İnsanlara hürriyət, millətlərə istiqlal!

Petrov ehtiyacı

Rusiyada Stanislav Petrov adlı bir nəfər yaşayırdı. 2017-ci ildə 77 yaşında öldü. Petrovun kimliyi bütün dünyaya ilk dəfə 1991-ci ildə məlum olmuşdu. SSRİ dağılandan sonra, məxfi sənədlər açılanda. Ondan sonra Petrov haqda çoxlu yazılar, kitablar yazıldı, filmlər çəkildi, şərəfinə mahnılar qoşuldu. Bu adam “1983-cü il dünya nüvə böhranını önləmiş şəxs” kimi tarixə düşüb. 

Petrovun hərəkətini qısaca nəql etsək, o, 1983-cü ildə SSRİ-nin kosmik raketlərin startını, uçuşunu görən mərkəzində əməliyyat növbətçisi imiş. 26 sentyabr gecəsi podpolkovnik Petrov ekranda görür ki, ABŞ-ın - SSRİ-nin əsas rəqib və düşməninin nüvə bazalarının birindən çoxlu ballistik raketlər havaya qalxaraq SSRİ-yə doğru uçur. Əgər bu həqiqətən belə idisə, SSRİ cavab zərbələri ilə ABŞ-ı vurmalıydı. Təlimat bu cür yazılmışdı. Nüvə müharibəsinin başlanması bir neçə saniyənin işi imiş. Lakin Petrov müəyyən analiz aparır və avadanlığın səhv etdiyi qərarına gəlir. Nəticə məlumdur - biz hamımız yaşamaqdayıq. 

Əlbəttə, bəzi mütəxəssislər Petrovun nüvə savaşını önləməsi əhvalatının müəyyən dərəcədə şişirdildiyi qənaətindədir. Deyirlər lap o cavab atışı qərarı versəydi də növbəti eşelonlarda, “nüvə düyməsini sıxan başqa adam(lar)” tərəddüd edə bilərdi. Ancaq hər halda, dünyanın taleyi bir tükdən asılıdır - Petrovun əhvalatı bu baxımdan, ibrətamiz pritça kimi bütün Qərbdə məşhurdur. 

Niyə mən Şərqin adını çəkmədim, çünki SSRİ-nin nüvə mirasının hazırkı yiyəsi Rusiya Federasiyasında sanki nüvə savaşının nəticələri kimsənin vecinə deyil. Orada bir qrup manyak var, əllərindəki nüvə bombaları ilə bütün planetə şantaj yapırlar. “Ukraynanı bizə verməlisiniz, yoxsa hamını partladarıq” - iki ildir şimal qonşumuzun devizi budur. 

Partlada bilərlərmi? Navalnının öldürülməsindən sonra deyəsən, buna heç kim şübhə eləmir. Rusiya üçün heç bir qırmızı xətt, müqəddəs dəyərlər, humanizm prinsipləri yoxdur. Prinsipcə, bu, tarixən belə olub. Rus ədəbiyyatında Pavel Smerdyakov (ata qatili, sinik-nihilist tip - Dostoyevskinin “Karamazov qardaşları” romanında qeyri-qanuni nikahdan törəmə obraz), İppolit Terentyev (yenə Dostoyevskinin, bu dəfə “İdiot” romanının qəhrəmanı) kimi obrazlar havadan yaranmayıb ki? 

İppolit xüsusilə maraqlıdır. Onun gəldiyi qənaət belədir ki, dünyada hamı bir-birinə əzab vermək üçün yaradılıb, Allah yoxdur və deməli, ölümsüzlük də yoxdur, o zaman istənilən murdar hərəkətə və cinayətə icazə var. Rusiyanın keçmiş prezidenti Medvedyevə və dəli filosofu Duqinə baxın, onlarda İppolit müəllimdən çoxlu cizgilər görərsiniz. 

Ümumiyyətlə, biz guya elmi-texniki inqilab etmişik, ancaq bir saniyənin içində daş dövrünə qayıtmaq ehtimalı var. 90-cı illərdə belə bir yarıməzəli əhvalat olmuşdu: axşam saatlarında AzTV-nin ekranları qəfil sönmüşdü. 1 saat fasilədən sonra televiziya təzədən çalışmağa başlayanda xalqa məlumat verilmişdi ki, sən demə, Patamdart tərəfdə teleqülləni studiya ilə birləşdirən yeraltı kabeli hansısa ekskavatorçu qazıb, qoparıb. Bugünlərdə dünya internetində problem yarandı, Meta şirkətinin, Google-nin işində fasilələr oldu. Dəqiq səbəblər hələ məlum olmasa da, bəzi versiyalara görə, bu qlobal internet çöküşünün səbəbkarı... Yəməndəki husi qəbilələridir. Qırmızı dənizin altından keçən internet kabellərini partladıblar. Bu husilər mənə həmin başabəla ekskavatorçumuzu xatırlatmışdı.

İlk baxışdan çalmalı, qara-qura, bisavad, fanatik, radikal tiplər təsiri bağışlayırlar, ancaq dünya internetinin taleyi bunlardan asılıymış. 

Belə çıxır bizim “Petrovlara” həmişə ehtiyacımız olacaq.    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR