Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi (DMTK) Oş şəhərində yerləşən “Rus Evi”nin əməkdaşı Natalya Sekerinanı saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Azattyk Radiosu” məlumat yayıb.
Bişkekin Pervomaysk rayon məhkəməsi 19 aprel tarixində Sekerinanın istintaq müddətində, yəni 17 iyuna qədər həbsdə qalması barədə qərar verib.
“Azattyk Radiosu”nun istinad etdiyi məhkəmə sənədində bildirilir ki, DMTK-nın Baş İstintaq İdarəsi Natalya Sekerinaya xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək üçün muzdlular toplamaq maddəsi üzrə ittiham irəli sürüb.
“Nastoyashchee Vremya” nəşrinin ehtimalına görə, söhbət Rusiya ordusu üçün muzdluların toplanmasından gedir.
Bu iş üzrə 4 nəfər saxlanılıb. Onlardan biri Oş şəhər meri aparatının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkindir. Digər iki şəxsin kimliyi açıqlanmayıb.
Bundan əvvəl Qırğızıstanda Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfdə döyüşmüş 3 şəxs mühakimə olunub. Onlardan biri olan Askar Kubanıçbek oğlu Qırğızıstanda 7 il azadlıqdan məhrum edilmiş, lakin Rusiyaya qaçaraq Müdafiə Nazirliyi ilə yeni müqavilə bağlamışdı. Hazırda onun bu istintaq işi ilə əlaqəsinin olub-olmadığı məlum deyil.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ