni xislətinizə uyğun olaraq, 30 ildə hər dəfə ortaya yeni uydurmalar sərgiləyib konfliktin həllini uzatmaqla məşğul oldunuz. Qudurub o yerə çatdınız ki, Azərbaycan Prezidenti sizlərə, bu gedişlə məsələnin hərbi yolunun seçiləcəyinə dair xəbərdarlıqlar edəndə, tanklarla Bakıya gələcəyinizi bəyan etdiniz. İçərinizdə indiyə qədər yeganə uzaqgörən bir rəhbər oldu, o da sabiq prezidentiniz Levon Ter Petrosyan idi. O dəfələrlə Köçəryanı da, Sərkisyanı xəbərdar etdi ki, Azərbaycan güclü ordu yaradır, əgər 7 rayonu qaytarmasanız, bu ordu sizin Qarabağ mifinizi başınıza yıxacaq. Ancaq bu binəvalar onun sözlərinə də məhəl qoymadılar. Və sonda bu təlxəklərin qurduqları "artsax"a başçılıq etmiş 3 yaramaz DTX-nın təcridxanasında oturub ataları Sərkisyan və Köçəryanı gözləyirlər. Onlar da tezliklə bu komandaya qoşulacaqlar.

Azərbaycan bütün beynəlxalq normalara, beynəlxalq hüququn tələb etdiyi bütün şərtlərə əməl edib, öz torpaqlarını mənfur ermənilərin işğalından azad etdi. Azərbaycan əsgəri xalqının, dövlətinin bu haqq işi yolunda uf demədən canını qurban verdi. Bəs erməni əsgəri bu müharibədə nə etdi? Zorla müharibəyə təhrik edilən erməni gənclərinin böyük bir fərari ordusu yarandı. On minlərlə erməni Ermənistanı tərk edib müharibədən yayındı, erməni zabitləri erməni əsgərlərini qaçmasınlar deyə zəncirlə səngərə bağladı. Bütün bunlar Qarabağı “dədə-baba yurdu” sayan ermənilərin Qarabağ “sevgisinin” gerçək nəticələri idi.

Ermənilər Qarabağdan getməli idilər, bunu hamıdan yaxşı özləri dərk edirdilər. Lakin erməni separatizminin başında dayanan daxili və xarici havadarları onların beynini elə yummuşdular ki, son günlərə qədər ABŞ və xüsusən də Fransa başda olmaqla, Qərbin haylarına gələcəklərinə inandılar. Lakin havadarlar öz borclarını yerinə yetirə bilmədilər. On illər boyu yalan təbliğat maşınının yaratdığı “miatsum” məhsulu zay oldu. Çünki bu yalanın nə qədər böyük olduğunu Qərbdə də, Şərqdə də, Şimalda da, cənubda da hər kəs çox gözəl bilirdi. Azərbaycanı əyib, sındırıb onu Qarabağdakı separatizmlə barışmağa nə qədər məcbur etmək istəsələr də alınmadı. Çünki bu gün Azərbaycan dövlətinin başında siyasət meydanında hamıdan ağıllı və tədbirli, ağıllı və tədbirli olduğu qədər də qətiyyətli olan, Heydər Əliyev siyasi məktəbinin yetirməsi İlham Əliyev dayanır".

F.Yusifov bir məsələyə də xüsusi yer ayırdı: “Bu ilin sentyabr ayının 19-da başladığımız lokal antiterror əməliyyatlarından sonra Qarabağ torpaqlarımızı öz xoşu ilə tərk edən erməniləri guya bizim oradan zorla çıxardığımızı bəhanə edib, Azərbaycanı etnik təmizləmədə günahlandırmağa çalışanların bütün cəhdləri bir-birinin ardınca fiaskoya uğrayır. Çünki biz torpaqlarımızı öz xoşu ilə tərk edib gedən erməniləri az qala gül-çiçəklə yola salmışıq. Bəli, gül-çiçəklə... 1980-ci ilin sonlarından başlayaraq ermənilər indiki Ermənistan adlı dədə-baba torpaqlarımızdan və Qarabağdan azərbaycanlıları ağıla sığmayan vəhşiliklə, qışın soyuğunda ayağı yalın, başı açıq qovmuşdular. O vaxt onların bir çoxu elə yoldaca həyatlarını itirmişdilər.

Beynəlxalq hüquq indi bütün bunları unudaraq, bizdən erməniləri geri qaytarmağı və onların təhlükəsizliyinə təminat verməyimizi tələb edir. Etsinlər. Bunun qarşılığı eynilə 1980-ci illərin sonlarında Ermənistandan qovulmuş 180 min azərbaycanlının Ermənistana, öz ata-baba yurdlarına qaytarılmasından və onların təhlükəsizliyinə Ermənistan hökumətinin təminat verməsindən keçir. Buyursunlar. Əgər bunu qəbul edərlərsə, qayıdıb gəlsinlər, Qarabağda yaşamağa. Şərtimiz şərtdir! Ermənilər Qarabağa qayıdarlarsa, deməli, bizim dədə-baba torpaqlarının həsrətini çəkən insanlarımız da Ermənistana - Zəngəzura, Dərələyəzə, Göyçə mahalına və azərbaycanlıların vaxtilə kompakt yaşadıqları digər ərazilərə qayıtmalıdır.

Beynəlxalq ictimaiyyət Azərbaycanı qınayır deyirlər. Kimdir beynəlxalq ictimaiyyət? Prezident İlham Əliyevin dediyi kimi, məgər beynəlxalq ictimaiyyət 20-30 dövlətdənmi ibarətdir? Dünyada 200 civarında dövlət olduğu halda 20-30 ölkə hansı haqla bu qədər dövlətin adından danışmaq hüququnu mənimsəyir? Bu qalan dövlətlərə hörmətsizlik, onlara sayğısızlıq, beynəlxalq hüququ çeynəmək deməkdir. Böyük güclər tarix boyu kiçik dövlətləri və azsaylı xalqları aşağılamaqla, onları əzib öz istəklərini reallaşdırmaqla məşğul olublar. Görünən budur ki, onlar bu gün də öz üzərinə dünyaya “demokratiya dərsləri” vermək qədər öhdəlik götürsələr də, vaxtilə xalqları əzib istismar etmək və öz tabeliyində saxlamaq kimi xəstəlikdən qurtula bilməyiblər. Belə olmasaydı, onlar bu gün Azərbaycanın haqq işini bu qədər ayaqlar altına almağa cəhd etməzdilər. Böyük güclərin vaxtilə yaratdığı BMT erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edən real addımlar atardı. Atmadı, çünki bu, sahibi-mütləqlərə lazım deyildi. Otuz il ərzində bu qətnamələrin icrası yolunda BMT nə etdi? Heç olmasa, bu qətnamələrin icra edilməməsi üçün Ermənistana hər hansı bir sanksiyaların tətbiqini təklif etdimi? Yox, etmədi! İndi BMT Azərbaycanın üzərinə gəlib onu antiterror əməliyyatı keçirməkdə, etnik təmizləmə aparmaqda günahlandırmağa qalxır. Bütün bunlar Qərbin ikiüzlü və  ikili standartlara söykənən Azərbaycan siyasətinin məhsuludur.

Azərbaycan atdığı bütün addımlarda haqlıdır və onun atdığı addımlarda beynəlxalq hüququn heç bir tələbi pozulmayıb. Bu səbəbdən Fransa və ermənilərə havadarlıq edən bu qəbildən olan bütün digər ölkələr bilməlidilər ki, Azərbaycan dövləti onların bütün haqsız və ədalətsiz basqılarının cavabını verəcək. Biz bilirik ki, bizə qarşı bu basqılar davam edəcək. Çünki bunu edənlərin erməni lobbiləri qarşısında öhdəlikləri var. Ancaq bilsinlər ki, onların bütün basqılarına Azərbaycan məntiqlə və beynəlxalq hüququn tələb etdiyi qaydalar çərçivəsində cavab verəcək. Haqq bizimlədir, deməli güclü olan da bizik. Güclünü yenmək isə mümkün olmur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR