Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə maraqlı fikirlər səsləndirib. M.Pezeşkian İranın ikili münasibətlər zamanı yaranan bir sıra anlaşılmaz məqamlarla bağlı səhv buraxdığını etiraf edib.
“Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim bəzi səhvlərimiz olub”, - deyə İran lideri bildirib.
Məsud Pezeşkian deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur.
“Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz Azərbaycanla daha yaxın olmalıyıq. Biz Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”.
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirdi ki, Azərbaycan-İran münasibətlərinin normallaşması hər iki tərəfin maraqlarına cavab verir.
Partiya sədri qeyd edib ki, Azərbaycanın düşməni işğal faktı, vəhşiliklər, cinayətlər törədən Ermənistandır:
“Hesab edirəm ki, Ermənistanla münasibətlərimiz düzəlməz, düzəlməsinə də ehtiyac yoxdur çünki münasibətlər normallaşsa, yenə də arxadan zərbə vuracaqlar. İranla isə münasibətlər normallaşmalıdır. İranda 30-40 milyon soydaşımız yaşayır. İranın prezidenti etnik azərbaycanlıdır. Düşünürəm ki, proses yenidən öz məcrasına qayıdır, İranın Azərbaycan mahiyyəti özünə qayıdır. Dini lider də, prezident də azərbaycanlıdır. Bəzən deyirlər ki, İranda önəmli vəzifə tutan hər kəs hökumətə xidmət edir. Amma fikrimcə, hər bir məsələ önəmlidir. İnsan harada yaşayır-yaşasın, özünün kökünə, əcdadına bağlıdır. Biz 200 ilə yaxın çar və sovet dövründə yaşadıq. Hər kəs öz dilindən, dinindən uzaqlaşmış kimi görünürdü. Sonradan məlum oldu ki, bu belə deyilmiş. İranda da həmçinin, azərbaycanlıların milli hissini öldürmək mümkün deyil. Azərbaycan türkləri bir çox sahədə çox yüksək mövqe tutublar. Pezeşkianın hakimiyyətə gəlməsi prosesin nəticəsi idi. Müəyyən islahatlara ehtiyac olduğunu hər kəs başa düşür. İranda prezident institutunun rolu getdikcə qalxır. Pezeşkianın açıqlamaları da bunu sübut edir, dövlətin adından tam şəkildə mövqe ortaya qoyur, Azərbaycanla münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bildirir”.
A.Nağı qeyd edib ki, İranın həm daxilində, həm də xaricdə Azərbaycanla münasibətlərə mane olmağa çalışanlar çoxdur:
“Rusiya, Qərb Azərbaycanla İran arasında daim qarşıdurma olmasına çalışırlar ki, bundan istifadə etsinlər. Hesab edirəm ki, Pezeşkian açıqlamasında düşmənlər deyərkən onları nəzərdə tutur. İranın daxilində də Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışanlar az deyil. İranlı deputatlar, alimlər, din xadimləri ilə görüşlərimiz olub. Müxtəlif cərəyanlar, müxtəlif xətlər var ki, heç bir halda Azərbaycanla münasibətlərin düzəlməsini istəmirlər. Bəzilərinin mövqeyi şəxsidir, bəziləri isə kənardan idarə olunurlar. Hesab edirəm ki, Pezeşkian İranın daxilində bu xəttə mane olmaq istəyən düşmənlərin daha çox olacağını anlamalıdır və onları zərərsizləşdirməyin yolunu düşünməlidir. Bəzi ittihamlar səsləndirilir ki, Azərbaycan kiminsə platformasına çevrilir. Azərbaycan heç zaman heç kimin platforması olmayıb. Ən ağır zamanlarda belə Azərbaycan obyektiv mövqeyini ortaya qoyub. ABŞ Azərbaycan ərazisindən İrana zərbə vurmaq üçün istifadə etmək istəyirdi. Lakin ölkəmiz bununla bağlı sərt mövqe bildirdi. Bu baxımdan Pezeşkian daxili düşmənləri susdurmaq üçün müəyyən addımlar atmalıdır. Azərbaycan hər zaman İranla münasibətlərin xoş olmasını istəyir. Əgər Pezeşkian bununla bağlı ciddi şəkildə proses başladıbsa, hesab edirik ki, nəticə müsbət olacaq”.
Nigar Həsənli,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ