İnsanlara hürriyət, millətlərə istiqlal!

Premyer Liqaya vida edirlər - Uduzsalar, bitdi!

Premyer Liqada qalmaq uğrunda mübarizə aparanların şəxsi duelində “Kəpəz” “Qəbələ” üzərində 2:1 hesabı ilə qələbə qazandı.

Məhz bu qələbədən sonra söhbətin bağlandığını, qəbələlilərin elita ilə vidalaşmaq vaxtının çatdığını deyənlər kifayət qədər olsa da, şəxsən bununla razılaşmırdım.

Fevralın 23-dəki görüşdən 5 gün sonra “Qəbələ” doğma azarkeşləri önündə başı Avropa Liqasında oynayan “Qarabağ”la qarşılaşacaqdı ki, mümkün 1 xal fərqi 6-ya salacaqdı. Alınmadı və 8 xal olduğu kimi də qaldı.

25-ci turda “Kəpəz” Sumqayıt səfərinə yollanırdı. Gəncə təmsilçisinin turnir cədvəlinin ikinci pilləsində qərarlaşan, xüsusən doğma meydandakı oyunlarda inamlı görünən “kimyaçılar”ı “Mehdi Hüseynzadə”də məğlub etməsi əlçatmaz görünürdü.

“Kəpəz” “Sumqayıt”a məğlub olacaq, “Qəbələ”nin “Səbail”lə matçdakı qələbəsi xal fərqini 5-ə “əridəcəkdi”.

Proqnozları alt-üst edən qərb təmsilçisi “Sumqayıt”ı səfər matçında məğlub etməklə “Qəbələ”dən 11 xal uzaqlaşdı, özündən əvvəlki komandalara çatmasına 5 xal qaldı.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv bazar günü öz meydanında “Səbail”i qəbul edəcək. Bax, final oyunu budur. “Qəbələ”nin növbəti məğlubiyyəti söhbətin bağlanması anlamına gələcək. “Qırmızı-qaralar” bayıllılara boyun əysə, xal fərqi 11 qalacaq.

Deməli, çempionatın yerdə qalan 11 turunda “Kəpəz” azı 4 oyunda məğlub olmalı, “Qəbələ” də öz növbəsində bütün duelləri qalib başa vurmalıdır ki, xal fərqi aradan qalxsın, qəbələlilər elitada qalsın. Möcüzə mümkün görünürmü? Əsla!

Odur ki, Tsxadadze ilə sərəncamındakı futbolçular tamaşanın vaxtından əvvəl başa çatmasını istəmirsə, “Səbail”i məğlub etməlidir. Alınmasa, işıqlı gələcəyə ümid etməyə dəyməz.

Martın 3-də baş tutacaq “Qəbələ” – “Səbail” qarşılaşması saat 16:00-da başlayacaq. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR