Onlayn ictimai-siyasi qəzet
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdəki çıxışında əvvəlcə spikerin və nümayəndə heyətinin üzvlərini son günlərdə həyata keçirdikləri uğurlu səfərlərə görə təbrik edib.
Musavat.com-un xəbərinə görə, o, sədrə xitabən bildirib ki, həm siz, həm Milli Məclisin deputatları bizim xarici siyasətin həyata keçirilməsində xüsusi oynayır:
“Bunu böyük minnətdarlıq hissi ilə qeyd edirəm”.
Müzakirə olunan məsələ - parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi ilə bağlı deputat bunları deyib:
““İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsində qeyd olunur ki, “Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim edir”.
Bizim digər müvafiq dövlət orqanları da Milli Məclisə ya məlumat verirlər, ya da parlament qarşısında çıxış edirlər. Məsələn, Konstitusiyanın 95-ci maddəsinin 20-ci bəndinə görə, bələdiyyələr Milli Məclisdə hesabat verirlər. O zaman da mən söyləmişdim ki, bu, sadəcə olaraq fiziki baxımdan mümkün deyil. Bundan başqa, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi olur. Orada da qanunun 9-cu maddəsində qeyd olunur ki, müvafiq orqan Milli Məclisə illik məruzə təqdim edir. Diqqət yetirdiksə, bir qanunda “məlumat təqdim edir, digərində “məruzə təqdim edir” yazırıq.
Ombudsman haqqında qanunun 14-cü maddəsində qeyd olunur ki, “Ombudsman Milli Məclis qarşısında məruzə ilə çıxış edir”, Hesablama Palatası ilə bağlı qeyd olunur ki, “Hesablama Palatası Milli Məclisə illik hesabat təqdim edir”. Yəni burada qeyd olunduğu kimi, yalnız hesabatlar Milli Məclisdə məruzə olunmalıdırlar. Bu da nəticə doğurmalıdır. Hesabat qeyri-qənaətbəxş hesab olunursa, həmin orqanın başında duran şəxs, yaxud Hesablama Palatasının auditorları düşünürəm ki, istefaya göndərilməlidirlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana bələdiyyələr hesabat verir və biz qanunda yazmışıq ki, əgər onların hesabatını inzibati nəzarəti həyata keçirən orqan qeyri-qənaətbəxş sayarsa, həmin bələdiyyənin buraxılması ilə bağlı Milli Məclisə təqdimat verir. Amma digər hallarda bu nəzərdə tutulmur. Əvvəlcə qanunvericiliyin dili ilə bağlı qeyd edim ki, bütün qanunlarda bu eyni formada yazılmalıdır ki, məruzə ilə çıxış edir, yaxud məlumat verir, məlumat təqdim edir və s. İkincisi, onu diqqətinizə çatdırmaq istəyirəm ki, İnsan alverinə qarşı mübarizə haqqında qanunda qeyd olunub ki, məlumat təqdim edir. Yəni cəmiyyət üçün bundan da təhlükəli cinayətlər var. Məsələn korrupsiyaya, narkotiklərə, kibercinayətkarlığa qarşı mübarizə və sair”.
Qüdrət Həsənquliyev bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul etmişik:
“Amma orada qeyd etməmişik ki, Milli Məclisə hesabat verir. Bir çox hallarda insan alveri də korrupsiya cinayətlərindən doğur. Bu cinayətlər cəmiyyətin əsasını dağıdır və digər cinayətlərə də yol açır. Gender bərabərliyi haqqında qanunda da var ki, Milli Məclisə məlumat təqdim edir. Ona görə də hesab edirəm ki, bunların hamısı qanunlardan çıxarılmalıdır. Buna ehtiyac yoxdur. Sadəcə müvafiq nazirliklər uyğun komitələrdə işgüzar müzakirələr keçirməlidirlər və orada problemlər müzakirə olunmalıdır. Əgər ehtiyac olarsa, müvafiq komitə hansısa məsələni plenar iclasa çıxara bilər”.
Millət vəkili polislə bağlı da fikirlərini bölüşüb:
“Polislə bağlı onu qeyd etmək istəyirəm ki, Azərbaycanda polis sabitliyin qorunmasında müstəsna rol oynayır, cinayətkarlığa qarşı mübarizə aparırlar, onların əməkhaqqı çox azdır, baxmayaraq ki, onlar öz razılıqlarını ifadə edirlər. Hesab edirəm ki, bir çox problemlər ondan qaynaqlanır ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır. Hərbidə olduğu kimi, polis üçün də polis kollecləri yaradılmalıdır, orada iki illik tədris keçirilməlidir. Onlar orada fiziki hazırlıq keçməlidir, testlə ora qəbul olmalıdırlar ki, onların qavraması olsun. Misal üçün, deyilə bilər ki, polis nəfəri işə götürüləndən sonra hazırlıq kurslarına göndərilir. Amma onun qavraması aşağıdırsa, onlar mənimsəyə bilməyəcəklər. Nə öz hüquq və vəzifələrini öyrənə biləcəklər, nə də vətəndaşların. Ona görə də hesab edirəm ki, müvafiq komitədə bu istiqamətdə dinləmə keçilsə, yaxşı olar”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ