Onlayn ictimai-siyasi qəzet
Son dövrlər sənədi olmayan mənzillərdə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına başlanılıb. Məlumata görə, artıq on minlərlə insan qeydiyyatdan çıxarılıb.
Qeyd edək ki, polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur. Şəxs qeydiyyata düşənədək onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, şəxs bir neçə formada qeydiyyata alına bilər. Həmin şəxslərdən mənzili olanlar evin rəsmi sənədləri əsasında (çıxarış) və ya mənzili olan qohumların evində qeydiyyata düşməklə qeydiyyat problemlərini həll edə bilərlər.
Vətəndaşlar deyir ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər hansı problemlə üzləşmirdilər. Konstitusiya Məhkəməsi bunu həll etmişdi. Ünvanı olmayanları polis bölmələrində qeydə alırdılar. Məsələnin hüquqi yolu budur ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3-cü maddəsinə əlavə etsinlər ki, vətəndaşın konkret yaşadığı yer yoxdursa, bu məlumat qeyd olunmur.
Yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması o insanlar havada qalması deməkdir. Qeydiyyatdan çıxarıldıqdan sonra şəxsiyyət vəsiqəsinin etibarsızlaşması isə daha ciddi problemdir. Şəxsiyyəti təsdiq edən sənədin etibarsız sayılması faktiki olaraq o insanı sıxıntıya salmaq deməkdir. Paytaxtda faktiki yaşayan minlərlə insan var ki, onlar evlərinin sənədi olmadığından daimi qeydiyyata düşə bilmirlər.
Fazil Mustafa
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, polisin bu addımı hüququ cəhətdən doğru addımdır: “Çünki hər hansı mülkiyyətdə qeydiyyatda olmayan şəxsin Bakı şəhərində yaşaması müəyyən problemlər, çətinliklər yaradır. Bu həm də regionlara qayıdış məsələsi ilə bağlı problemin həlli istiqamətində seçilən inzibati metoddur.
Lakin burada inzibati metod önəmli deyil, burada ilk növbədə stimullaşdırıcı metod tətbiq etmək lazımdır. Yəni regionda iş yeri açmalısan, yaşayış şəraiti yaratmalısan ki, vətəndaş ora qayıtsın. Əgər bu yaşayış şəraiti yoxdursa insanları necə bu formada məcbur etmək olar ki, geri qayıtsın. Vətəndaşın bu formada geri qayıtmasının hər hansı faydası varmı, ümumi işin gedişinə müsbət təsir göstərəcəkmi? Hesab edirəm ki, xeyr, müsbət təsir göstərməyəcək, bu baxımdan, birlikdə dövlət proqramı həyata keçirilməlidir.
Lazım gələrsə, polisin inzibati binasında qeydiyyatdan çıxarılma tətbiq oluna bilər, amma birinci növbədə yaşayış şəraiti olduqları halda Bakıya axışıb gələn və burada hər hansı bir işlə məşğul olmayan, öz yerlərində daha çox fayda verə bilən vətəndaşlara nəzər salınmalıdır. Təəssüf ki, biz bunları müşahidə etmirik və bu, gələcəkdə müəyyən sosial narazılığın yaranmasına səbəb ola bilər. Sosial narazılığın bu qədər geniş yayılmasına icazə vermək olmaz".
“Artıq iki ildir ki, bu məsələ yekunlaşıb. Yəni polisə aid inzibati binada qeydiyyatda olan vətəndaşların çıxarılması prosesi başa çatıb”.
Nurlan Əliyev
Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirib. Qurum əməkdaşı qeyd edib ki, qaydalara əsasən əgər vətəndaşın yaşadığı mənzilin müvafiq sənədi yoxdursa, şəxs həmin ünvanda qeydiyyata düşə bilmir, belə olan halda vətəndaşa tövsiyə olunur ki, öz yaxın qohumlarının evinə qeydiyyata düşsün: “Yəni polisə aid inzibati binalarda qeydiyyatda olmaq prosesi artıq ləğv olunub, burada qeydiyyata düşmək olmur. Çünki 2000-ci illərin əvvəllərində Bakıda evlərin çoxunun sənədi yox idi, onlara qeydiyyata düşə bilmirdi. Ona görə də bu prosesin qarşısını almaq üçün vətəndaşlar polisə aid olan inzibati binaya qeydiyyata düşürdü. Lakin apardığımız müşahidələr onu göstərdi ki, bəzi vətəndaşların artıq evləri və evlərinin müvafiq sənədləri var, amma hər hansı bir səbəbdən polisə aid inzibati binada qeydiyyatdan çıxmaq istəmirlər. Bununla da pərakəndəlik yaranırdı. Məsələn, tutaq ki, vətəndaş Sabunçu rayonunda polisə aid inzibati binada qeydiyyatdadır, amma paytaxtın digər rayonunda ev alır və evinin müvafiq sənədi olduğu halda orada qeydiyyata düşmək istəmir. Vətəndaşı axtaranda, müvafiq dövlət qurumları tərəfindən, məsələn, evlənmə, boşanma, təhsil və sairə məsələlərlə bağlı sorğular daxil olanda onu polisə aid inzibati binada axtarırdılar və şəxsi tapmaqda çətinlik yaranırdı. Bu səbəbdən polisə aid olan inzibati binalardan vətəndaşlar qeydiyyatdan çıxarılıb və tövsiyə olunub ki, yaxın qohumların evlərinə qeydiyyata düşsünlər”.
“Əgər şəxsin qohumu yoxdursa, onun qeydiyyata düşməsi məsələsi necə tənzimlənir?” sualımıza qurum əməkdaşı bu cür cavab verdi: “Əgər hər hansı bir səbəbdən vətəndaşın, ümumiyyətlə, qohumu, yaşadığı yerin müvafiq sənədi yoxdur, qeydiyyata düşə bilmirsə, bu zaman vətəndaş məhkəməyə müraciət edir və araşdırma nəticəsində həmin məsələyə baxılır ki, həqiqətən həmin şəxsin doğrudan da yaxın qohumları yoxdur və onların yaşadıqları binaların müvafiq sənədi yoxdursa, bu zaman müvafiq tədbir görülür. Yəni heç bir vətəndaş qeydiyyatsız qalmır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ