İnsanlara hürriyət, millətlərə istiqlal!

Pomidor pərisi

 

Yaxud qaldırılmış bəzi məsələlər haqda müəyyən hərflərin yığını

“Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib. Bakı şəhərində mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanıb”. Sitatın sonu.

Bəli. Dəfələrlə yazdığımız kimi, artıq düzəlib hər yarağımız... Bircə güllərin sayı artmalıdır. Həmçinin çiçəklərin. Həqiqətən, gül-çiçək Hacıbala müəllimin dövrünə nisbətdə sanki bir qədər azalmışdır. Heç çoxdandır məşhur “Gül bayramı” da şəhər əhalisinin istifadəsinə verilmir. Nə üçün?

Sözgəlişi, xəbərin məzmunundakı yayğın ifadələr də diqqət çəkir. “Müxtəlif sahələr”, “bir sıra məsələlər”, “konkret tapşırıqlar”... Gəl indi söhbəti tut. Sanki paytaxt üzrə sosial-iqtisadi müşavirədən yox, Zəngəzur dəhlizi üzrə hərbi-kəşfiyyat, operativ qərargah toplantısı, necə deyərlər, xəritə üzərində oyunlardan söhbət gedibdir.

Ancaq mənim paytaxtda gül-çiçək mövzusuna yüngül əlavəm vardır. Təklif edirəm Bakıda adi gül-çiçək yox, məsələn, kartof-pomidorun sayı artırılsın. Yoxsa girirsən bazara, kartof olub 2 manat 20 qəpik. İki kilo kartofun pulu ətirşahdan baha çıxır. Yaxud pomidor 7-8 manata qalxmışdı, indi də çox düşməyibdir, deməli, 1 ədəd orxideya gülünün puluna yalnız 2 kilo bamadur almaq mümkündür. O zaman biz nə üçün Bakı sakinlərini meyvə-tərəvəz bitkiləri ilə təmin etməyək? Onsuz qədimdə kartofu Firəngistanda elə ilk vaxtlar gül bitkisi kimi istifadə ediblər, sonra ac qalanda kökünü yeməyə başlayıblar.

Şəxsən mən Holland qızılgülü yerinə Türkiyə kartofuna baxmağa, Çin yasəməni əvəzinə Zirə pomidoru iyləməyə can-başla hazıram.

Hətta 8 martda, 14 fevralda sevgiliyə kartof, soğan, pomidor-xiyar buketləri hədiyyə etmək ənənəsi yaradılmalıdır. Bu, kənd təsərrüfatımızı inanılmaz inkişaf etdirər. 

Yeri gəlmişkən, bizim parkda işçilər bir ara özləri üçün pomidor, bibər, kartof əkib-becərirdilər, çox yaxşı da təşəbbüs idi. İndi bilmirəm vəziyyət necədir, çünki parkın həmin hissəsini hündür, yaşıl kollarla hasarlayıblar. Yəqin yaman gözlərdən qoruyurlar.

Meyvəsiz küknarların yerinə qoz-fındıq əkmək də məqsədə müvafiqdir. Ümidvaram konkret tapşırıqlar veriləcək.

Ümumiyyətlə, paytaxtımızda aparılan işlər yaxşıdır, dəstəkləyirik. Məsələn, bu yaxında “Yolsuzluq avtomobillərinin yürüşü” keçirildi. Camaat özünün bu tip maşınlarına mindi, Şamaxı-Xızıdan dolanıb qayıtdılar. Azərbaycanda yol yoxdurmu? Var. Bəs bu maşınların yürüşü “COP-29" tədbirlərimizə, atmosferin qorunmasına hansı fayda verə bilər? Axı normal diyarlarda daha az yanacaq yandıran, kiçik qabaritli avtomobillər reklam və təbliğ edilir, bizdə isə şəhərdə "off-road" propaqandası gedir. Yəqin ki, Dubayın təsiridir, ərəblərdə belə maşınları qumda sürmək, tozanaq qopartmaq kimi əyləncə var. (Turistə nəsə göstərməlisən, qədimlik və təbiət sarıdan problemləri var. Tək göydələnlərlə iş aşmır). Lakin Bakıda səhra yoxdur! Deməli, bunu da düzəltmək lazım gələcəkdir.

Eyni zamanda Türkiyədə “yolsuzluq” sözü bizdəki “korrupsiya” əvəzinə işlədilir. Deməli, Bakıda yolsuzluq avtomobili yürüşü keçirənlər incə şəkildə özünütənqid yolunu tutmuşlar. Afərin. Sükanı belə saxlayın. Hərçənd, bir məsələ var ki, qabaqlar bizdə bəzi QHT-lər hesabat hazırlayırdı, nəticədə dünya korrupsiya reytinqində yüksək yerlər tuturduq. İndi həmin QHT-lərin çoxunu bağlamışıq, üzvlərini içəri basmışıq. Nəticədə ola bilər reytinqdə Danimarkanın yerinə keçək. Bu isə bizə yaraşmaz, çünki orada milli əxlaqımıza zidd proseslər gedir. Məsələn, Kopenhagendə körfəzdə çılpaq bir övrət heykəli qoyulubdur, guya su pərisidir. Düzdür, bir ara müsəlman qardaşlarımız pərini hicab və geyimlə təchiz etmişdilər, lakin qısa müddətə - polis gedib açdı.

İndi söz əlaqədar təşkilatlarındır. Yalın görüm Bakı buxtasında əlində kartof tutmuş pəri heykəlini haçan qoyuruq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR