İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Azərbaycana həqarət edən Rusiya kanalları bloklansın”

Rusiya Azərbaycanın Musavat.com, Minval.az, Haqqın.az, Oxu.az saytlarını və bəzi televiziya kanallarını bloklayıb. Buna səbəb isə Azərbaycan KİV-nin Rusiya-Ukrayna müharibəsində RF-nın tərəfini tutmaması, Ukraynanın xeyrinə olan, bu ölkənin rəsmi qurumlarının da açıqlamalarını yaymasıdır. Rusiyada hətta Ukraynanın xəbərlərini yayan televiziya kanallarının yayımı da qadağan olunub.

Lakin məlumdur ki, “Rusiya 24” kimi müxtəlif rus kanalları 2020-ci ilin payızında Azərbaycanın haqq davası haqda daim yalan, qərəzli və böhtan xarakterli məlumat yayırdılar.
Bu günə qədər də o kanallar ölkəmizdə yayımlanır.
İndi isə Rusiyanın rəsmi kanalları, bir çox saytları Azərbaycana qarşı hədyanlar yayır, böhtan xarakterli məlumatlar tirajlayır. Deputat Delyaqinə tribuna verərək, onun dilindən “Azərbaycanı bombalamaq lazımdır” açıqlamasını da səsləndirirlər.
Belə olduğu halda bu cür təbliğat aparan rus telekanallarının Azərbaycanda yayımına məhdudiyyət qoyaqmı? Adekvat addım atıb Rusiya KİV-lərini bloklayaqmı?
Siyasi ekspert Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Rusiya kanallarını bloklamağa tam haqqımız çatır.
“Son günlər Ukrayna ilə yanaşı, Azərbaycan əleyhinə də təbliğatlar başlayıb. Ötən gün Dövlət Dumasının deputatı Rusiyanın dövlət kanalında Azərbaycana qarşı tədbirlərin görülməsinə, hətta bombalanmasına təşviq edirdi. Bu çıxış Azərbaycana qarşı həmlədir. Prezidentlər arasında bəyanatlar imzalanır, sözdə bizi dost dövlət adlandırırlar. Amma son günlər fərqli müşahidələr var. Qarabağdakı fəaliyyətimiz Rusiyanın maraqları ilə uyğunlaşmasa da bu bizim haqlı davamızdır. Biz öz torpaqlarımızda qayda-qanun yaradırıq”.

Onun sözlərinə görə, Azərbaycan sadəcə Ukraynaya humanitar yardım göndərir: “Bu bizim humanistliyimizin göstəricisidir. Bizim tam hüququmuz çatır ki, öz ölkəmizdə Rusiya kanallarını və saytlarının fəaliyyətini dayandıraq. Əgər Rusiya dövləti bizim kanallarımızı bloklayırsa öz ölkəsində bu zaman bizdə adekvat addım atıb onların kanallarını bağlamalıyıq”.

Hüquqşünas Ələsgər Məmmədli isə report.az-a deyib ki, Rusiya dövlətinin maliyyələşdirdiyi təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanda rusdilli təhsil dövlət tərəfindən maliyyələşdirilməməlidir:
“Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən kanallarının Azərbaycanda fəaliyyəti ilə bağlı məsələni bir neçə il öncə Milli Televiziya və Radio Şurasının qərarlarından birini tənqid edərkən demişdim. O zaman şura Rusiyanın 110 kanalının Azərbaycanda kabel televiziyaları ilə yayımını tövsiyə etmişdi. O kanalların böyük əksəriyyəti də Rusiyanın aqressiv və anti-Azərbaycan təbliğatı ilə məşğuldur. İstər "ORT", istər "Rusiya 24" kanalları olsun. Rusiyaya məxsus müxtəlif televiziyalar sistemli şəkildə Azərbaycan həqiqətlərini təhrif edir, erməniləri, işğalçıları və separatçıları dəstəkləyən verilişlər yayır. Təəssüf ki, həmin dövrdə rəsmi qurumlar Azərbaycanın maraqlarına zidd qərar verdilər. Bu tip məsələdə tövsiyə edirdilər ki, bu kanallar, lisenziya alan kabel televiziyalar Rusiya kanallarını yaysınlar. Bu da kifayət qədər ciddi problemdir və faktiki olaraq, Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən məsələlərdən biridir. Çünki Azərbaycanda rusdilli insan çoxdur, nəinki ingiliscə”.

Hüquqşünas hesab edir ki, rusdilli kanallar ölkəmizdə Rusiyayönümlü təbliğatın yayılmasına gətirib çıxarır: “Bununla bağlı əslində gecikmişik. Gərək çoxdan addım atılardı. Əlbəttə, mən informasiya azadlığı anlayışını qəbul edirəm. Peyk və ya internet vasitəsilə kim hansı kanalı istəyir, baxsın. Amma dövlətin lisenziyalaşdırdığı resurslardan istifadə edən yayımçılar bu tip təbliğat resurslarının Azərbaycanda rahat yayımlanmasına imkan verilməməlidir”.
Ə.Məmmədli bildirib ki, bu tip təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də, yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır: “Həm də rusdilli təhsil dövlət tərəfindən maliyyələşdirilməməlidir. Bu, çox ciddi məsələdir və fəsadlarını hələ irəlidə görəcəyik. Adicə Ukraynada baş verən hadisədə bir tərəf Rusiyanın aqressiv siyasətini, digər tərəf Ukraynanın haqlı mübarizəsini dəstəkləyir. Faktiki olaraq rus təbliğatına uyan və onu burada davam etdirən rusdilli, rusca təhsil almış, Rusiya ilə yatıb-qalxan, gündəmi Rusiya ilə izləyən xeyli sayda Azərbaycan vətəndaşı formalaşıb. Burada həm televiziya, həm media resurslarının, həm də təhsilin böyük rolu var”.

Nərminə Aydın, Anar Əhməd
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR