İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğlu “qayıtdı”, 80 il səhnədə - Yubiley REPORTAJI

Hər yubileyini eyni cümlə ilə qeyd edirdi: “Gün o gün olsun ki, ad günümü Qarabağda, Şuşada, bütöv Azərbaycanda keçirim”. Nəhayət, 80 yaşında bu arzusuna çatdı Polad Bülbüloğlu. Fevralın 4-də sənətkarın 80 yaşı tamam oldu.

Sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Azərbaycan Respublikası Milli Məclisinin I və VII çağırış deputatı, TÜRKSOY-un sədri, Azərbaycan, Türkmənistan, Özbəkistan və Dağıstanın xalq artisti Polad Bülbüloğlu Bakının ən böyük konsert salonu - Heydər Əliyev Sarayında pərəstişkarlarını bir araya topladı. Keçmiş və indiki nazirlər, deputatlar, yazıçılar, şairlər, tanınmış ictimai-siyasi xadimlər və yüzlərlə pərəstişkarı sənətkarı 80 illik yubiley konsertində yalnız qoymadı. 

Konsertin adı “Qayıdış” idi, bununla da sənətkar bir növ azərbaycanlı tamaşaçılara “Mən Bakı səhnəsinə qayıtdım” mesajı verdi. Hərçənd, demək olar ki, bütün diplomatik statuslara - nazir, səfir, deputat və s. malik olmasına baxmayaraq, o, heç zaman səhnədən, musiqidən vaz keçməmişdi.   

Tamaşaçıları salamlayan Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib:

“80 yaş 80 yaşdır... Gələcəyin necə olacağını heç kim bilir, amma mən çox xoşbəxtəm ki, biz bir yerdəyik. İlk növbədə Cənab Prezidentə təşəkkür edirəm. Mən dövlətimizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişəm. Hər bir mükafat mənim üçün əzizdir. Bir daha təşəkkür edirəm”.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə prezident Vladimir Putinin, baş nazir və bir sıra hökumət üzvünün təbriklərini çatdırıb.

Yubiley gecəsinin proqramı kifayət qədər zəngin tərtib olunmuşdu. Konsertdə Polad Bülbüloğlunun öz bəstəsi olan nəğmələr, xalq mahnıları, Üzeyir Hacıbəyli, Fərhad Bədəlbəylinin əsərləri səsləndi.

Yubilyar dinləyiciləri “Şən Azərbaycan”la salamladı, ardınca “Bakı haqqında mahnı”nı oxudu. Xalq şairi Fikrət Qocanı xatırladı və onun sözlərinə yazılmış ən sevimli nəğmələri - “Mavi gözündə”, “Bir baxmısan, bir də bax”, “Toydan sonra düzələr”i səsləndirdi.

Gecə boyu Polad Bülbüloğlunu Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi müşayiət etdi. 

80 yaşlı sənətkar illərdir dəyişməyən səsi ilə dinləyiciləri sözün əsl mənasında valeh etdi. Polad Bülbüloğlu demək olar ki, bütün nəsillərin sevimli ifaçısıdır. Müstəqillikdən öncəki illərin nostaljisini yaşayanlarla yanaşı, nisbətən gənc nəsil də konsert boyu səslənən mahnıları əzbərdən oxudu.

80 yaşlı sənətkar yubiley gecəsində səhnədə övladları və nəvələri ilə də çıxış etdi.

Konsertdə Polad Bülbüloğlunun bəstələrini təkcə özü yox, sənət yoldaşları da ifa etdi. Əməkdar artist Ramil Qasımov “Gözlə məni”, Əməkdar artist İnarə Babayeva “Hicran”ı oxudu. Xalq artisti Samir Cəfərov isə “Nolaydı” xalq mahnısını səsləndirdi.

Polad Bülbüloğlu həm də klassik bəstəkarlıq nümunələrinin müəllifidir. Ötən gecə Heydər Əliyev Sarayının səhnəsində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin solisti Samir Səmədov onun “Eşq və ölüm” baletindən fraqmenti təqdim etdi.

Yubilyarı təbrik üçün Rusiyadan və Özbəkistandan qonaqlar gəlmişdi. Xalq artisti Yusif Eyvazovun ifasında səslənən “Skaji qlazam tvoim” mahnısı gecənin ən yaddaqalan ifalarından biri oldu. Azərbaycanın və Özbəkistanın Xalq artisi Fərrux Zakirov da yubilyarı ifası ilə təbrik edib.

Gecədə Polad Bülbüloğlu Əməkdar artist Nərgiz Kərimova ilə birgə “Sevgi baxışları” nı duet şəklində ifa edib.

72 illik dostu, xalq artisti Fərhad Bədəlbəyli isə Polad Bülbüloğlunu möhtəşəm əsərlərindən biri olan “Ave Maria”nı ifa edərkən fortepianoda müşayiət edib.

80 illik yubiley gecəsində Polad Bülbüloğlu atası Bülbülünün repertuarına da müraciət etdi. Xalq artisti Murad Adıgözəlzadənin müşayiəti ilə “Sevgili canan”ı səsləndirdi. Özünün də dediyi kimi, bir qədər tərəddüd etsə də, tamaşaçının alqış selini gördükdən sonra “yaxşı ki, ifa etdim” dedi.

Moskvadan təşrif buyuran daha bir qonaq, Xalq artisti Elçin Əzizov isə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Liderin ürəyi” nəğməsini oxudu.  

Gecə “Qarabağım”, “Gəl, ey səhər” nəğmələri ilə davam etdi və Xanım İsmayılqızının sözlərinə yazılmış “Odlar yurdum” mahnısı ilə bitdi.

Konsertdə sənətkarı həmçinin Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etdi. Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyev idi.

Gecənin sürpriz sonluğu isə Polad Bülbüloğlunun ənənəyə sadiq qalaraq Fərhad Bədəlbəyli ilə rəqs etməsi oldu.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR