Onlayn ictimai-siyasi qəzet
“Böyük iyirmilərin” (G20) xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən görüşündə iştirak edən Çinin xarici işlər naziri Van Yi çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini bildirib. “ABŞ-la Rusiya arasında əldə olunan konsensusu dəstəkləyirik”, — deyən Van Yi, bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirləri burada da təkrarlayıb: “Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidirlər”. Bununla da Çin Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək niyyətini ortaya qoyub.
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev danışıb.
Politoloq qeyd edib ki, bununla belə, hazırda rəsmi Pekin bu barədə açıq tələb irəli sürmür:
"Çinin əsas hədəfi Rusiya-ABŞ ittifaqına mane olmaqdır. Çin və ABŞ arasında Avropa bazarlarında güclü rəqabət gedir. Rəsmi Pekin ixrac etdiyi mallara yardım paketi tətbiq edərək ABŞ qarşısında mövqeyini gücləndirib. Çinə Avropaya çıxış imkanı verən ölkə isə məhz Rusiyadır. Donald Trampın Rusiyanı razı salması Çini çətin vəziyyətə sala bilər. Buna görə də Pekin prosesi qabaqlamaq istəyir. Çin son zamanlar Ukraynaya dəstəyi artırıb. ABŞ-Rusiya təması Pekində diqqətlə izlənilir və Ukraynaya dəstəyin miqdarı da buna uyğun müəyyən edilir. Rusiya isə bunu görür və Çini narazı salmamağa çalışır. Ölkə prezidenti Vladimir Putin, Çinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanında keçirilən danışıqlar barədə Çin lideri Si Cinpini telefonla məlumatlandırıb.
Zeynal Əmrəliyev
Çinin Rusiyanın Şərq bölgəsində geniş investisiyaları var. Həmçinin Çin Rusiyaya əlavə sərmayə yatırmağı da nəzərdən keçirir. Rusiya üçün indiki dövrdə bunu itirmək çox çətindir. Ancaq Ukrayna məsələsində ABŞ-ın Rusiyaya vəd etdiyi güzəştlər Moskvanı müəyyən qədər şirnikləndirir. Çin rəhbərliyi hələ ki, hadisələrə birbaşa müdaxilə etmir, sadəcə Ukraynaya müəyyən dəstək göstərir. Əgər vəziyyət istədiyi kimi cərəyan etməsə, Çin bəzi məsələlərdə Rusiyaya təzyiq etməyə başlayacaq. İlk növbədə, Rusiyadakı Çin sərmayələri ciddi təhlükə ilə üzləşə bilər — xüsusilə Sibir və Ural kimi çətin bölgələrdə.
Digər tərəfdən, Çin Ukraynanın himayədarlığını öz üzərinə götürə bilər. Vaxtaşırı Çin və Ukrayna arasında müttəfiqlik müqaviləsinin imzalanması ilə bağlı fikirlər səsləndirilib. Artıq Çin Ukraynanın yenidən qurulmasında əsas söz sahibi olmaq üçün Kiyevin razılığını alıb. Ukraynada möhkəmlənmək Çinə həm Rusiyaya təzyiq imkanı, həm də Avropa bazarlarına daha geniş çıxış fürsəti verəcək".
Xalidə Gəray
Musavat.com
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ