Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp özünü “əsas sülhməramlı” rolunda görməkdən zövq alır və əvvəlki prezidentlərin bacarmadığı razılaşmaları imzalaya biləcəyinə inanır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb.
“O, kiçik ölkələr üçün əsas qərar verən fiqur olmaqdan xoşlanır”, – deyə Ağ evin nümayəndələrindən biri sayta bildirib.
Başqa bir mənbənin sözlərinə görə, Trampın beynəlxalq münaqişələrə diqqəti qismən ABŞ-ın təsir imkanlarından istifadə edərək onları həll edə biləcəyinə inamı ilə bağlıdır. Bu, onun 2024-cü il seçki kampaniyasındakı “Amerika hər şeydən öncə” şüarının xarici böhranlar üzərində daxili məsələlərə üstünlük verən mesajından fərqlənir. “Kampaniya dövründə məhdud informasiya olur, amma Qərb qanadına keçəndə dünyada həqiqətən nə baş verdiyini başa düşürsən”, – deyə vəzifəli şəxs bildirib və Trampın prezident postunda aldığı kəşfiyyat brifinqlərinə işarə edib.
"Politico" yazır ki, Trampın sülh təşəbbüslərinə marağı təkcə geosiyasi hesablamalarla deyil, həm də Nobel sülh mükafatı qazanmaq istəyi ilə bağlıdır. Dünya liderləri də bu maraqdan istifadə edərək Vaşinqtonun dəstəyini almağa çalışırlar. Son vaxtlar imzalanmış bir sıra razılaşmalarda iştirak edən azı altı lider Trampın namizədliyini irəli sürüb və ya dəstəkləyib.
Prezidentin ətrafında olanlar hesab edirlər ki, sürətli sülh razılaşmaları “Amerika hər şeydən öncə” strategiyasına uyğundur — xüsusən də onlar ticarət sazişləri ilə əlaqələndirilə bildikdə. Ağ ev yaxınlarda Ermənistan və Azərbaycanla bağlı nümunəni xatırladıb: həmin sülh sazişi ABŞ üçün iqtisadi faydalarla müşayiət olunub. “Bu sazişlərin hər biri Amerikaya konkret dividendlər gətirib”, – deyə mənbələrdən biri vurğulayıb.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ